Sonuncu sessiyasında da qalmaqallardan qurtula bilməyən "İctimai Palata" rəhbərliyi artıq parçalanma və dağılma təhlükəsindən yaxa qurtara bilməyəcəyini anlayaraq, pafoslu bəyanatlar verməyə başlayıb. Görünür, boş-boş bəyanatlar səsləndirməklə nəyəsə nail olacağını düşünən "palata" rəsmiləri ölüm ayağında saman çöpünü də özünə qənimət bilir. Bu baxımdan da, tez-tez toplantılar keçirməklə guya "fəaliyyət" göstərdiyini sərgiləyir. Lakin bunun nə dərəcədə doğru olub-olmadığını verilən pafoslu bəyanatlardan da hiss etmək mümkündür. Fevralın 7-də Müsavat partiyasının qərargahında "İctimai Palata" özü kimi qondarma tərzlərlə "vicdan məhbusları" iə bağlı dəyirmi masa keçirdiyini az qala bütün informasiya saytlarında yaymağa çalışıb. Ancaq təbii ki, həmin məlumatı radikal müxalifətə mənsub informasiya saytlarından başqa heç bir agentlik yaymayıb. Ona görə yaymayıb ki, həmin xəbər, yaxud da informasiya ictimai maraqla üst-üstə düşmür. Yəni cəmiyyət haqlı olaraq bu tipli məlumatlara real gözlə baxmır.
"Vicdan məhbusu" olmadığı halda, vicdansız siyasətbazlar mövcuddur
Guya "dəyirmi masa" toplantısı adı altında cəmləşən "İctimai Palata" təmsilçiləri "masa" ətrafında o qədər anormal davranışlara yol veriblər ki, hətta öz aralarında yaşanan ixtilaflar söz müharibəsinə çevrilib. Belə ki, guya "ziyalıların"da iştirak etdiyi "müxalifət məclisi" həqiqətdə şəxsi müstəvidə cərəyan edən qarşıdurmalarla müşahidə olunub. Belə ki, yersiz şəkildə "hakimiyyətə müraciət" adlı kağızlara imza atanlar sonradan hansı xətaya yol verdiklərini anlayaraq, bundan imtina ediblər. Onların arasında hətta Müsavat və AXCP (i) yetkililəri də mövcud olub.
Maraqlıdır ki, həmin "müraciət"də nə yazılıb? Yazılıb ki, "hakimiyyət vicdan məhbuslarını dərhal azad etməsə, nə isə baş verə bilər"(?!)
Məgər buna "müraciət" adını vermək mümkündürmü? Əlbəttə ki, yox! Çünki bu, artıq həddini aşmış siyasi vələdüznalıqdır və bu vələdüznalığın arxasında müəyyən qüvvələrin sifarişləri dayanıb. Ona görə də bundan ehtiyat edən bəzi radikal müxalifətçilər sözügedən "müraciəti" imzalamaqdan vaz keçiblər. (Yəqin bəzilərinin ağılları başlarına gəlir-R.R.)
"Amnisty İnternational"və "Human Rigths Watch"ın quyruqbulayanları
"Amnisty İnternational", "Human Rigths Watch " və digər bu kimi qərəzli təşkilatların qondarma hesabatlarını əllərində bayraq tutan "palata" nümayəndələri guya bununla nəyəsə nail olacaqlarını izah etməyə çalışırlar. Hətta bu kimi olayları "Eurovision" kimi nüfuzlu yarışmaya da aid etməyə çalışırlar. Maraqlıdır ki, cinayət törədərək həbs olunmuş şəxslərin "Eurovision"a nə dəxli ola bilər? Amma bunların fikirlərinə görə nəyisə etmək "olar". Və həmin "olar"ın arxasında yalnız şəxsi mənafelərin güdülməsi dayanıb. Ona görə də bu qəbildən olan "dəyirmi masalar" keçirib, lüzumsuz "bəyanatlar" qəbul olunur. Bununla da adları çəkilən və çəkilməyən qərəzli təşkilatların quyruqbulayanları növbəti bir neçə ay yaşamaq şanslarını artırmış olurlar. Amma nə vaxta qədər? Hər halda, bulanan quyruğun ayaq arasına qısıldığı gün də uzaqda deyil.
R.RƏSULOV