PDF Oxu

Müxalifət

  • 6

Sərdar Cəlaloğlu Rəsul Quliyevi hədələdi

Sərdar Cəlaloğlu Rəsul Quliyevi hədələdi

Radikal müxalifət düşərgəsində yaranan blokların tez bir zamanda iflasa uğramaları arxasında şəxsi mənafelərə hesablanmış qarşıdurmanın olması heç kimə sirr deyil. Məhz bu kimi "birliklər" daxilində cərəyan edən çəkişmələr özünü qabarıq şəkildə büruzə verir. Bu baxımdan siyasi gündəmdə qalmağa, yaxud da siyasi gündəmə gəlməyə səy göstərən partiya sədrləri, müxalifət liderləri bütün mənalarda özlərini ifşa etmiş olurlar. Gah yazılı mətbuatda, gah da informasiya saytlarında bir-birlərinə qarşı ittihamlar irəli sürür və ictimaiyyətə özlərindən başqa heç kimin həqiqi müxalifətçi olmadığını sübut etməyə çalışırlar.

Son vaxtlar ADP sədri Sərdar Cəlaloğlu ilə "ACP" lideri Rəsul Quliyev arasında qarşılıqlı söyüşlər mətbuatın diqqət mərkəzinə çevrilib. S.Cəlaloğlu R.Quliyevi hədələyərək deyib ki, onun yenidən fəal siyasətə qayıtmaq cəhdi onun anormallığının göstəricisidir. Çünki "ACP" lideri başdan-ayağa qədər problemli insandır: "R.Quliyev deyir ki, qələbəmə çox inanıram. Ancaq unudur ki, onun problemləri var və hansısa qələbəsindən danışırsa, bu, ona ikiqat problem yaşadacaq. Heç olmasa, o, bu barədə danışmasın və məsələni fərdiləşdirməsin".

S.Cəlaloğlu R.Quliyevin bir müddət bundan öncə mətbuata verdiyi açıqlamasından hiddətlənib. Belə ki, "ACP" liderinin növbəti dəfə Bakıya qayıdacağı barədə dediyi fikirləri onu qane etməyib. Eyni zamanda, ADP sədri onun qarşıdan gələn seçkilərdə "daha şanslı olması və buna inanması" ifadəsinə görə bu qədər sərt mövqe bildirib. Çünki S.Cəlaloğlu ehtiyat edir ki, köhnə ADP-çilər yenidən R.Quliyevin şirin vədlərinə inana bilərlər və nəticədə, "ACP"-yə transfer olunarlar. Bu isə, bir daha onu deməyə əsas verir ki, istənilən seçkilər ərəfəsində birlik və blokların müxalifət düşərgəsinin birliyi barədə çağırışları etməsi bilavasitə şəxsi savaşlarla yekunlaşır. Bu dəfə də belə olacağına qətiyyən şübhə yoxdur.

RÖVŞƏN

Digər xəbərlər