PDF Oxu

Müxalifət

  • 14

“Quş qripi” ilə əlaqədar keçirilən    monitorinqin nəticələri açıqlandı

“Quş qripi” ilə əlaqədar keçirilən monitorinqin nəticələri açıqlandı

Azərbaycanda "quş qripi" ilə bağlı keçirilən monitorinqin nəticələri açıqlanıb. Kənd Təsərrüfatı Nazirliyi Yanında Dövlət Baytarlıq Xidmətindən Milli.Az-a verilən məlumata görə, yanvarın 23-dən başlanan monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 18 baş çöl, 2 baş ev quşunun patoloji materialları və ölkəmizin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlardan gətirilən 1364 baş ev quşunun qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib. Müayinə olunmuş nümunələrin heç birində "quş qripi" xəstəliyinin törədicisi müəyyən edilməyib. Bu nəzarəti tədbir köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında həyata keçirilib.

Monitorinqin aparıldığı ərazilərdə nə xəstə, nə də xəstəlikdən tələf olan quşlara təsadüf olunub.

Xatırladırıq ki, "quş qripi" xəstəliyinin profilaktikası məqsədilə ölkə ərazisində həyata keçirilən monitorinq Dövlət Baytarlıq Xidmətinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, eləcə də "Ovçular və balıqçılar" Cəmiyyətinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılmışdır.

Dövlət Baytarlıq Xidməti əhalinin və quşçuluq təsərrüfatı rəhbərlərinin nəzərinə çatdırır ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları mütləq qapalı şəraitdə saxlanılmalıdır. Onlar heyvan və quşlar arasında hər hansı narahatçılıq hiss etdikləri anda yerli baytarlıq məntəqələrinə, idarələrinə, eləcə də xidmətin "Qaynar xətt"inə (Tel: 563-50-06) müraciət etsinlər. Heyvan və quşlarda özbaşına müalicə, peyvəndləmə və digər tədbirləri aparmağa yol verməsinlər. Eyni zamanda Dövlət Baytarlıq Xidməti xatırladır ki, heyvanlar, o cümlədən quşlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır.

Dövlət Baytarlıq Xidməti bildirir ki, bütün növ quşların ovlanması, qanunla müəyyən edilməyən yerlərdə və ticarət obyektlərində quşların diri formada, eləcə də quş əti və məhsullarının satışı qadağandır. Xidmət onu da xatırladır ki, ticarət üçün xüsusi ayrılmış yerlərdə (bazarlarda, yarmarkalarda) dövlət baytarlıq orqanlarında qeydiyyatda olan baytarlıq nəzarəti obyektlərində baytarlıq normalarına cavab verən, baytarlıq-sanitariya ekspertizasından keçirilmiş və müvafiq baytarlıq sənədləri ilə müşayiət edilən quş əti və onun məhsulları istisna olunur.

"Quş qripi" xəstəliyinin ölkəmizə köçəri quşlarla keçmə ehtimalını hər zaman diqqət mərkəzində saxlayan Dövlət Baytarlıq Xidməti respublika ərazisində ardıcıl olaraq monitorinqləri bundan sonra da davam etdirəcək. Quşların miqrasiyasını əsas götürərək növbəti monitorinqin martın 5-də başlanması nəzərdə tutulur.

Digər xəbərlər