PDF Oxu

Müxalifət

  • 10

Qalmaq xatirinə “getmək” məzhəkəsi

Qalmaq xatirinə “getmək” məzhəkəsi

Müsavat partiyasında cərəyan edən son proseslər siyasi mühitdə xeyli maraq doğurmaqdadır. Lakin sözügedən məsələ ondan irəli gəlmir ki, adıçəkilən partiya cəmiyyət üçün "bir nömrəli" maraq obyektidir, sadəcə məlumdur ki, Müsavatda vəziyyət el dili ilə desək, naqolaydır (çətindir). Və məsələ partiyanın martın 3-4-də keçirilməsi planlaşdırılan qurultayından, daha dəqiq desək, orada başqan İsa Qəmbərovun öz başqanlıq kreslosundan gedəcəyi barədə sağa-sola, yuxarı-aşağı yayılan palaz-palaz intervülərdən, ortaya atılan siyasi məzhəkədən gedir. Məzhəkələr isə sirkdə olur. Müsavat partiyası bu gün siyasi təşkilatdan daha çox sirki xatırladır, desək, düzgün nəticə çıxarmış olarıq. Çünki İ.Qəmbərov və onunla birgə uzun müddətdir ki, radikal müxalifətə başçılıq edən digər "liderlərin" artıq uzun müddətdir öz postlarında qalmalarına rəğmən seçkilərdə qəti şəkildə uduzmaqları, onların sıravi partiyadaşları və media tərəfindən dəfələrlə güclü tənqid, etiraz və qəbuledilməzlik atəşinə tutulmasına səbəb olub.

İ.Qəmbərov bu günə qədər başqanlıq postundan istefa verəcəyini bəyan etməklə, sonra isə partiyada onu guya istefa verməməyə çağıran çıxışlar təşkil etməklə ona qarşı yönəlmiş partiyadaxili hücumları bir növ zərərsizləşdirməyə səy göstərir. Həmçinin, İ.Qəmbərov belə vasitələrlə guya öz postundan "möhkəm yapışmadığını", istənilən vaxt rəhbərliyi tərk edə biləcəyini nümayiş etdirir. Deyilənlərlə yanaşı, o, qarşıdakı illərdə onu 20 ildən artıqdır bir partiyaya başqanlıq etməkdə, öz yerini yeni nəslə verməməkdə ittiham edən mətbuat nümayəndələri qarşısında "qəhrəman" olmağı arzulayır.


Birinci səhnə - siyasi illüziya


Zaman gələcək və məlum olacaq ki, qarşıdakı illərin birində Müsavatmeyilli jurnalistlərdən biri İ.Qəmbərova öz başqanlıq postunu tərk etməməsinin səbəbləri ilə bağlı suallar verəcək. O isə təxmini olaraq bu cür cavab verəcək ki, 2001-ci ildə məhz onun "təşəbbüsü" sayəsində Müsavat partiyasının nizamnaməsinə eyni şəxsin iki dəfədən artıq başqan seçilməsini qadağa edən maddə daxil edilmişdi. O da 20 il Müsavata başqanlıq edəndən sonra 2012-ci ilin mart qurultayında rəhbərlikdən getməyi "qətiləşdirmişdi". Lakin partiyanın rəhbər strukturlarından tutmuş minlərlə sıravi müsavatçıyadək onun yenidən namizədliyini irəli sürməyini "təkidlə" tələb etdi. Müsavata yaxınlığı ilə seçilən jurnalistlər mənim gedişimdən sonra partiyanın zəifləyəcəyini öz yazılarında əsaslandırdılar. Hətta "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu öz qəzeti vasitəsilə müsavatçılara çağırış etdi ki, onlar partiya qərargahının qarşısında çadırlar quraraq ondan iş başında qalmasını tələb etsinlər. Eyni zamanda, demokratik düşərgənin digər liderləri də başqanlıqdan getməyinə qarşı çıxdılar və son nəticədə o müsavatçıların sözlərini "yerə salmayıb", "israrlı xahişlərini qəbul edib" başqan seçkisində iştirak etməyə razılıq verib. Məsələ budur! Yəni başqan bu cür siyasi illüziyalara qapılaraq, sirk nömrəsinin birinci səhnəsini icra edəcək.


