Müsavat partiyası bu günlərdə parçalanma mərhələsinin son dönəmini yaşayır. Partiya başqan dəyişikliyinə hazırlaşmasını iddia etsə də, orada ziddiyyətlər kəskinləşməkdədir. Xatırlatmaq yerinə düşərdi ki, Müsavatın təbliğat vasitələri bir zamanlar İsa Qəmbərovun ətrafında "mif" yaratmışdılar. Həmin qondarma mif isə ondan ibarət idi ki, guya İ.Qəmbərov olmasa Müsavat partiyası da olmaz, müxalifət zəif düşər, hətta parçalanıb məhv olar və s. Yaradılan sözügedən "mif" uzun illər Müsavat yetkililərinin işlərinə yaradı. Belə ki, partiya bütün proseslərdə özünü müxalifətin mərkəzində olduğunu ictimaiyyətə sırımağa cəhd göstərdi. Əksər partiyalar parçalansa da, Müsavat bu dönəmi yavaş-yavaş yaşamağa başladı.
Ancaq bir məqam yaranıb ki, İ.Qəmbərov artıq Müsavat üçün ciddi problemə çevrilib. Hələ iki il bundan öncə İ.Qəmbərov bəyan etmişdi ki, növbəti qurultayda başqan olmayacaq və bunu istəmir. Nizamnamədə yazılıb ki, bir şəxs iki dəfədən artıq başqan ola bilməz. İ.Qəmbərov bir neçə dəfə dalbadal partiyanın başqanı seçilib və guya bundan sonra başqan olmaq istəmir. Hazırda onun yerinə ən çox iddialı olan namizəd mərkəzi icra aparatının rəhbəri Arif Hacıyevdir. Həbsdə olan A.Hacıyevin adamları onun başqan seçilməsinə var gücləri ilə çalışırlar. Eyni zamanda, həbsdə olması bu gün A.Hacıyevin Müsavatdaxili rəydə üstünlüyüdür. Yəni seçki olsa, A.Hacıyev başqan seçilə bilər.
AXCP (i) Müsavatı parçalamaq niyyətini qətiləşdirib
Bu arada Müsavatdan 2000-ci ilin qisasını almağa çalışan AXCP (i) qəti hücuma keçib. Partiya sədrinin müavini Fuad Qəhrəmanlı növbəti dəfə bəyan edib ki, AXCP (i) ilə Müsavatın birləşməsi məsələsi gündəlikdədir və qurultay bu məsələyə mütləq münasibət bildirməlidir. Əslində, bu məsələ də A.Hacıyevin əleyhinədir. AXCP (i) istəmir ki, İ.Qəmbərovdan sonra başqan postuna iddialı biri otursun. Əli Kərimov mümkün qədər çalışır ki, Müsavatın növbəti başqanı zəif iradəli biri olsun, qarşıdan gələn seçkilərdə AXCP (i) sədrinə mane ola bilməsin.
Xatırladaq ki, Müsavatın mərkəzi nəzarət-təftiş komissiyası bu günlərdə məsələ qaldırıb ki, qurultay ertələnsin. Əgər belə olarsa, başqan məsələsi gündəlikdən çıxacaq. Müsavatdakı təlatümlər də müvəqqəti olsa da səngiyəcək. A.Hacıyev başqan seçilərsə, Müsavatda qopmalar daha labüd olacaq. Yeni başqanı qəbul etməyənlər AXCP (i)-yə transfer edə bilərlər. Ona görə də proqnozlaşdırmaq mümkündür ki,AXCP (i)-nin birləşmə təşəbbüsü elə buna hesablanmış addımdır. "Cəbhə" rəhbərləri yaxşı bilir ki, birləşmə olmayacaq. Qurultayda çıxışında Ə.Kərimov yəqin ki, pafoslu nitqi ilə müsavatçılara çağırış edəcək. A.Hacıyev qüruru isə bu çağırışa kəskin şəkildə "yox!" deyəcək. Bununla da AXCP (i) "birləşməni Müsavat pozdu" bəhanəsi ilə qara piara başlayacaq, A.Hacıyev qanadını müxalifətdaxili separatçılıqda qınayacaq. Və bu amil artıq Müsavatdan qopmalara işarə olacaq. Habelə ehtimal edilir ki, Müsavat elitasında təmsil olunan şəxslərin bir qismi AXCP (i)-yə transfer edəcək. AXCP (i)-nin bu pozucu işləri "İctimai Palata"nın qondarma birliyinə ciddi xələl gətirə bilər. Nəticədə radikal düşərgədə təməli parçalnmadan yaxa qurtarmaq mümkün olmayacaq ki, artıq bunun işartıları görünməkdədir.
RƏFİQƏ