Yanvarın 8-də "İctimai Palata"nın koordinasiya şurasına keçirilmiş seçkilər bir daha sübut etdi ki, bu qurumda yaşanan qalmaqalı olayların hər birinin arxasında ciddi rəqabət deyil, düşmənçilik dayanıb. Əslində, bu cür qarşıdurmanın mövcudluğu özünü çoxdan bəlli edib. Yəni istənilən vəziyyətdə "palata" rəhbərliyində cüzi qədər də olsa ümumi razılaşmalar əldə edilmir. Bunun da kökündə tarixi düşmənçiliyə yönəlmiş tendensiyalar dayanır.
Müxalifətdaxili seçkilərdə davam edən düşmənçilik
Daha dəqiq desək təkcə AXCP (i) sədri Əli Kərimovun koordinasiya şurasına keçirilən seçkilərdə səs etibarı ilə sıravi müxalifətçilərə uduzması burada hər şeyi gün kimi aydın edir. Bunun isə Ə.Kərimova qarşı həyata keçirilən biabırçılığın arxasında Müsavat partiyasının başqanı İsa Qəmbərovun durması şübhəsizdir. Çünki bu günə qədər bir dəfə də olsun hər iki partiya rəhbəri arasında qarşılıqlı şəraiti olmayıb. Ölkədə keçirilən parlament və prezident seçkilərindəki münasibətlərindən tutmuş, müxalifətdaxili "birliklərdəki" davranışlarına qədər bir-birilərinə qənim kəsilən Ə.Kərimov-İ.Qəmbərov cütlüyü bu dəfə hətta müxalifətdaxili qondarma seçkilərdə də yola getmədi. Yuxarıda qeyd etdiyimiz kimi, "İctimai Palata"nın koordinasiya şurasının yeni tərkibi artıq müəyyən olunub. Bu tərkib 17 nəfərdən ibarətdir. Və Ə.Kərimov onların hər birisindən arxada qalıb. Belə ki, Ədalət Yusibov, Aqil Səmədbəyli, Leyla Əliyeva, Vidadi Mirkamal, Zəfər Quliyev və İbrahim İbrahimli AXCP (i) sədrini böyük səs çoxluğu ilə qabaqlayaraq, onun onsuz da düşük "reputasiyasını" heçə endiriblər.
Məğlubiyyət - Əli Kərimovun alnına yazılmış qara ləkə
Faktlar isə sübut edir ki, müxalifət düşərgəsində Ə.Kərimov "erasına" son qoyulub. Düzdür, hazırda Ə.Kərimov baş verən reallıqlara hər zamankı kimi özü tərəfindən müxtəlif aldadıcı don geyindirməyə cəhd göstərsə də, bunu başqa hər hansı hadisə ilə eyniləşdirmək mümkün deyil. Yəni kor-kor, gör-gördür. Məğlubiyyət Ə.Kərimovun alnına yazılmış qara ləkədir.
R.RƏSULOV