20 ilə yaxındır ki, adları olub, fəaliyyətləri olmayan radikal müxalifət ünsürləri dəfələrlə qeyri-ciddi açıqlamaları ilə gündəmə gəlməyə, ictimai diqqətə çevrilməyə çalışıblar. Amma görünən odur ki, bu tip hay-küylü bəyanatlar ictimaiyyət tərəfindən qətiyyətlə rədd edilir. Demək olar ki, müxalif qüvvələrin xalqdan heç bir siyasi dəstəyi yoxdur. Yenidən radikal müxalifət partiyaları iddia edir ki, onlar bu ilin mart-aprel aylarında ölkədə çoxminli aksiya keçirəcəklər. Doğrudanmı, radikal düşərgədə təmsil olunan qüvvələr aksiya keçirmək gücünə malikdir? Radikal müxalifət partiya liderləri yeni liderlər ilə əvəz olunarsa, həmin düşərgədə müsbətə doğru hər hansı bir dəyişiklik ola bilərmi? Bu suallara aydınlıq gətirmək üçün müsahiblərmizə müraciət etdik.
Əhməd Orucov,
"Azadlıq" Partiyasının sədri:
- Fikrimcə, ölkədə aksiyalar keçirmək hər bir vətəndaşın, siyasi partiyanın və ictimai təşkilatın konstitusion hüququdur. Bu baxımdan, radikal müxalifət tərəfindən ölkədə aksiyaların keçirilməsi ilə bağlı nə isə demək bir az çətindir.
Demək olar ki, 20 ilə yaxındır ki, radikal müxalifət düşərgəsində fəaliyyət göstərən partiyalar uğursuzluğa düçar olub. Yəni müxalifət partiyalarının cəmiyyətdə mövqeyi çox zəifdir. Adıçəkilən partiya liderlərinin yeniləri ilə əvəz olunması radikal müxalifət partiyalarına müsbət əhval-ruhiyyə gətirə bilər. Bu baxımdan, müxalifət partiyalarına yeni siyasi liderlərin gəlməsi çox vacibdir.
Düşünürəm ki, radikal müxalifət partiya liderlərinin oturduqları kreslolar onlara müsbət heç nə gətirən deyil. Bu baxımdan, hesab edirəm ki, sözügedən rəhbərlər öz yerlərini yeni rəhbərlərə verərsə, çox yaxşı olar.
Taliyət Əliyev,
ADP-nin sədr müavini:
- Demək olar ki, ölkədə fəaliyyət göstərən siyasi partiyaların təşkilatlanması, daha çox həmin partiyaya rəhbərlik edən lider ətrafında özünü büruzə verir. Yəni insanlar daha çox lider ətrafında toparlanmağa üstünlük verirlər. Bu da cəmiyyətimizin siyasi mədəniyyət səviyyəsinin tam yetərli qədər formalaşmamasını göstərir. Onların düşüncə tərzinə görə, ölkədə fəaliyyət göstərən hər hansı bir partiya sədrinin yenisi ilə əvəz olunması həmin partiyanın inkişaf etməsinə yox, əksinə, onların daha da zəifləməsinə səbəb ola bilər. Bunun da əsas səbəbi həmin partiyalarda təmsil olunan şəxslərin ideologiya yox, lider ətrafında birləşməyə üstünlük verməsi ilə bağlıdır.
GÜLYANƏ