Qondarma "İctimai Palata"nın azad söz və azad mediaya qarşı aparmağa cəhd göstərdiyi qarayaxma kampaniyası bu dəfə daha bir neçə qaranlıq məqamları aşakar edib. Müsavat partiyasının qərargahında təşkil olunmuş toplantıda çıxış edən radikal müxalifət qəzetlərinin və informasiya saytlarının rəhbərləri əllərinə düşən növbəti "fürsətdən" istifadə edərək, ağıllarına deyil, ağızlarına gələni danışıblar. Onlar, sadəcə, "çevir tatı, vur tatı" prinsipi ilə oraya toplaşanların vaxtlarını oğurlayıblar.
Belə ki, guya qəzetlərə "təzyiqlərin artması", onların məhkəmələr vasitəsilə cərimələnməsi, səyyar satışlara "maneələrin yaradılması" ilə bağlı dəm vuran düşərgə mənsubları bu vasitə ilə özlərinə siyasi dividend qazanmağa cəhd göstəriblər. Və bir daha məlum olub ki, keçirilən toplantının məğzi, əslində, Qərbin bəzi siyasi dairələri qarşısında götürülən öhdəliklərin yerinə yetirilməsinə göstərilən növbəti cəhd olub.
Mehman Əliyevin yüksək "artistlik" istedadı
Qondarma və qərəzli mövzu ilə bağlı "Turan" informasiya agentliyinin baş direktoru M. Əliyev heç bir sübuta əsaslanmayan iddiasında deyib ki, sən demə, medianın durumu "pisləşib", aparılan siyasət hakimiyyəti qorxutmaq və çərçivəyə salmaq istəyinə bənzəyir(?!) O, bunu reketçiliyə görə fəaliyyətini dayandırmış "Xural" qəzeti və qəzetin baş redaktoru Əvəz Zeynallı ilə əlaqələndirməyə səy göstərib. Ancaq nədənsə deməyib ki, məhz Ə.Zeynallının bilavasitə tapşırıqları əsasında "Xural" qəzetinin jurnalistləri vətndaşlara, dövlət məmurlarına, millət vəkillərinə qarşı böhtan kampaniyaları apararaq, onlardan külli miqdarda pul tələb ediblər. Bu barədə bir kəlmə də olsun danışmayan "Turan" agentliyinin rəhbəri, görünür, Ə.Zeynallı ilə həmin pulları birgə mənimsəyib və indi də "Xural"ın "müdafiəsinə" qalxıb.
Həmçinin, "Yeni Müsavat" və "Azadlıq" qəzetlərini də yaddan çıxarmayan M.Əliyev həmin qəzetlərin hansı xarici mənbələrdən maliyyələşdiyini demək əvəzinə, "ideya" irəli sürərək bildirib ki, həmin qəzetlərin məhkəmələri və kəsilən cərimələr "sifariş" xarakterlidir. Və maraqlıdır ki, nəyə görə M.Əliyev dəfələrlə təsdiq olunmuş, ictimaiyyətə bəlli olan əsil həqiqətləri bir kənara qoyaraq, hakimiyyətə qarşı qarayaxma kampaniyasına imza atır? Məgər o bilmirmi ki, həm "Yeni Müsavat", həm də "Azadlıq" qəzetləri lap elə bu ərəfələrdə, "Eurovision" mahnı yarışması ilə bağlı birbaşa Ermənistanda nəşr edilən qəzetlərin "dəyirmanlarına su töküblər", xəyanətlər törədiblər? Əbəs yerə deyil ki, erməni qəzetləri yarışma ilə bağlı bütün qərəz və böhtanlarını məhz adıçəkilən radikal müxalifət qəzetlərinə istinadən yazdıqlarını etiraf edirlər. Lakin M.Əliyev dilini qarnına qoymaq yerinə guya mətbuatın halına "yandığını" böyük artistlik istedadı ilə "canlandırıb".
Rauf Arifoğlu danışmasaydı "olmazdı"...
