PDF Oxu

Müxalifət

  • 14

Qəzet redaktoru, yoxsa “siyasətçi”?

Qəzet redaktoru, yoxsa “siyasətçi”?

Azərbaycanın müxalifət düşərgəsində bir çox siyasətbazlar mövcuddur ki, həmin siyasətbazların ilkin olaraq, hansı əməl sahibləri olması hələ də bəlli deyil. Bu çərçivədə baxsaq, görərik ki, əslində, kimin kim olması artıq Azərbaycan ictimaiyyətinə çoxdan məlumdur. Ancaq həmin "kim"lərin həm də "nə" olmaları arxasında daha bir neçə məqamlar dayanıb.


"Azadlığ"-ın "dobro" verəni


Bu gün özünü gah AXCP (i)-nin sədri kimi, gah "ənənəvi müxalifətin anası" kimi, gah da xaricdə yaşayan qeyri-ənənəvi cinslərin lideri kimi təqdim edən Əli Kərimov indi də "qeyri-rəsmi" ad altında, rəsmi olaraq, "Azadlıq" qəzetinin redaktoru kimi fəaliyyət göstərir. Düzdür, bu qəzetdə sözügedən əməli ört-basdır etməkdən ötrü qondarma baş redaktor əvəzi yerləşdirilib. Amma əsasda AXCP (i) sədri, necə deyərlər, hər axşam oturur masa arxasında və gələn yazıları bir-bir oxuyur, "dobro"sunu verib, göndərir çapa. Yəni baş redaktorluq funksiyasını həyata keçirir. Və burada sual yaranır ki, yaxşı, sən özünü "cəbhə" sədri hesab edirsənsə, "Azadlıq" qəzeti redaksiyasında yazı oxumağın nə deməkdir? Yox, əgər baş redaktorsansa, onda onun-bunun qərargahında əlinə mikrofon alaraq, dövlətçilik əleyhinə şüarlar səsləndirməyini necə başa düşək? Görmüşük ki, bir qəzetin baş redaktoru olar və o da qəzetin mövqeyinə uyğun şəkildə öz funksiyasını həyata keçirər. Siyasətçi isə elektoratı qarşısında verdiyi vədlərini necə yerinə yetirdiyi barədə açıqlamalar verər.


Partiya sədri şəxsi mənfəətlərini heç kimə etibar etmir


Amma Ə.Kərimov nə odur, nə də ki, budur. Bir şeydən başqa, o da ki, hər kəsə bəllidir və yuxarıda da qeyd edilib. Nəticədə isə nə məlum olur? Məlum olur ki, bu "adam" bir əlində bir neçə qarpız tutub və həmin qarpızlar çox yaxın müddətdə onun əlindən yerə düşərək parçalanacaq. Məlum olur ki, AXCP (i) sədri şəxsi mənfəətlərini heç kimə etibar etmir, çünki bundan qorxur. O, ehtiyat edir ki, uzun illərdən bəri verdiyi vədlərini reallaşdırmadığı üçün yaxın zamanlarda hər şeyini itirə bilər. Buna görə də ictimaiyyətə AXCP (i)-yə yaxın mətbu orqan kimi sırınan "Azadlıq" qəzetinə nəzarət etməyi öz üzərinə götürən Ə.Kərimov bu tərəfdən də özünü sığortalamaq fikrinə düşüb. Yəni "Azadlıq"da yazan jurnalistlərin onun əleyhinə kampaniya aparılmasının qarşısını bu yolla - daxili senzura yolu ilə almağı düşünür.

Amma dünya praktikasında görünməyib ki, hər hansı partiya sədri gedib hər hansı qəzetin baş redaktoru vəzifəsini icra etsin. Ya da heç bir partiya sədri apardığı "siyasətini" özü tərəfindən qəzetə rəhbərlik üsulu ilə təbliğ etməyib. Belə ki, əgər partiya sədrinin fəaliyyəti, həqiqətən də, qənaətbəxşdirsə, onda onun siyasəti partiyasına yaxın mətbu orqanı tərəfindən tərəflənər, təbliğ edilər yox, deyilsə, yenə də həmin qəzetdə onun fəaliyyəti qınanılar, sədrin dəyişdirilməsi məsələsi gündəmə çıxar.


"Azadlıq" yazarları nəyə görə qələmlərini atıb qaçırlar?


Amma AXCP (i)-də və "Azadlıq" qəzetində hər şey tərsinədir. Partiyaya rəhbərlik edənin qəzetdə yazı oxuması "bişmiş toyuğu", hətta "xoruzu" belə güldürür. Belə çıxır ki, bu gün "Azadlıq" qəzetinin yazarlarından biri AXCP (i) sədri Ə.Kərimovu kəskin şəkildə tənqid edərsə, onun yazısı "baş redaktor" Ə.Kərimov tərəfindən zibil qutusuna atılacaq. Bu isə, onu deməyə əsas verir ki, artıq Ə.Kərimovun siyasi karyerası tükənmək üzrədir, bunun üçün isə onun əlində olan ən yaxşı imkan özünün özü tərəfindən təbliğ olunmasıdır. Çünki "Azadlıq" yazarlarına qalsa, onlar bu adamdan, ümumiyyətlə, yazmaq fikrində deyillər. Təkcə son zamanlarda "Azadlıq" qəzetindən uzaqlaşan jurnalistlərin nəyə görə qələmlərini ataraq, oranı tərk etmələri də artıq Ə.Kərimovun bütün kartlarını açıq edib. Görünür, AXCP (i) sədri "baş redaktorluq" vəzifəsinin də öhdəsindən gələ bilmək gücündə deyil.


R.RƏSULOV

Digər xəbərlər