PDF Oxu

Müxalifət

  • 8

Azərbaycan diasporu və dünya mətbuatının Fransa parlamentinin qərarına etirazı

Azərbaycan diasporu və dünya mətbuatının Fransa parlamentinin qərarına etirazı

Küveytdə fəaliyyət göstərən "VətənSevər" Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyəti Fransa parlamentinin qondarma "erməni soyqırımı" iddialarının inkarına görə cinayət məsuliyyəti müəyyən edən qərarına etirazını bildirmişdir. Diasporla İş üzrə Dövlət Komitəsindən aldığımız məlumata görə, "VətənSevər" Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin sədri Könül Hacızadə təşkilat üzvlərinin, Türkiyə türkləri və Küveyt vətəndaşlarının imzası ilə Fransa parlamentinin qərarına qarşı yazılı bir imza toplayaraq, etirazlarını bəyan etdiklərini bildirmişdir.

Cəmiyyət sədri Fransa parlamentinin bu qərarı geri götürməyəcəyi təqdirdə, etirazlarını daha geniş şəkildə davam etdirəcəklərini vurğulamışdır:"Fransa parlamenti Ermənistanın Qarabağ və Xocalıda törətdiyi soyqırıma diqqət ayırmaqdansa, orada yaşanan insanlıq faciəsinə göz yumur. Olmayan tarixi hadisəni qanunlaşdırıb, insan hüquqlarını kobud şəkildə pozmaqla məşğuldur".

İsveçdəki Azərbaycan və türk diasporları da qondarma erməni soyqırımı iddialarına qarşı birgə mübarizə aparacaqlar. Komitənin məlumatında göstərilir ki, İsveç Azərbaycanlıları Konqresinin (İAK) nümayəndələri türk diasporunun Stokholmda keçirilmiş toplantısında iştirak etmişlər. Toplantıda Azərbaycan və türk diasporlarının Avropa parlamentlərində qondarma "erməni soyqırımı"na qarşı birgə mübarizə aparmaları məsələsi əsas müzakirə mövzusu olmuşdur.

İAK sədri Emil Mirzəyev qeyd etmişdir ki, iki diaspor arasında əməkdaşlığın genişləndirilməsi Avropa ölkələrində 1915-ci il hadisələri ilə bağlı ermənilərin yalan məlumatlar yaymasının qarşısının alınmasına təkan verəcəkdir. İsveç Krallığında dərc olunan "Svenska Dagbladet" qəzetində isə Fransa parlamentinin aşağı palatası Milli Assambleyanın qondarma "erməni soyqırımı" iddialarını inkara görə cinayət məsuliyyəti müəyyən edən qanun qəbul etməsinin tənqidinə həsr olunmuş məqalə dərc olunmuşdur. "Sarkozi həddini aşır" başlıqlı məqalədə bu qanunun qəbul edilməsi insan haqlarının kobud surətdə pozulması kimi dəyərləndirilmiş və qeyd edilmişdir ki, bu qanun iki NATO ölkəsi arasındakı münasibətlərdə mənfi nəticələrə gətirib çıxara bilər. Məqalədə 1915-ci il hadisələrinin "özləri üçün seçici qrupunu genişləndirməklə məşğul olan siyasətçilər tərəfindən deyil, tarixçilər və hüquqşünaslar tərəfindən" araşdırılmalı olduğu qeyd olunmuşdur: "O zaman ki, siyasətçilər sərhədləri keçir, həddi aşır və dövlətin gücündən öz məqsədləri üçün istifadə edirlər, onlar açıq cəmiyyətə zərbə vurur, həqiqətə çatmaq cəhdlərini bir addım geri atmış olurlar", - deyə məqalə müəllifi yazmışdır. Məqalədə Fransa parlamentinin bu qərarının söz və ifadə azadlığını pozduğu bir daha vurğulanmış və qeyd edilmişdir ki, kiməsə böhtan atmağa və ya başqa xalqları təhqir etməyə heç kəsin ixtiyarı yoxdur.


ZÜMRÜD

Digər xəbərlər