Politoloq, Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlunun SİA-ya müsahibəsi:
- Artıq rəsmi şəkildə açıqlandı ki, Azərbaycana qarşı həyata keçirilən haker hücumlarının əsas hissəsi İrandan daxil olub. Sizcə, İranın bu münasibəti nəyə hesablanıb?
- İranın belə addımlar atmasının arxasında həm ümumi, həm də konkret səbəblər durur. Ümumi səbəb aydındır ki, İran Azərbaycan dövlətçiliyini, inkişafını qəbul edə bilmir. İran Azərbaycanın ağıllı idarəçiliyini özünün ərazi bütövlüyünə təhlükə kimi qəbul edir. Bu ölkədə belə başa düşürlər ki, əgər Azərbaycan Respublikası inkişaf edərək dünyada hörmət qazanırsa, gec-tez bura İrandakı azərbaycanlılar üçün də cəlbedici olacaq və onların Azərbaycana rəğbətləri artıracaq. Ona görə də İran həmişə çalışıb ki, Azərbaycanla bağlı problemlər olsun, dövlətçilik inkişaf etməsin, Azərbaycanın başı qarışıq olsun. İran əvvəlcə erməniləri ələ aldı, Azərbaycan torpaqlarını işğal etdirdi. Sonralar hicab və ya digər dini ayinlərlə bağlı məsələni ortalığa atsa da bunlar effekt vermədi. Ayrıca Azərbaycana qarşı təbliğat kampaniyası aparması da nəticəsiz qaldı. İndi isə İran yeni variantlar, metodlar üzərində çalışır. İranın kiber hücumları da bu şəraitdə meydana çıxıb. Bu İranın Azərbaycan dövlətçiliyinə qarşı ortalığa qoyduğu yeni bir variant kimi qəbul edilməlidir.
Konkret məqamlar isə ondan ibarətdir ki, may ayında Azərbaycanda "Evrovision" mahnı müsabiqəsi keçiriləcək. Bu Azərbaycanın tarixində ən böyük bir piar aksiyadır. Dünyanın 70-80 dövlətindən Azərbaycana nümayəndələr, jurnalistlər, piar mütəxəssisləri gələcək. Bütün bunlar dünyaya Azərbaycanı təmamilə yeni gözdə tanıdacaq. Dünyada elə adamlar var ki, Azərbaycana hələ də erməninin gözü ilə baxır, müsəlman respublikası, geridə qalmış ölkə kimi tanıyır. Amma Azərbaycanın müsəlman ölkə olaraq Avropa tipli, inkişaf etmiş dövlət olaraq yarandığı məlum olanda beynəlxalq aləmdə dəstəyi daha da artıracaq. O görə də kiber hücumların konkret məqsədi Azərbaycanın informasiya mühitini zəif göstərməkdir. "Evrovision" məsələsində isə informasiya vasitələri, İKT-nin inkişafı mühüm əhəmiyyətə malikdir. Bizim cəmiyyətdə, ölkədə İKT-nin inkişafına mane olmaq məqsədilə kiber hücumlarını ortaya qoydular. Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi kifayət qədər bunları aşkarlayıb, üzə çıxardı. Bundan sonra kifayət qədər İranın belə xaincəsinə kiber hücumlarına qarşı dayanmağın daha əlavə metodlarını da yaradacaq.
- Sizin fikrinizcə, bu qərəzli siyasət iki dövlət arasında münasibətlərə necə təsir göstərəcək?
- Bizim nə deməyimizdən asılı olmayaraq İranın Azərbaycana münasibəti pisdir. Bizimkilər çalışırlar ki, İrana qarşı bir düşmənçilik olmasın. Amma çox təəssüf ki, bu sözü İran haqqında demək mümkün deyil. İranın Azərbaycana münasibətdə düşmənçilik edir. İran prezidenti Mahmud Əhmədinejat Bakıya son səfərində prezident İlham Əliyevə İrana rəşadətli münasibətinə görə təşəkkürünü bildirib. İranın prezidenti bilir ki, Azərbaycan İranı müdafiə edib. Amma həmin Mahmud Əhmədinejat və onun ətrafındakı insanlar İrandakı müəyyən adamlara göstəriş verir ki, Azərbaycanı vurun. Azərbaycana qarşı kiber hücumlar keçirilir. İran müsəlman ölkələrinin heç birinin dostu deyil. Onun bir dostu var ki, o da Ermənistandır. O, heç vaxt Azərbaycanla dost ola bilməz. Azərbaycan İrana dost desə də bu heç vaxt ola bilməz.
- İranın bu hərəkətlərinə qarşı Azərbaycan hansı adekvat addımlar atmalıdır?
- İranın bu hərəkətlərinə qarşı Azərbaycan hər zaman adekvat addımlar atır. Biz tədricən öz addımlarımızı atırıq. İran istədi ki, "Barborossa planı"nı həyata keçirərək qısa bir müddətdə ildırım sürəti ilə Azərbaycan xalqını hökumətə qarşı çevirsin. Bu da alınmadı. Bundan fərqli olaraq Azərbaycan hökumətinin apardığı siyasətin spesifik xüsusiyyətləri var. Biz öz siyasətimizi aparırıq. O cümlədən İrana qarşı da mübarizə aparmağa kifayət qədər resurslarımız var və biz onlardan tədricən istifadə edirik. Bu gün İranın və ya Azərbaycanın nə vəziyyətdə olduğu açıq-aşkar məlumdur. Bu da aparılan siyasətin nəticəsidir ki, İran geriyə, Azərbaycan isə irəliyə gedən dövlətdir