Təbii ki, harda aş, orada baş olan "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu da danışmasaydı olmazdı. R.Arifoğlu bütün məqamlarda özünə sərf edən frazaları ağzına almaqla, guya "ağıllı" olduğunu müxtəlif rəqəmlərlə "isbat" etməyə çalışıb. "Sanki bir müharibə situasiyasındayıq" tipli ifadələri ilə aranı qarışdırmağa səy göstərən radikal müxalifət qəzetinin baş yazarı ölkə mətbuatından danışarkən, tamamilə unudub ki, təkcə "Yeni Müsavat" qəzeti Azərbaycanla müharibə şəraitində olan Ermənistan mətbuatından qətiyyən fərqlənmir. Ona görə də özünü bir anlıq erməni mətbuatının nümayəndəsi kimi görən R.Arifoğlu "müharibə situasiyasında" olduğunu erməni mövqeyi qismində səsləndirib. Bu isə təbiidir. Hər halda, onun etdiyi qeyri-real çıxışı bütün bunları deməyə əsas verir.
Azad sözə və azad mətbuata qara yaxan "Yeni Müsavat" qəzetinin baş redaktoru hətta bir az da irəli gedərək, hər hansı "terrordan" danışarkən, unudub ki, onun özü bir vaxtlar terrorda ittiham edilmiş şəxsdir və zaman-zaman terrorçuları müdafiə edən yazıları ilə qəzet səhifələrinə çıxıb. R.Arifoğlu lap elə bu günlərdə, Əfqanıstanda "Taliban" qruplaşması daxilində öldürülən bir terrorçu haqqında "Yeni Müsavat"da yazı verdirməmişdimi? Məgər bunun özü terroru təbliğat etmək kimi dəyərləndirilməməlidirmi? Məncə, bu barədə düşünməyə dəyər.
İsa Qəmbərov və Əli Kərimov senzuranın ləğvinə qarşı çıxan insanlardan biri və birinciləridir
Müsavat başqanı İsa Qəmbərov isə yuxarıda qeyd etdiyimiz kimi, əlinə düşən "fürsətdən" yaxşıca istifadə edib. Çünki başqanlıq postunu itirmək istəməyən Müsavat başqanı burada da şəxsi mənafelərini ictimaiyyətə sırımağa çalışıb. Çıxışında hər zamankı pafosa yol verən Müsavat başqanı "bu iqtidar dəyişib xalqın iradəsi ilə hakimiyyət formalaşacaq, bu zaman isə mətbuatın indiki problemləri olmayacaq" kimi sərsəmləmələrə yol verərkən, oraya toplaşanlar xatırlatmağı unudub ki, bir zamanlar- yarıtmaz AXC-Müsavat iqtidarı dönəmində məhz İ.Qəmbərov senzuranın ləğvinə qarşı çıxanlardan biri və birincisi olub. O zamanlar Milli Məclisdə spiker vəzifəsini icra edərkən, onun bu barədə bütün stenoqramaları bu gün də arxivlərdə qalmaqdadır. Ona görə də "mətbuatın problemləri olmayacaq" tipli ifadələr işlədərkən, Müsavat başqanı əslində öz qaranlıq sifətini bir daha bəlirləmiş olur.
Eləcə də, "Eurovision" Mahnı Müsabiqəsi ətrafında yalnız öz siyasi dividendlərini güddüyünü açıq şəkildə ortaya qoymaq istəyən İ.Qəmbərov və Ə.Kərimov bunu öz dilləri ilə ifadə ediblər: "Eurovision"dan istifadə edib (diqqət yetirin, "İSTİFADƏ EDİB"-R.R.) Azərbaycanda mətbuatın problemlərini azad dünyanın diqqətinə çatdırmaq üçün aksiyalar keçirilməlidir". O, bu sərsəm fikirləri ilə müxalifət mediasına vəd verməyi də unutmayıb: "Piket və digər etiraz aksiyalarında da mətbuata dəstək verəcəyik. Media təmsilçiləri bunu nə şəkildə desələr, o şəkildə biz bunu edəcəyik".
Buradan isə agah olur ki, İ.Qəmbərov qaşınmayan yerdən qan çıxarmağa çalışır və buraya, yəni öz tərəfinə müxalifət mediasını bütövlükdə çəkməyi düşünür. Ancaq nəyin necə olmasını, hər halda, zaman tezliklə göstərəcək. Zamanın isə İ.Qəmbərovun xeyrinə işləmədiyi 20 ildən çoxdur ki, müəyyənləşib. Hər halda, İ.Qəmbərov və Ə.Kərimov 20 ildir ki, sərsəmləməyə, "ideoloqluq" etməyə davam edirlər.
R.RƏSULOV