PDF Oxu

Müxalifət

  • 11

Radikal liderlərin köhnə mərəzi

Radikal liderlərin köhnə mərəzi

Bu gün radikal müxalifətin 2013-cü il prezident seçkilərindən danışması, hansı "formada" və hansı "birlikdə" qatılacağına dair bəyanatlar vermələri, əslində, onların canlarında qalmış köhnə mərəzin çıxmadığına dəlalət edir. Görünən həqiqət isə odur ki, radikal müxalifət liderlərinin özləri də siyasi gələcəklərinə qeyri-nikbin baxırlar. Hətta öz daxillərində belə hər hansı təşəbbüs irəli sürülsə də, həmin təşəbbüslərə avtoritar partiya sədrləri tərəfindən əngəllər yaradılır, ortaya çıxan fikirlərə ironik münasibət sərgilənir. Yəni müxalifətin daxilindəki mərəz məhz bu düşərgədəkilərin canını almaq üzrədir.


İsa Qəmbərov: "Elçibəy yaxşı insandır, amma prezident vəzifəsi onluq deyil"


Radikal müxalifət hələ də "qış yuxusu"ndan ayıla bilmir. Çünki baş verən uğursuzluqlar fonunda onların yuxuya getmələri özlərinə də sərf edir. Çünki ortada bir zamanlar onlara inanlara cavab vermək amili dayanıb. Cavab isə yoxdur. Eyni zamanda, "fəallıq" göstərənlərin isə ortaya bir nəticə qoya bilməməsi üçün iki partiya - AXCP (i) və Müsavata tərəfindən müxtəlif süni maneələr yaradılır. Belə ki, el dili ilə desək, özləri heç bir yaralı barmağa məlhəm qoya bilmirlər, siyasi səhnədə müəyyən mənada, özlərini göstərməyə çalışanların fəaliyyətinə də kölgə salmağa cəhdlər edirlər. Bu əsasda yuxarıda adları çəkilən partiya sədrlərinin - Əli Kərimovun və İsa Qəmbərovun adlarını hallandırmaq lap yerinə düşər. Və əslində, müxalifətə başqa bir düşmən lazım deyil. Müxalifətin içində elələri var ki, onlar öz əməllərilə düşərgəyə daha çox zərbə vururlar. Bəs kimdir onlar? Əlbəttə ki, düşərgəyə 2005-ci ildən sonra ən ciddi zərbəni İ.Qəmbərov vurub.

2005-ci ildə müxalifətin birliyinə ən böyük zərbəni Müsavat vurmuşdu, indi də məhz İ.Qəmbərovun bu vaxta qədər şəxsi və partiya maraqlarını təmin etmək yönündə yürütdüyü siyasətin nəticəsidir ki, müxalifət düşərgəsi dirçələ hətta buna yaxın düşə bilmir. Nəzərə almaq lazımdır ki, hələ 90-cı illərdə İ.Qəmbərov əlinə düşən sükanın digərlərinin əlinə keçməsinə imkan vermirdi. "Elçibəy yaxşı insandır, amma prezident vəzifəsi onluq deyil" kimi fikirlərin arxasında da məhz İ.Qəmbərov hiyləsi dayanırdı.


Elektoratın başı daşa dəyib


Bu gün şəxsi ambisiyalar Müsavat başqanında o qədər yüksəkdir ki, o, müxalifət liderlərindən hansısa birinin özündən irəli getməsilə razılaşa bilməz. Özünün seçilmək, önə çıxmaq imkanları isə yox dərəcəsindədir. Nəyə qadir olduğunu 2003-cü ildə o qədər qabarıq şəkildə nümayiş etdirdi ki, indi bu ölkədə İ.Qəmbərovun nə vaxtsa prezident (Allah eləməsin) ola biləcəyinə heç kəs inanmır və buna inanmaq da istəmir. Onun yaxın ətrafı da artıq bu barədə götür-qoy edir. Lakin Müsavat başqanı hələ də elə zənn edir ki, azsaylı elektoratı var və həmin kütlə məhz onu dəstəkləyəcək. Amma həmin elektoratın başı nəinki 2003-cü ildə, eləcə də, ondan sonra elə daşa dəyməyib ki, üzərindən on il keçdikdən sonra - 2013-cü ildə bu cür səhvə yol verməz. 2005, 2008 və 2010-cu illərin biabırçılığını da heç kəs unutmayıb. Hətta İ.Qəmbərovun özü də...


R.RƏSULOV

Digər xəbərlər