Son günlər havaların soyuq və şaxtalı keçməsi öncədən verilmiş proqnozları doğrultdu. Həm də sinoptiklərin verdikləri proqnozlar siyasi proqnozlarla üst-üstə düşdü. Yəni soyuq hava şəraiti yalnız müxalifətə sirayət eləyib. Nəticədə, "ənənəvi müxalifət" adlandırılan radikal müxalifət düşərgəsi donub və bu donu görünür, heç vaxt açılmayacaq. Ona görə yox ki, qarşıdan yaz və yay fəsilləri gəlir. İlıq havalar gəldiyi zaman onların donları açılacaq. Radikalların donu ona görə açılmayacaq ki, düşdükləri budəfəki vəziyyət onların "qanqrena" verməsinə, çürüməsinə səbəb olacaq. Çürük və qoxu verən müxalifət isə kimin nəyinə lazımdır?
Hətta soyuq ayazdan, şaxtadan donaraq fəaliyyətini saxlayan müxalifət düşərgəsi özünü birtəhər yaza qədər çıxarsa belə, yazın isti nəfəsi düşərgəni əridəcək və siyasi proqnozlar yenə də özünü doğruldacaq. Rəhmətlik şairimiz Mirzə Ələkbər Sabir demişkən, əriyib suya dönərsən, axıb çaya gedərsən!
Amma məsələ bununla da bitmir. Bu gün həmin sözügedən donmuş radikal müxalifətin "İctimai Palata"sı hələ bir neçə gün bundan öncə sessiyasını keçirəcəyini bəyan etmişdi. Fəqət, şaxta, boran və ayaz bunları kökündən necə sovurdusa, heç səsləri-pəsləri belə gəlmədi. O cümlədən, Müsavat partiyası da, belə getsə, öz qurultayına qədər sağ-salamat gedib çıxa bilməyəcək. Hətta İsa Qəmbərov bundan sevinəcək. Axı həmin qurultayda yeni başqan seçilməliydi. Bu, baş vermədikdə isə, İ.Qəmbərov öz başqan postunda qalacaq. Necə deyərlər, keyfinin gəlhagəlidi, ay Qəmbərov!
Nə isə, bax, beləcə baş verən soyuq iqlim şəraiti bütövlükdə radikal müxalifətin axrına çıxdı. Qalır vida mərasimini təşkil etməyə ki, yəqin bu günlərdə radikalizmə bir nekroloq da yazılacaq. Həmin nekroloqun isə necə yazılıb-yazılmamasına baxmayaraq, həmin nekroloq məhz radikalizmə yazılmış "başsağlığı" olacaq.
RÖVŞƏN