Hələ bir müddət bundan öncə mətbuatda "İnsan Hüquqları uğurunda" ictimai birliyin Norveçin Xarici İşlər Nazirliyi ilə saziş imzalaması başlığı ilə informasiya yayılmışdı. Həmin informasiyanı oxuyarkən, məlum olmuşdu ki, adıçəkilən ictimai birlik indi də hüquq müdafiəçisi rolunda çıxış etməyə cəhd edən keçmiş "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetinin baş redaktoru Eynulla Fətullayevə məxsusdur. İnformasiyadan nə bəlli olmuşdu? Bəlli olmuşdu ki, böyük təmtəraqla və "möhtəşəmliklə" təqdim olunan və Norveçin Xarici İşlər Nazirliyi ilə bağlanan bu dırnaqarası "saziş" əslində, sadəcə, bir layihə idi və layihəyə ayrılan qrantdır.
Əvvəla, qeyd etmək lazımdır ki, ölkədə tanınmış hüquq müdafiəçiləri ilə normal münasibətləri olmayan Eynulla Fətullayev yaratmaq istədiyi qondarma layihəyə və layihə çərçivəsində yaratmaq istədiyi "komissiyaya", görəsən, kimləri dəvət edəcəkdir. Daha sonra Avropa Şurası və BMT meyarları əsasında sözdə "siyasi məhbusları" seçmək istəyən həmin "komissiya" üzvləri bilirlərmi ki, hələ Avropa Şurası özü bu meyarları müəyyənləşdirə bilməmişdir?
Onu da qeyd edək ki, bu kimi lüzumsuz meyarlar təkcə bir-iki respublika üçün deyil, vahid Avropa məkanı üçün müəyyənləşməsi nəzərdə tutulduğu üçün demokratik dövlət kimi tanınan bir çox Avropa dövlətləri özləri artıq bunda maraqlı deyil və bu prosesi ləngitməklə məşğuldurlar. Belə olduqda, qeyd olunan "komissiya" üzvləri hansı meyarlarla işləyəcəklər? Belə ki, bir müddət bundan öncə, keçən ilin sonlarına yaxın Avropa Şurasında fəaliyyət göstərən rəsmi şəxslər bildirdilər ki, E.Fətullayev orada olarkən donos xarakterli məlumatlar yayıb və müqabilində bir neçə min avro pul əldə edib. Sən demə E.Fətullayev bu tərzləri ilə "hüquq müdafiəçisi" olmaq arzusunu reallaşdırmaq istəyindəymiş. Və əslində, bu cür xəyanətkar mövqe, daim yaxşıya pis demək onun köhnə rəzillik şakəridir. Məsələnin mahiyyəti də ondadır ki, bir vaxtlar öz şərbaz qəzetində bütün müxalifətçiləri, həmçinin, dövlət nümayəndələrini, o cümlədən, ayrı-ayrı şəxsləri tənqid deyil təhqir edən, sifarişli yazılarla insanlara böhtan atan E. Fətullayev həbs edildikdən sonra müxalifət nümayəndələri hər şeyi unutmuş kimi qucaq açıb onu öz qolları arasına aldılar, müdafiə etdilər, pafoslu bəyanatlar verdilər və s. Lakin onun şəxsiyyətsizliyi və ləyaqətsizliyinə əhəmiyyət vermədilər.
Yalnız ona görə ki, məhbəsdə olarkən, iqtidara yönələn qərəzli, şər-böhtan fikirlər söyləyirdi. Norveçin XİN-in bir kiçik departament rəhbərinin imzası ilə bağlanan sözügedən "layihə" radikal müxalifət mətbuatında az qala "dövlətlərarası" saziş kimi təqdim edilmişdir.
Bəs görəsən, Norveç Xarici İşlər Nazirliyi Qarabağ həqiqətləri ilə bağlı hər hansı bir layihəyə pul ayırardımı? Amma bu həqiqətləri E.Fətullayevin gözü ilə görmək də istəməzdik (Xocalı ilə bağlı yazdığı mənfur yazını yadınıza salın).
Və E.Fətullayevin bu addımını digərləri də atmaq istəyiblər. Yəni çoxları həbsdən çıxdıqdan sonra "hüquq müdafiəçisi" olmaq istəmişlər. Qənimət Zahidov, Mirzə Sakit, Musa Rahim və s. Lakin o vaxtlar bu istəklər də bir sabun köpüyü kimi tez bir zamanda yox olub getdi.
Görünür, daha qəzetçiliklə dolanışığını təmin edə bilməyənlər, o cümlədən, E.Fətullayev "hüquq müdafiəçisi" adı altında qondarma layihələrlə işləməyə üstünlük vermişdir. İlk addımını pul naminə, qrantla başlamaq istəyənlərin məramı və məqsədi artıq indidən bəllidir.
Eynullanın indiyədək olan fəaliyyətini az-çox bilən kəslər, görəsən, ona hər hansı bir müraciət edəcəklərmi? Görəsən, E.Fətullayev indiyədək bir nəfərə də olsun belə köməklik göstərmiş, hüququnu müdafiə etmişdirmi?
E Fətullayevin keçmiş qəzetçilik fəaliyyətinin və indiki "hüquq müdafiəçisi" obrazına girmək istəyinin arxasında əsas məqsədin heç də hüquq müdafiəçiliyi deyil, maddiyyət, layihələr və qrantlar olduğunu cəmiyyətə, həm də beynəlxalq təşkilatlara bildirməlidirlər.
Heç şübhə etməmək lazımdır ki, onun hazırlayacağı mənfur siyahıda Azərbaycanda terror törətmiş "Sadval"çılardan tutmuş, Azərbaycana qarşı fəaliyyət göstərmiş xarici dövlətlərin xüsusi xidmət orqanlarının əməkdaşları, ayrı-ayrı vəzifə cinayətləri törətmiş, dövləti cinayətlərdə ittiham olunaraq, həbsxanaya göndərilmiş, xalqın malını-pulunu mənimsəmiş şəxslərin də adları olacaqdır. Bu günlərdə onun Əli İnsanovla görüşünü xatırlasaq, kifayət edər...
Və bu gün Xocalı hadisələrində Azərbaycan tərəfini alçaqcasına suçlayan bu "vətənpərvər"in siyahısından Qarabağda əsir götürülmüş erməni hərbçilərinin adı belə çıxsa təəccüblənməyə dəyməz.
R.RƏSULOV