PDF Oxu

Müxalifət

  • 5

Başqanlıqda qalmağın “ən optimal variantı” hər şeyi üzə çıxardı

Başqanlıqda qalmağın “ən optimal variantı” hər şeyi üzə çıxardı

Müsavat yetkililəri tərəfindən partiyanın qurultayının vaxtının müəyyənləşdirildiyi iddia olunsa da, əslində, bu məsələnin qeyri-müəyyən qalması heç kimə sirr deyil. Məsələ təkcə onda deyil ki, Müsavat partiyasının başqanlığı uğrunda aparılan mübarizə artıq savaş həddinə çatıb, məsələnin digər tərəfi də onadır ki, namizədliklərini irəli sürən müsavatçılara qarşı başlayan hücumların başında məhz İsa Qəmbərovun özü dayanıb. Əbəs yerə deyil ki, bir tərəfdən sözdə Arif Hacıyevin həbsdən azad olunmasını "arzu" edən İ.Qəmbərov, digər tərəfdən onun başqanlığa namizədliyinə ciddi problemlər yaratmağa çalışır. Xatırlatmaq yerinə düşərdi ki, hələ ötən ilin sonlarında Arzu Səmədbəyli "kartından" istifadə edən Müsavat başqanı sonradan həmin "kartın" açıldığını hiss etdikdən sonra, aşkar qaydada öz postunda qalmaq arzusunu gizlətmədi. Məhz bundan sonra partiyadaxili qanadlarda ciddi ziddiyyətlər əmələ gəlməyə başladı. Bunu isə bir neçə mərhələyə bölmək mümkündür:

1. İsa Qəmbərov "Yeni Müsavat" və digər müxalifət qəzetlərində, informasiya portallarında qətiyyətli şəkildə başqanlıq postunu tərk edəcəyini bəyan edirdi.

2. Müsavat partiyası qurultaya qədər başqanlığa olan namizədlərini tezliklə seçəcəyini elan etdi və bununla da partiya daxilində üstüötrülü savaş açıq savaşa çevrildi.

3. Bu savaşları süni olaraq yaradan İ.Qəmbərov həmin vasitə ilə özündən başqa heç kimin partiyanı təmizləyəcək gücündə olmamasını sərgiləməyə cəhd göstərdi.

4. Bundan sonra guya partiyanın rayon təşkilatlarında İ.Qəmbərovun nizamnamə dəyişdirilmədən Müsavat başqanlığında daha bir il (2013-cü ilə qədər) qalması ətrafında müzakirələr aparılmağa başlandı.

5. Uzun "təkidlərdən" və "tələblərdən" sonra İ.Qəmbərov daha bir il Müsavat partiyasında başqanlıq vəzifəsini icra edəcək.

6. Bu barədə partiya rəhbərliyində "ilkin razılıqlar" əldə olunub.

Məhz həmin planlar üzərində işləyən İ.Qəmbərov partiyanın dağılmasını belə gözə alaraq, öz ambisiyalarını yürütməyə səy göstərdi və həmin səylər nəticəsində başqan postunda qalmaq hərisliyini aşkar qaydada ifadə etdi.


Özünü "yandırmayan" proqnozlar


Belə ki, ilk öncə həbsdə olan köhnə müsavatçı Arif Hacıyev ciddi etiraz kampaniyası yaradaraq, partiyadan istefa verəcək. Əgər bunu etməsə, Müsavat daxilində bu günə qədər qazandığı "nailiyyətlərini" yerə vurmuş olacaq. İkinci tərəfdən, parçalanması qaçılmaz olan Müsavat "Demokratik Müsavat"a və digər "müsavatlara" ayrılacaq. Üçüncüsü isə 2013-cü ilin prezident seçkilərinə "hazırlıq" görən radikal müxalifət partiyaları arasındakı ziddiyyətli vəziyyət Müsavatın parçalanmasından təsirlənərək, daha pis hala düşəcək. Ən nəhayəti isə, ölkədə "ənənəvi müxalifət" kimi nəzərə çarpan radikal müxalifət düşərgəsi tamamilə fəaliyyətini dayandırmaq məcburiyyətində qalacaq. Bu isə, o demək deyil ki, bütün bunlar yalnız Müsavat partiyasının parçalanmasından sonra həyata keçəcək. Çünki burada AXCP (i), ADP, "Ümid", "ACP", eləcə də, "İctimai Palata" amili mövcuddur ki, həmin strukturlar arasında aparılan ciddi düşmənçilik də burada az rol oynamayacaq. Bir sözlə, Müsavatın qurultayına 20 gündən də az qaldığını iddia edənlər, əslində, radikal müxalifətin dağılmasına 20 gündən az müddət qaldığını ifadə etsələr, daha dəqiq fikir kimi qəbul olunardı. Hər halda, irəli sürülən proqnozlarımız heç vaxt özünü "yandırmayıb".

R.RƏSULOV

Digər xəbərlər