Radikal müxalifət deyəndə, insanın ağlına ilk öncə satqınçılıq, siyasi oyunbazlıq, ikiüzlülük düşür. Məhz radikal müxalifət "bəy"ləri ölkədə özlərinə bu cür imic formalışdırıblar. İstər Müsavat partiyasının başqanı İsa Qəmbərov, istər AXCP (i) sədri Əli Kərimov, ADP sədri Sərdar Cəlaloğlu, "ACP" lideri Rəsul Quliyev, "ALP" sədri Əvəz Temirxan və bu tipdə olan siyasi oyunbazlar ancaq ölkə ictimaiyyətini aldatmaqla məşğuldur. Bu yalançılara xalqımız inanmır. Çünki radikal müxalifətçilərin bütün əməlləri çirkinlik, riyakarlıq üzərində qurulub.
İSLAH OLUNMAYAN DÜŞƏRGƏNİN İFLASI
Bu gün radikal müxalifət düşərgəsi adlandırdığımız bir toplum bir neçə hissəyə parçalanıb. Yəni bəzi partiyalar İsa-Əli birliyini qəbul etmək istəmir. Artıq AMİP kəskin şəkildə öz mövqeyini bildirib. Adıçəkilən partiya qeyd edib ki, biz Müsavat və AXCP (i)-nin təmsil olunduğu "İctimai Palata"da təmsil olunmayacağıq. Bir müddət öncə "Azadlıq" partiyasının sədri Əhməd Oruc mətbuata açıqlamasında qeyd edib ki, bu gün ölkəmizdə yeni müxalifətin yaranmasına ehtiyac var. "Azərbaycan müxalifəti cəmiyyətin potensialından, istəyindən, maraqlarından kifayət qədər istifadə edə bilməyib, ona görə, Azərbaycanda yeni müxalifət yaranmalıdır."-deyə Ə.Oruc qeyd edib. Bütün bunlar həqiqətdir.
Nuh dövründən qalan müxalifət liderləri ya rəhbərlik etdikləri partiyadan getməli, ya da konstruktiv mövqe sərgiləməlidir. Ən acınacaqlısı odur ki, "bəy"lər Azərbaycanın uğurlarına sevinmirlər. Bu gün ölkəmiz BMT TŞ-nin qeyri-daimi üzvüdür. Bu, bizim nailiyyətimizdir. Özünü azərbaycanlı hiss edən insan buna sevinməlidir. Təəssüf ki, radikallar buna da sevinmir. Bütün bunlar radikal müxalifət düşərgəsinin parçalanmasına səbəb olur. Lakin İsa və Əli kimi "bəy"lər bunların fərqində deyillər. Təki xaricilərin qrantı kəsilməsin. "Bəy"ləri yalnız qrantlar (yəni 5-10 manat tulapayı) düşündürür.
İSA "BƏY"İN GETMƏSİ REALLIQ VƏ AKSİOMDUR
Müsavat başqanı İ.Qəmbərovun başqanlıqdan getməsi artıq təsdiqlənməkdədir. "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu qeyd edib ki, İsa "bəy" gedəcək və bu, bir tələbdir. Ancaq bir məsələni də qeyd etmək lazımdır ki, İsa "bəy"in yerinə Arif Hacıyevin başqan gəlməsi heç nəyi dəyişməyəcək. İdeya və fikir də dəyişməlidir. Ancaq ideya və fikir Müsavat partiyasında mövcud olmadığından, orada təfəkkürsüzlük və xaosun yaşanması təsadüf deyil, reallıqdır. Bəlkə də partiyanın qurultaydan öncə parçalanması artıq bu mövzuda da öz təsdiqini tapıb. Ona görə də qurultayın vaxtının hələ də müəyyənləşdirilməməsi həmin reallıqlardan doğan həqiqətdir.
Rəfiqə Hüseynova