Müsavat partiyasında anti-demokratiyadan doğan kreslo davası getdikcə daha da qızışmaqdadır. Ancaq məsələ təkcə kreslo davası ilə bitmir. Çünki orada başqa cür hoqqabazlıqlar da müşahidə edilir ki, həmin hoqqabazlığın adı başqanokratiyadır. Yəni anti-demokratiya ilə başqanokratiyanın sintezi. Başqan olmaq istəyən hər kəs öz qruplaşmasını yaradıb və adını da qoyub ki, başqan olsa Müsavatı dağılmaqdan qurtaracaq və s. Bu isə, onu deməyə əsas verir ki, müsavatçılar, yəni başqanlığa namizədliklərini verən kəslər etiraf edirlər ki, məhz İsa Qəmbərovun rəhbərliyi altında Müsavat partiyası korroziyaya uğrayıb, bu gün həmin korroziya təşkilatı içəridən parçalayır.
İNFEKSİYA
Və beləcə başqanokratiya mühiti vəziyyəti daha da qəlizləşdirməyə başlayıb. Əslində, bu hal çoxdan mövcud idi. Xatırlatmaq istərdim ki, Müsavat daxilindəki çəkişmələrdə iştirak edən "Yeni Müsavat"ın baş yazarı Rauf Arifoğlu hələ 2003-cü il uğursuzluğu dövründə bəyan etmişdi ki, "Yeni Müsavat" partiyası yaradacaq. Lakin az keçməmiş müəyyən səbəblər üzündən bu fikrindən vaz keçdi. Sonra bu istiqamətdə digərləri - Vurğun Əyyubov və Arif Hacıyev kimi köhnələr də müəyyən fəaliyyət göstərsələr də onlar da həmin fəaliyyətlərini saxladılar. Amma bu gün...
Bugünkü vəziyyət tamamilə fərqlidir. İ.Qəmbərov təklənib. A.Hacıyev tez-tez həbsxanadan ismarıclar göndərir, tərəfdarlarını fəal olmağa çağırır. Bu günlərdə onun "nizamnamə dəyişsin - dəyişməsin dartışması" mövzusundakı məktubu başqanokratiya infeksiyasının yayılmasına, demək olar ki, təkan verdi.
Eləcə də vaxtilə "Yeni Müsavat" qəzetində köşə yazıları verən Səxavət Əlisoyun da anidən İ.Qəmbərova qarşı radikallaşması, ona həqarətlər etməsi bütün bu deyilənləri təsdiq edir. Belə ki, S.Əlisoy heç də özbaşına hərəkət etmir. Çünki onun arxasında R.Arifoğlu-Pənah Hüseynov kimi "əjdahalar" dayanıb. Bu səbəbdən də Əlisoyun başkanokratiya infeksiyasına bulaşması mərhələli deyil, qəflətən baş verib. Beləliklə vəziyyət daha da gərginləşməkdədir. Bu gərginliyin səbəbi isə bəllidir. İ.Qəmbərov "gedəcəyini" desə də bunu düşünmür. Çünki gözü doymur. Amma yadından çıxarır ki, başqan olmaq istəyən aclar da çoxdur. Onlar başqanokratiya infeksiyasına elə ciddi bulaşıblar ki, başqan olsalar, Müsavatı İ.Qəmbərov kimi mərhələli deyil, ani vaxt ərzində yeyib-bitirəcəklər. Başqanokratiya infeksiyası yaman pis zad imiş...
RÖVŞƏN