Siyasi düşərgədə baş verən arzuolunmaz proseslər onu deməyə əsas verir ki, cəmiyyətdə radikal ünsürlər kimi tanınan partiyaların məhv olma mərhələsi yaşanmaqdadır. Bu da özünü daha çox "İctimai Palata" deyilən qurumda göstərməkdədir. O mənada ki, iddialı Müsavat və AXCP (i) liderlərinin qurumda müvafiq tələblərlə çıxış etmələri digərlərini ciddi narazı salmaqdadır. Məhz bu narazılığın səbəbi olaraq da İntiqam Əliyev, Mirvari Qəhrəmanlı, Novella Cəfərova, Əli Quliyev və digərləri bu qurumda qalmağı özlərinə təhqir hesab edərək, "İctimai Palata"dan istefa verdilər. Hazırda İsa Qəmbərov və Əli Kərimov qurumun başının üzərini almış qara buludları dağıtmaq üçün yaxın vaxtlarda kütləvi etiraz aksiyaları keçirəcəkləri barədə anormal bəyanatlar səsləndirməkdədirlər. Təbii ki, qarşıdurma və iğtişaşlar yaratmağa daha çox meyil göstərən İranın və ya Qərbin müəyyən təmsilçiləri etiraz aksiyaları ilə bağlı hədəfləri reallaşdırmaq arzularındadırlar. Amma siyasi analitiklərin, eləcə də, müxalifət nümayəndələrinin qeyd etdikləri kimi ictimai rəydə mitinqlərə müsbət münasibət mövcud deyil. Yəni insanlar aksiyaların keçirilməsi üçün heç bir əsası olmadığını bəyan etməklə, "İctimai Palata" kimi qurum rəhbərlərinin məkrli niyyətlərinə mənfi münasibət nümayiş etdirirlər. Bu nöqteyi-nəzərdən "İctimai Palata"nın başbilənləri olan İ.Qəmbərov və Ə.Kərimov qurumu dağılmaqdan qoruya bilməyəcəklər. Eyni aqibəti "Demokratiya Uğrunda Müqavimət Hərəkatı" da yaşayacağı artıq indidən müşahidə edilməkdədir.
"HƏDƏF"Ə AYRILAN 86 MİN DOLLAR
Məlum olduğu kimi, "ACP" lideri Rəsul Quliyevin ideya müəllifi olan və "Hədəf" gənclər koalisiyasının təsisçisi olduğu "Demokratiya Uğrunda Müqavimət Hərəkatı" özünün ağır, böhranlı günlərini yaşamaqdadır. Çünki yenicə yaranmaqda olan qurum dağılmaq dilemması ilə üzləşib. Daha doğrusu, Rəsul Quliyevin "DUMH" gücləndirmək üçün ayırdığı 86 min dollar qurum daxilində qarşıdurmaya yol açıb. "Klassik Xalq Cəbhəsi Partiyası"nın sədri Mirmahmud Fəttayev və "Azadlıq" partiyasının sədri Əhməd Orucov ipə-sapa yatmaq istəməyən gəncləri sakitləşdirməyə cəhdlər göstərsələr də, daha çox maliyyə vəsaiti əldə etmək niyyətində olan "Hədəf" təmsilçiləri ipə-sapa yatmaq istəmirlər. Məhz buna görə də, M.Fəttayevin dəstəyi ilə "Hədəf" gənclər koalisiyasına sədrlik edən Əbülfəz Sadıqbəylinin koalisiyadan uzaqlaşdırılmasına nail olub. Uzun müzakirələrdən sonra "KAXCP" gənclər birliyinin üzvü Ağasif Şakiroğlu "Hədəf"in sədri seçilib. Amma bu təyinatla razılaşmaq istəməyən "ACP" lideri Rəsul Quliyev "DUMH"-nin maliyyə sanksiyaları tətbiq etməklə hədələyir. Amma "KAXCP"-nin sədri də asanlıqla təslim olan qüvvələrdən olmadığını R.Quliyevə nümayiş etdirib. Hətta M.Fəttayev "Hədəf"in təsisçiləri olan Həmid Babayevi, Yəhya Əsgərovu, İqbal Əlişirlinin və Sadiq Mustafayevi R.Quliyevin tələblərinə qarşı qaldırmaqla ümumilikdə "ACP" liderinin hədələrini alt-üst etməyi bacarıb. Bütün bunlar, onu deməyə əsas verir ki, R.Quliyevin yenidən fəal siyasətə qayıtmaq niyyəti səhv düşünülməmiş siyasəti səbəbindən iflasa uğramaqdadır. Bundan sonra "DUMH"-nin siyasətdə qalması da qaranlıq görünür. Ən azı ona görə ki, qurum yaradılarkən onun maliyyə problemlərini R.Quliyev öz üzərinə götürmüşdür. Əgər M.Fəttayev öz istək və tələblərini "DUMH"-yə diqtə edirsə, bu halda, R.Quliyev quruma qarşı sanksiya tətbiq edəcəyi barədə hədəsini reallığa çevirəcək. Bu isə nəticə etibarilə "DUMH"-nin təşkilatlanmadan tarixin arxivinə atılması demək olacaq.
İ.ƏLİYEV