PDF Oxu

Müxalifət

  • 13

Radikal müxalifətin korrupsiya marağı

Radikal müxalifətin korrupsiya marağı

Azərbaycan müxalifətinin maliyyə mənbələrinin şəffaf olmaması ilə bağlı çox yazılıb. Məsələ burasındadır ki, neçə illərdir müxalifət partiyalarından heç biri fəaliyyətləri ilə bağlı maliyyə hesabatı vermir. Mətbuatın, millət vəkillərinin, ictimaiyyət nümayəndələrinin etirazlarına baxmayaraq, müxalifət partiya liderləri təşkilatlarının maliyyə hesabatını açıqlamırlar. Amma onlar açıqlamasalar da, müxalifət partiyalarının xaricdən maliyyələşdiyi siyasi proseslərin içində olan hər bir kəsə yaxşı məlumdur.

İnkar olunun həqiqətlər


Əslində, radikal müxalifət təmsilçilərinin "Biz xaricdən pul almırıq"- deyə iddialarında müəyyən həqiqət var. Çünki heç bir müxalif partiyaya və liderə heç bir xarici ölkə təmsilçisi birbaşa, əlbəəl pul ödəmir. Amma QHT, ayrı-ayrı layihələr və müxtəlif medialara ödənilən pulların aqibəti də qaranlıq qalır. Məhz xaricdən gələn maliyyə hesabına partiya liderlərinin yaşayışı təmin olunur, partiya funksionerlərinə maaşlar verilir. Müxalifət liderlərinin özləri bahalı maşınlarda gəzir, şəhərin mərkəzində yaşayır, övladları bahalı məktəblərdə təhsil alırlar. Məntiq bütün bunların maliyyələşmə olmadan reallaşmasının mümkün olmadığını açıq şəkildə deyir. Təbii ki, müxalifətçilərin özlərinin də iddia etdiyi kimi, partiya üzvlərinin üzvlük haqları hesabına yaşayan təşkilatların liderlərinin belə imkanları olmamalıdır. Yəni şübhə yoxdur ki, müxalifət partiyaları xaricdən maliyyələşirlər. Bunun mexanizmi də hamıya məlumdur. Müxalifətin xaricdən maliyyə almasında partiyaların liderlərinə yaxın olan QHT-lərin də xüsusi rolu var. Bir az konkretləşdirsək, hazırda müxalifət düşərgəsinin radikal qanadı və onların özlərinə yaxın QHT-lər vasitəsi ilə yaratdıqları şəbəkələr xaricdən yönləndirilən çirkli pulların yuyulması ilə məşğuldur. Son vaxtlar Azərbaycanda icazəsiz kütləvi aksiyalar keçirməyə cəhdlərin artmasını da bununla əlaqələndirmək olar. Məlumatlara görə, müxalifət liderləri xarici dairələr qarşısında ölkədə silsilə aksiyalar keçirmək öhdəliyi götürüblər və bunun üçün onlara maliyyə yardımları edilir.


"İnqilab" dalğası yenidən korrupsiyalaşmış radikalların təzyiqini qaldırıb


Bunu müxalifət liderlərinin son aylardakı davranışlarından da sezmək mümkündür. Bir müddət əvvəl ümidsizliyə qapılan, hətta siyasi karyeralarını belə bitirmək barədə düşünən bu şəxslər son vaxtlar yenidən inqilabdan dəm vurmağa başlayıblar. Təbii ki, onları danışdıran xaricdən gələn və vəd edilən pullardır. Onlar mitinq keçirməyi sanki özlərinin monopoliyasına alıblar. Çünki bu aksiya onlar tərəfindən deyil, kimliyi dəqiq bəlli olmayan bir qrup gənc tərəfindən təşkil edilir.

Radikal müxalifət təşkilatlarının korrupsiyalaşmış quruma çevrilməsini təsdiqləyən digər faktorlar da var. Məsələn, məlum olduğu kimi, son vaxtlar hökumət korrupsiyaya qarşı mübarizə tədbirlərini intensivləşdirib. Bu istiqamətdə xeyli nəzərəçarpan addımlar atılmaqdadır. İctimaiyyətin bütün təbəqələri tərəfindən dəstəklənən bu tədbirlərə müxalifət düşərgəsindən münasibət yoxdur. İndiyədək heç bir müxalif partiya ölkədə aparılan və dövlət başçısı tərəfindən ən yüksək səviyyədə elan olunan korrupsiyaya qarşı mübarizə tədbirlərinə dəstək vermirlər. Əksinə, bu partiyalar addımbaşı görülən tədbirləri gözdən salmağa çalışırlar. Başqa sözlə, bu partiyalar həm də bir növ ölkədəki korrupsiyalaşmış məmurların maraqlarının müdafiəçisi kimi çıxış edirlər. Əslində, bu, müxalifətçilər üçün yeni adət deyil.

Əksinə, bu partiyalar korrupsiyalaşmış məmurların maraqlarının müdafiəçiləri kimi çıxış edib. Bir vaxtlar Əli İnsanovu, Fərhad Əliyevi sərt tənqid edən müxalifət qəzetləri, onlar həbs edilən kimi dərhal sabiq nazirlərin müdafiəsinə qalxdılar. İndi Azərbaycanda korrupsiyaya qarşı mübarizə dövlət səviyyəsində və sərt formada aparılır. Amma müxalifət mətbuatı bu barədə susur, hətta bir çoxları rüşvətə görə işdən azad edilən məmurların müdafiəsinə qalxır. Deməli, müxalifəti milli maraqlar, sadə vətəndaşların problemlərinin həlli deyil, öz maraqları düşündürür. Digər tərəfdən, bütün bunlar səbəbsiz deyil. Qazanc yerlərini itirdiklərini görən bəzi azğınlaşmış məmurlar bu partiyaların nəzarətində olan qəzetlərə məlumat ötürməklə guya özlərini xilas edəcəklərini düşünürlər. Bu, əslində, suda boğulanın saman çöpündən yapışması kimi bir şey olsa da, arada müxalifətin korrupsiya maraqları təmin olunur.

Müxalifətin ölkədə ən böyük problem kimi təqdim etdiyi korrupsiya kimi sosial bəla ilə indi Azərbaycanda ən sərt formada mübarizə gedir. Soruşmaq lazımdır ki, bəs nə üçün müxalifət buna reaksiya vermir? Bu, bir daha radikal dairələrin özlərinin korrupsiyalaşdığını təsdiqləyir.


RÖVŞƏN RƏSULOV

Digər xəbərlər