Daim öz hesabatlarında Azərbaycan həqiqətlərini danan "Sərhədsiz reportyorlar" adlı qurumun qərəzli əməlləri arxasında qaranlıq məqsədlərin dayanması heç kimə sirr deyil. Ancaq yəqin ki, hörmətli oxucularımıza adıçəkilən qurumun fəaliyyəti, yəni fəaliyyətinin kimə və nəyə xidmət etməsi maraqlı olardı. Çünki əldə olunan faktlar bunu deməyə əsas verir. Həmin faktlar isə "Sərhədsiz reportyorlar"ı yetərincə ifşa edir. Göstəriləcək faktların qarşısında onların yenidən nə isə iddia etmələri şəxsən mənə görə sadəcə həyasızlıq olardı.
Hələ bir müddət öncə, yəni hazırkı qərəzli hesabat verilməmiş Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı "Sərhədsiz reportyorlar" dünyada mətbuat azadlığının vəziyyəti haqqında hesabat dərc etmişdi. Hesabatla yanaşı, təşkilat dünyada mətbuatın vəziyyətinə dair özündən qondarma xəritə də tərtib etmişdi. Burada Azərbaycana münasibətdə qərəzli, həmçinin, savadsız yanaşmanı sübuta yetirmək üçün isə üç məqam mövcuddur. Belə ki, ilk olaraq, təşkilat Azərbaycanda söz azadlığının pozulduğunu iddia edərək, ölkəmizi özünün uydurduğu qondarma xəritədə qırmızı rəngdə təsvir etmişdi. Lakin Azərbaycandan fərqli olaraq təcavüzkar və avtoritar rejim rəhbərliyi altında olan Ermənistan və qonşu Gürcüstan isə sanki azad sözün çiçəkləndiyi ölkələr kimi qeyd edilmişdi. Digər hüquq müdafiə təşkilatları "Freedom House"un, "Amnesty İnternationale"nin, "Human Rightc Watch"ın rəylərində də oxşar qərəzlilik yer alsa da, "Sərhədsiz reportyorlar" son hesabatında medianın durumuna görə Ermənistanı azad olmayan ölkələr siyahısına daxil edib. Şərti cədvəldə Ermənistan Kamerun, Mərakeş və Qatar kimi ölkələrlə 146-151-ci yerləri bölüşdürülüb. Bəs onda bu təşkilatlar arasındakı fikir ayrılığını necə izah etmək olar?
İkincisi, "Sərhədsiz reportyorlar"ın qərəzli yanaşmasının və ya regionu tanımadan səriştəsiz hesabat hazırlamasının başqa bir nümunəsi isə xəritədə Naxçıvan Muxtar Respublikasının Azərbaycan ərazisi kimi göstərilməməsidir(?!) Dövlətimizin ərazi bütövlüyünü şübhə altına alan bir təşkilatın hesabatını hansı dərəcədə obyektiv və qərəzsiz hesab etmək mümkündür? Çünki bu kimi xəritə bir vaxtlar Azərbaycan xalqına və dövlətinə düşmən münasibəti ilə seçilən "Freedom House"un son hesabatında da yer almışdı. Təşkilatın rəsmi saytında yerləşdirilən "Map of Freedom" ("Azadlıq xəritəsi") adlı xəritədə Dağlıq Qarabağ mübahisəli ərazi kimi göstərilmişdi. Eyni zamanda, qonşu Gürcüstanın separatçı regionları Cənubi Osetiya və Abxaziya da müstəqil ölkə kimi təqdim edilmişdi.
Üçüncüsündə isə "Sərhədsiz reportyorlar"ın hesabatından belə təəssürat yaranır ki, İraq dünyanın azad ölkələrindəndir. Uydurduqları xəritədə qırmızı rəngdə göstərilsə də, bu ölkədən nə mətbuata təzyiq göstərən bir rəsmi şəxsin adı yer alıb, nə də öldürülən jurnalistlərin statistikası verilib. İraqın jurnalistlər üçün əsil cəhənnəm, ölüm kabusu olduğu, orada hər il onlara media mənsubunun öldürüldüyü və xəsarət aldığını, yəqin ki, hər kəs bilir.
Bizlər bir müddət öncə Amerika əsgərlərinin aviasiya atəşi ilə sıralarında nüfuzlu "Röyters" agentliyinin iki əməkdaşının da olduğu dinc sakinləri məhv etməsi səhnəsinin şahidi olmadıqmı? Bəs görəsən, sərhəd tanımayan reportyorlar niyə dünyanı şoka salan bu insidenti görməzdən gəlirlər? Onlar sərhəd tanımırlarsa, hansı səlahiyyətlə özlərindən qondarma dövlətlər qurub, onları xəritələrinə yerləşdirirlər? Naxçıvan kimi əzəli və əbədi diyarımızı Azərbaycanın ərazisi kimi təqdim etmirlər? Qarabağı mübahisəli ərazi kimi sırıyırlar?! Bəlkə İraqı cəhənnəmə döndərən "boss"larının onlara ayırdığı "tulapayı"nı kəsəcəklərindən qorxurlar?!