İkinci səhnə - siyasi

akrobatlıq


Sözügedən "başqanlıq" məzhəkəsində, təbii ki, partiyadaxili digər qruplaşmaların da öz şəxsi ambisiyaları mövcuddur. Həmin məzhəkələrin İ.Qəmbərovun xeyirinə yekunlaşmasını istəyən qruplaşma isə Müsavatın mərkəzi icra aparatının həbsdə olan rəhbəri Arif Hacıyevi başqan kimi qəbul etməyənlərdir. Belə ki, həmin əsnada İ.Qəmbərovun başqanlıq postundan getməsinə qarşı məclis sədri Arzu Səmədbəylinin çıxması da təsadüfi sayılmamalıdır. İlk dəfə məhz o, mətbuata verdiyi açıqlamasında başqanlıqla bağlı məhdudiyyətin nizamnamədən çıxarılması və İ.Qəmbərovun yenidən başqan seçilməsinin birmənalı tərəfdarı olduğunu vurğulamışdı. Çox yəqin ki, başqanlığa iddialı olan A.Səmədbəyli bu posta ən real namizəd A.Hacıyevə böyük fərqlə uduzacağını bilirmiş. Ona görə də başqanın başı üzərindən akrobatik tullanış etməyi özünə rəva bilməyib. Çünki ən azından bu tullanış ona baha başa gələ bilərdi. A.Hacıyevin öz vəkili vasitəsilə partiyadaşlarına mesaj yollayaraq, başqanlığa namizəd olmaqda israrlı olduğunu deməsi, hətta bunu məhkəməsi zamanı da bəyan etməsi, eləcə də, başqan seçkisində qələbə qazanacağına əminliyini vurğulaması, habelə, partiyanın gənclər təşkilatının sədri Tural Abbaslının da həbsxanadan məktub göndərərək müsavatçıları A.Hacıyevin namizədliyini dəstəkləməyə çağırması A.Səmədbəylini çıxılmaz vəziyyətə qoyub. Belə ki, bir tərəfdən də A.Hacıyev siyasi akrobatlıq edərək, İ.Qəmbərovun başı üzərindən hoppanıb başqan olmasını qarşısına ciddi məqsəd kimi qoyub. Təkcə A.Hacıyevin həbsdə olması müsavatçıların ona səs verməsini şərtləndirən, başqanlığa doğru seçilməsini əsaslandıran həssas dividenddir. Məhz A.Səmədbəyli bunu bildiyi üçün İ.Qəmbərovun istənilən vasitə sayəsində partiyadaxili hakimiyyətdə qalmasını arzulayır.


Müsavatın sirk mövsümü anşlaqsız ötüşür


Müsavat divanının üzvü Vurğun Əyyub isə birmənalı şəkildə A.Hacıyevə qarşı çıxışlar etməkdədir. O öz əks-çıxışını "mən hesab edirəm ki, Müsavata başqa bir tip və xarakterdə olan şəxs rəhbərlik etməlidir" şəklində ifadə edib.

İ.Qəmbərovun postda qalmasını istəyənlərdən biri də "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğludur. Onun hələ ötən ilin yayında öz partiyadaşı A.Hacıyevə deyil, Pənah Hüseynova üstünlük verməsi də, baş redaktorun Müsavatın aparat rəhbərinə münasibətinin göstəricisi sayıla bilər.

Müsavat başqanının başqanlıq postunda qalması ilə bağlı edilən çağırışlara A.Hacıyevin qardaşı Müsavat partiyası məclisinin üzvü Mustafa Hacıbəyli də münasibət bildirib. Onun dediyinə görə İ.Qəmbərovun partiyaya rəhbərlik etməsi artıq bitmiş məsələdir: "Müsavat partiyasının başqanlığına iki dəfədən artıq seçilməyi məhdudlaşdıran müddəanın dəyişdirilməsini vaxtilə müsavatçılar, o cümlədən, Arif Hacıyev də, mən də təklif etmişik. Amma bu məsələ bitib. Bu məsələnin yenidən gündəmə daşınmasının mənası yoxdur".

Bütün bunlara rəğmən, Müsavat partiyasında sirk mövsümü davam edir. Sadəcə, budəfəki məzhəkələr anşlaqsız ötüşür.


RÖVŞƏN RƏSULOV

Digər xəbərlər