Bu günlərə qədər müxtəlif vasitə və üsullardan istifadə etməklə sürünərək gəlib-çıxa bilmiş müxalifət yetkililərinin limitləri artıq tükənməkdədir. Məhz bu kimi amillərdən dolayı öz "varlıqlarını" ictimaiyyətə sırımağa cəhd göstərən radikal müxalifət liderləri nə yaxşı ki, Azərbaycan tarixində rol oynayan şəxsiyyətlərin doğum və ölüm günlərindən sui-istifadə edirlər. Belə ki, ADR-in qurucularından biri olmuş Məhəmməd Əmin Rəsulzadənin ölüm günü ilə əlaqədar onun Novxanıdakı abidəsi önünə toplaşacaqlarını bəyan edən Müsavat-AXCP (i) cütlüyününü tükənmiş "bəyləri" bu vasitədən öz mənafeləri üçün istifadə edəcəklərini gizlətmirlər.
Hətta M.Ə.Rəsulzadənin ruhu qarşısında hörmətsizlik göstərən İsa Qəmbərov və Əli Kərimov onun ölüm günündə "anım" adı altında aksiya keçirəcəklərini də danmırlar. Məsələ ondadır ki, radikal müxalifətin təbliğat maşını olan "Azadlıq" və "Yeni Müsavat" kimi qəzetlərdə bir neçə gün öncədən başladılmış çağırışlar arxasında Rəsulzadənin adından şəxsi mənfəət üçün istifadə olunur. Çünki nə İ.Qəmbərovun, nə də ki, Ə.Kərimovun reklam olunmaqları üçün heç bir vasitə qalmayıb. Əgər nəzərə alsaq ki, ayın 30-da (dünən) aksiya keçirmək istəyən müxalifət liderlərinin həmin çağırışları da səssiz qarşılandı, bu zaman deyilən fikirlərin nə qədər həqiqət olduğu bir daha özünü göstərir. Bu isə, onu deməyə əsas verir ki, adıçəkilən şəxslərin - Ə.Kərimovun və İ.Qəmbərovun hansı "ideyalara" xidmət etmələri hər kəsə gün kimi aydındır. Novxanıya aparmağa isə adam tapmırlar.
O da bəllidir ki, həm siyasi həm də mənəvi cəhətdən ölgünləşən radikal müxalifət liderləri öz aralarında da düşmənçilik mövqelərini saxlamaqdadırlar. Məhz həmin düşmənçilik mövqeyinin arxasında da irəli keçmək, qabağa düşmək addımları axtarılır. Daha dəqiq desək, bu adamlar kimin abidə önünə çox adam gətirəcəyi barədə yarışa giriblər. Çünki "Azadlıq" qəzeti bütövlükdə müxalifəti deyil, ayrılıqda Ə.Kərimovu "dəstəkləyənlərə" çağırışlar edir, "Yeni Müsavat" qəzetində isə həmin çağırışlar "İ.Qəmbərovun ətrafında birləşin" kimi düşük şüarlar qismində səsləndirilir. Amma həmin faydasız çağırışlar, sözsüz ki, nəticəsizliyini qoruyub-saxlayır. Ona görə də onlar hər hansı aksiya keçirməkdən ötrü ən əlverişli məqamı M.Ə.Rəsulzadənin ölüm günü hesab edirlər. Düşünürlər ki, bu tarixi şəxsiyyətin abidəsini ziyarət etmək istəyən Novxanı kəndinin sakinlərinin fotoşəkillərini çəkib, öz qəzetlərində "möhtəşəm mitinq" kimi ictimaiyyətə sırıyacaqlar. Hətta bundan bixəbər olan insanlar "Azadlıq" qəzetində Ə.Kərimovun "çoxsaylı tərəfdarları", "Yeni Müsavat" qəzetində isə İ.Qəmbərovun "kütləvi dəstəkverənləri" kimi adlandırılacaqlar. Adını da qoyacaqlar ki, bəs növbəti aksiya baş tutdu (?!)
R.RƏSULOV