"Sərhədsiz reportyorlar" Azərbaycanda bloq yaradan şəxslərin məhz bu fəaliyyətlərinə görə təqib olunduğu əfsanəsinə dünya ictimaiyyətini inandırmağa cəhd edir. Bəs dünyada vəziyyət necədir?
2011-ci ildə bloggerlərin hüquq müdafiə təşkilatı olan "Threatened voices" hesabatında göstərmişdi ki, hətta dünyada özünü demokratik hesab edən supergüc ölkələrdə belə bloggerlər təqiblərə məruz qalır. 2006-cı ildə Corc Buş ailəsini tənqid etdiyinə görə Vikram Buddhi adlı blogger həbs və məhkum edilib. Özünü anarxist kimi təsvir edən 41 yaşlı sosial işçi Eliot Medison isə Pitsburq şəhərində həbs edilmiş, ona qarşı tutulmaya və ya cinayət təqibinin həyata keçirilməsinə mane olma, rabitə vasitələrindən qanunsuz istifadə etmə və cinayət alətinin özündə saxlanması ittihamları irəli sürülmüşdür. 34 yaşlı qadın, 12 yaşlı qızın anası Elişa Storm bloqunda Virciniya ştatında yerli gizli polis əməkdaşları barədə məlumatların yayılmasında ittiham edilmişdir. Sentyabrın 2-də o, ədalət mühakiməsinin həyata keçirilməsində təqsirli bilinmişdir. Bu yaxınlarda Corciya ştatının sakini Nil Horslin müğənni Elton Cona ölüm arzusu ilə bağlı videoçarxı internetə yerləşdirdiyinə görə həbs olunmuşdur.
Almaniyada isə blogger Yorq Raynholts təhqir və böhtanda dəfələrlə təqsirli bilinməsindən sonra məhkəmə tərəfindən təyin edilmiş cərimələri ödəməkdən imtina etdiyinə görə həbs edilib. Finlandiyada blogger Seppo Lehto 2008-ci il mayın 30-da Tampere rayon məhkəməsi tərəfindən 2 il 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Monakolu blogger Mark Ciakone, ehtimal olunduğuna görə, Şahzadə II Albert və digər yerli siyasətçiləri ləkələyən və ələ salan satirik İnternet saytının sahibi idi. O, 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına və 1500 avro məbləğində cəriməyə məhkum edilə bilər. Onun İnternet saytı müvəqqəti olaraq bağlanıb.
Bloggerlərin həbs və məhkum edildiyi ölkələr arasında "Sərhədsiz reportyorlar"ın adını çəkməyə qorxduğu ölkələr bunlardır isə Böyük Britaniya ( 2 nəfər hazırda həbsdədir), ABŞ ( 2 nəfər azadlığa buraxılıb, 2 nəfər isə həbsdədir), Avstraliya (1 nəfər hazırda həbsdədir), Kanada (1 nəfər hazırda həbsdədir), Almaniya (1 nəfər hazırda həbsdədir), Finlandiyadır (1 nəfər hazırda həbsdədir).
Ölkəmizi qırmızı rəngdə görənlər əsil reallıqları deməyə özlərində cəsarət tapmasalar da, onu biz deyək. Azərbaycanda ümumilikdə 850 min tirajla 325 adda qəzet yayımlanır. İdman qəzetlərinin yayım səviyyəsi 35-40, əyləncə qəzetlərinin 40-45, ictimai-siyasi qəzetlərin yayım səviyyəsi isə 75-80 faiz təşkil edir.
Azərbaycan Prezidenti 2009-cu ildə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu təsis etməklə mətbuatın inkişafını dövlətin prioritet istiqamətləri sırasına çıxardı. Fond bu vaxta kimi həyata keçirdiyi çoxsaylı layihələrlə mediada, sözün həqiqi mənasında, keyfiyyət dəyişikliyinə nail ola bilib və proses bu gün də davam edir.
Prezident İlham Əliyev bu qəbildən olan rəyləri Azərbaycana təsir göstərmə cəhdi kimi qiymətləndirir: "Bəzi dırnaqarası insan haqları qrupları bizim qonşuluqda vətəndaş hüquqları və demokratiya ilə bağlı baş verən böyük pozuntuları görmür, ancaq Azərbaycanda kiçik bir hadisə şişirdilir və biz dərhal tənqid olunuruq və bunu ölkəmizə təsir göstərmək siyasəti kimi qəbul edirik. Azərbaycanın əhəmiyyəti artdıqca dünyanın müxtəlif yerlərindən Azərbaycana təsiretmə cəhdləri də artır".
Təəssüf doğuran məqamlardan biri də odur ki, bir sıra radikal müxalifət qurumları və QHT-lər "Sərhədsiz reportyorlar" tipli qeyri-ciddi təşkilatların hazırladığı hesabatlara istinad edərək, Azərbaycandakı reallıqları öz təbirlərincə, özlərinə sərf edən kimi dəyərləndirmək istəyirlər.
RÖVŞƏN RƏSULOV
P.S. Əgər Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəməyən bir qondarma təşkilat ölkəmizlə bağlı davamlı olaraq qərəzli hesabat hazırlayırsa, bu hesabata istinad edərək Azərbaycan gerçəklərini dəyərləndirmək məhz özü-özünü ifşa etmək deməkdir.