PDF Oxu

Müxalifət

  • 4

22 il öncədən fərqlənməyən radikal müxalifət

22 il öncədən fərqlənməyən radikal müxalifət

Düz 22 il öncə müstəqillik uğrunda şəhidlik zirvəsinə ucalarkən bu günün radikal müxalifət "lider"ləri həmin dövrlərdə hakimiyyətə can atırdılar. Məhz buna görə də, indiki radikallarla 22 il əvvəlki hakimiyyətə gəlmək hərisləri arasında hər hansı fərq axtarmağa ehtiyac yoxdur. Düzdür, bugünkü radikallar özlərini Aydan arı, sudan duru hesab edirlər. Ancaq onların çöhrələri Ay altında daha tutqun və kölgəli görünməkdədir. Çünki radikalların sudan duru olmamalarına yeganə dəlil suyu bulandırmaqla balıq tutmalarıdır. Deməli, əməllərində duruluq əlamətləri yoxdur.

Bu gün radikallar piket, mitinq və küçə yürüşləri keçirməklə fasiləsiz kütləvi aksiyalara start verməyə çalışırlar. Bunun xalqa lazım olmadığını isə get-gedə daha aydın tərzdə anlamağa başlayırlar. Ancaq hətta bu ciddi arqument də onları bu yanlış yollarından döndərmək iqtidarında deyildir. Çünki proqramlarında dəyişməz olan yeganə amil cəmiyyəti inkişafdan, tərəqqidən xaos və süquta doğru aparmaqdır. Bunu bacarmasalar, az da olsa, pisliyə meyil edəcəklər ki, deməsinlər ki, yollarından sapırlar. Yanvarın 20-də səhər prezident aparatının qarşısında hakimiyyət hərisləri toplaşmışdı. Primakov, Yazov kimi Kreml qaniçənləri də onlarla bir sırada dururdular. Xatırladaq ki, səhər fövqəladə vəziyyət elan edilsə də, qırğın bir neçə gün davam etdi. "Liderlər" də canfəşanlıqla öz mərkli planlarını gerçəkləşdirməkdə idilər.

Bu gün həmin radikallar özlərini təmizə çıxarmağa çalışırlar. Deyirlər ki, o vaxt səhv etmişdilər, indi səriştələrini artırıblar və günahlarını yumağa hazırdılar. Belələrinə inanmaq aldanmaqdan başqa bir şey deyildir. Çünki belələri öz adlarını su üzərində yazırlar ki, məsuliyyət yükündən azad olsunlar. Onların məqsədi və dərdi yalnız qazanmaqdır. Hətta üzlərinə belə tüpürsələr də. İstər xarici ölkələrin maliyyə təşkilatları, istərsə də, ölkədaxili təxribatçı varlılar olsunlar. Bir sözlə, onlar ver molla yox, al molladırlar, ancaq almaqdan imtina edə bilmirlər, çünki iştahaları diş altındadır. O qanlı-qadalı gecədə hakimiyyət hərisləri öz aralarında bir nəfər də olsa itki verməyərək, dinc əhalinin qırğınına səbəb oldular. Çətin məqamda "asta qaçan namərddi" deyib, aradan çıxaraq, sudan duru çıxırdılar. Ancaq 1990-cı il 20 Yanvar faciəsindən sonra qurumlarında çat baş verdi. Radikalların bir-birilərinə qənim kəsilmələri tezliklə qurumlarının saylarının artmasına səbəb oldu. Araz və Zərdüşt Əlizadələr AXC-dən uzaqlaşıb ASDP-də möhkəmləndilər. Bir müddət sonra isə Leyla Yunusova ASDP-dən ayrılıb öz partiyasını yaratdı. AXC-çilər Moskvaya getmiş Etibar Məmmədovu öz qurumlarının üzvü hesab etmədiklərini deyib, onu Lefortovoya saldırdılar. E.Məmmədov oradan çıxdıqdan sonra AMİP-ini yaratdı.

Bu gün radikallar oyuncaq siyasi partiyalar yaratmaqla yenə də hakimiyyətə gəlmək istəyi ilə yaşayırlar. Xalq inkişaf və tərəqqiyə "hə" dediyi bir vaxtda, bu bədbəxtlər də hələ də "hannan-hana, damdan-dama" deyə-deyə acizliklərini nümayiş etdirməkdədirlər. Bir də neyləsinlər axı radikalların bacardıqları yeganə iş bir qurum (o zamanın AXC-si) daxilindən çıxaraq, ayrı-ayrı, müxtəlif qurumlar daxilində sığınmaqdır. Yeganə istəkləri ciddi-cəhdlə tərsinə hərəkət etməklə təmsil olunduqları ayrı-ayrı partiyaları bir blokda birləşdirməkdədir. Radikalların bu arzuları heç cür gerçəkliyə qovuşmur. Çünki belə bir blok yaratdıqdan sonra onun nizamnəmə tələblərinə hər biri bir qəmbərqulu qoyur. Xalq isə belə aciz qəmbərquluları qəbul etmir.

R.Hüseynova

Digər xəbərlər