PDF Oxu

Müxalifət

  • 9

Müsavat növbəti bəhanələr girdabında

Müsavat növbəti bəhanələr girdabında

Siyavuş Novruzov: "Əgər qurultayı keçirmək istəsələr, keçirərlər, yer bəhanəsi gətirməzlər"


Müsavat partiyasında qurultay sindromu bitmək bilmir. Belə ki, partiya rəhbərliyi guya rayonlarda konfransların başa çatdığını iddia etsə də, məlum olub ki, əslində, heç bir konfrans keçirilməyib və bu konfranslarda, ümumiyyətlə, qurultay üçün namizədlər seçilməyib. Eyni zamanda, başqa məsələlər də mövcuddur ki, həmin məsələlərin ən başlıcası hazırkı başqan İsa Qəmbərovun öz postundan getmək istəməməsidir. Daha dəqiq desək, İ.Qəmbərov bu istiqamətdə "tədbirlər planı" hazırlayıb, bu müstəvidə hərəkətə keçib. Müsavat partiyasında isə müxtəlif bəhanələr gətirərək, guya qurultayın keçirilməməsində hakimiyyətin əli olduğu iddia edilir. Ancaq həqiqətlər ictimaiyyətdən gizlədilməkdədir.

Bu barədə mətbuata açıqlama verən Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Siyavuş Novruzov da qeyd edib ki, Müsavat partiyasının qurultayını guya yer ayrılmamasına görə təxirə salması onların bəhanəsidir: "Mən əvvəlki fikrimdə qalıram, olanlar da fikrimi təsdiq edir. Müsavat partiyası, daha dəqiqi, İ.Qəmbərov qurultay keçirmək istəmir".


"Müsavatın qurultayını da bu cür "keçirmək" istəyirlər, yəni əslində, keçirmək istəmirlər"


Siyavuş Novruzov qeyd edib ki, partiyanın qurultayının təxirə salınmasının əsil səbəbi rayon təşkilatlarında yaranmış qarşıdurmadır. Qarşıdurmaya səbəb isə hər təşkilat tərəfindən ayrı-ayrı namizədin partiya rəhbəri seçilməsini tələb etməsidir. Daha dəqiq desək, Müsavat "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanuna uyğun olaraq, həmişə ayrılmış yerdə aksiya keçirməyərək, başqa yer istəyir, hansı ki, bu yerin onlara verilməyəcəyini bilir: "Müsavatın qurultayını da bu cür "keçirmək" istəyirlər, yəni əslində, keçirmək istəmirlər. Əgər qurultayı keçirmək istəsələr, keçirərlər, yer bəhanəsi gətirməzlər. Bununla, İ.Qəmbərov, əslində, səlahiyyət müddətini uzatmaq istəyir. Müsavatda indi qurultay olsa, çox biabırçılıqlar üzə çıxacaq. Bizdə artıq bu cür informasiyalar var. Əgər qurultay keçirilsə, partiyadan istefalar olacaq. Çünki hazırda partiya rəhbərliyinə namizədlər arasında qarşıdurmalar yaranıb".


Aparılan "qara piar" kampaniyası partiyanın öz əleyhinə işləyir


Bu gün Müsavat partiyasının yetkili şəxsləri bütün bu həqiqətlərin üzərindən özlərinə uyğun tərzdə keçmək istəsələr də, bu, onlarda alınmır. Nəticədə, onlar piar kampaniyaları keçirirlər. Lakin unudurlar ki, Müsavat partiyası da daxil olmaqla, Azərbaycanda dövlət qeydiyyatından keçmiş partiyaların əksəriyyətinin qurultay, toplantı, nizamnamə fəaliyyətinə uyğun olan digər tədbirlərinin keçirilməsi üçün müvafiq yerlər indiyədək ayrılıb. Ancaq onlar qurultay keçirilməsi uyğun olmayan yerləri tələb edərək, ajiotaj yaradacaqlarını düşünürlər. Görünür, bu vasitə də onlarda fiaskoya uğramağa başlayıb. Əks-təqdirdə, partiya öz qurultayını çoxdan keçirmiş olardı.


R.Hüseynova

Digər xəbərlər