Radikal müxalifət düşərgəsində partiyaların ayrı-ayrılıqda yaratdıqları "birliklər"in sayı artmaqda davam edir. Lakin həmin "birliklərin" məqsədləri düşərgəni birləşdirməkdən çox parçalamağa doğru istiqamətləndirir. Daha dəqiq desək, şəxsi mənafelərini təmin edən bu cür qurumlar siyasi fərdlərin dividendi xatirinə cəhd göstərdikləri məlum olur.
Buna misal kimi Müsavat başqanı İsa Qəmbərovun və AXCP (i) sədri Əli Kərimovun inhisarında olan "İctimai Palata"nı, "ACP" lideri Rəsul Quliyevin "Müqavimət Hərəkatı"nı və digər "birlik"ləri - "ANİF"-i, "Ziyalılar Forumu"nu, "Qarabağ" blokunu və başqalarını göstərmək mümkündür. Maraqlısı da odur ki, onların hər biri müxalifəti guya birləşdirməyə görə təsis olunduqlarını iddia edirlər. Amma faktlar bunu təsdiqləmir.
Bu günlərdə "KXCP" sədri Mirmahmud Fəttayev də bir neçə kiçik partiyanı inhisarına almaq məqsədilə bu cür "ideya" ilə çıxış edib. O, "Aydınlar", "ACP", ALDP, "Azadlıq" partiyalarının sədrlərini, eləcə də, "Vətəndaş Hərəkatı Forumu"nun təmsilçilərini öz qərargahına toplayaraq, bu cür lüzumsuz ideya ilə çıxış edib. M.Fəttayev hətta təsis etmək istədiyi qondarma quruma ad da fikirləşib: "Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı". Ən maraqlı məqamlardan biri də ondan ibarətdir ki, orada təmsil olunan partiyaların hər biri yuxarıda adları çəkilən qurumlarda təmsil olunurlar. Bu isə, onu deməyə əsas verir ki, əslində, baş verənlər radikal düşərgənin daha dərindən parçalanmasına xidmət edir. M.Fəttayev isə bu prosesi, necə deyərlər, sürətləndirir.
Yanvarın 12-də ilk iclasının keçirəcək "Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı" "İctimai Palata"ya da tövsiyə edib ki, gəlib onlara birləşsinlər. Bunun üçün həm "palataya", həm də digər adları çəkilən "birliklər"ə və bloklara məktublar ünvanlanıb. Məktublarda bildirilib ki, onlar öz fəaliyyətlərini məhz bu "hərəkatda" davam etdirməklə nəyəsə nail olmaq imkanını əldə edə bilərlər.
Lakin M.Fəttayevin alternativ qurum yaratması həm "İctimai Palata"nın, həm də digər bu kimi təşkilatların marağına səbəb olmayıb. Çünki onların şəxsi maraqları məhz bu mövqedə kəsişir. Belə ki, heç də inandırıcı görünmür ki, İsa Qəmbərov, Əli Kərimov və başqaları gedib M.Fəttayevin qanadları altına sığınsınlar. Çünki hələ köhnə zamanlardan onların arasında ədavətlər mövcuddur. Bu ədavətlərin nəticəsidir ki, hazırda ayrı-ayrılıqda fəaliyyət göstərirlər. Həmçinin, daha bir məsələ ondan ibarətdir ki, həmin qurumlarda müxtəlif müxalifət partiyalarının sıravi təmsilçiləri mövcuddur. Onlar öz sədrlərinə etiraz əlaməti olaraq, gedib başqa siyasi qurumlara üzv yazılırlar. Əgər bunu da nəzərə alsaq, yaxın ərəfələrdə radikal müxalifət düşərgəsində ciddi partlayışın baş verəcəyinin şahidinə çevriləcəyik. Bu partlayış isə, bütövlükdə, düşərgənin süqutu ilə nəticələnən hadisə olacaq. Görünür, M.Fəttayev şəxsi ambisiyaları uğrunda müxalifətin yox olacağını nəzərindən qaçırıb. Ancaq bütün hallarda radikal müxalifətin yox olma zamanı çoxdan çatıb. Qalıb sadəcə bunun reallaşması ki, onu da "KXCP" sədri "Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı" ilə həyata keçirir.
Rəfiqə Hüseynova