PDF Oxu

Müxalifət

  • 12

“İctimai Palata”da növbəti böhran

“İctimai Palata”da növbəti böhran

Müsavat partiyasının qurultay məsələsi fiaskoya uğradıqdan sonra və İsa Qəmbərovun başqanlıq postundan gedəcəyi ilə bağlı yaranmış söz-söhbətlər "İctimai Palata" da AXCP (i)-nin qurum daxilində müəyyən rıçaqlar əldə etməsinə səbəb olmuşdu. İ.Qəmbərovun "Nizamnamə dəyişsə də, başqan olmayacağam" tipli özünütəbliğ əməliyyatları bir tərəfdən Müsavatın xeyirinə işləsə də, digər tərəfdən partiyanın "İctimai Palata" daxilində düşmənçiliyi onun AXCP (i)-yə məğlubiyyəti ilə nəticələnmişdi. Belə yerdə sual yaranırdı ki, İ.Qəmbərov bu qədər "getmə" təkidlərinə rəğmən niyə iki ayağını bir başmağa dirəyərək gedir? Bu sual çərçivəsində Müsavat rəhbərliyi sıravilərinə İ.Qəmbərovun "gedişinin" əsil məqsədini açıqlaya bilmirdi. Mətbuata verilən açıqlamalardan məlum olurdu ki, İ.Qəmbərov guya "demokratiya" naminə başqanlığını əldən verir. Guya istəyir ki, partiyada "demokratik mühit" olsun, Müsavatın "demokratiyaya daha bir xidmət nümunəsi"ni göstərsin. Ancaq bütövlükdə götürsək, piar kampaniyası şəklini alan bu gedişat, əslində, heç də uğurlu arqument deyildi. Yəni sıravi müsavatçıları buna inandırmaq mümkün deyildi.

Bu piardan isə AXCP (i) və partiyanın sədri Əli Kərimov maksimum dərəcədə yararlandı. Belə ki, Müsavatda başqanlıq uğrundakı savaş partiyada indinin özündə də pərakəndəlik, inamsızlıq yaradıb. Eyni zamanda, müsavatçılar bilmirdilər ki, İ.Qəmbərovdan sonrakı başqan kim olacaq. Davakar, ironiyalarla danışan, təhqiredici xarakterinə görə, Müsavatda və radikal müxalifət düşərgəsində qəbul olunmayan Arif Hacıyevmi, yoxsa Müsavata "klassiklər"dən gəlmiş, Müsavatda o qədər də qəbul olunmayan, etibar edilməyən məclis sədri Arzu Səmədbəylimi? Ona görə də yaranmış bu cür əlverişli vəziyyətdən "cəbhə strateqləri" yaxşıca mənfəət əldə etdilər. Ə.Kərimovu tərəddüd içində çabalayan İ. Qəmbərovun yaratdığı boşluğa tərəf itələdilər.

Əbəs yerə deyil ki, "Azadlıq" radiosundakı sorğudan sonra, bu günlərdə AXCP (i)-yə meyilli saytlardan digər biri də sorğu keçirib, "lider kim olsun" məsələsi müzakirə edilib. Burada Ə.Kərimov guya ən çox səs toplayan lider olub. Artıq AXCP (i) bu faktı neçə gündür ki təbliğə, piara çevirib. Artıq ortaya bu fikir də atılıb: Madam ki, İ.Qəmbərov gedir, onda "vahid namizəd" elə Ə.Kərimov olsun. Eləcə də, Müsavatda vəziyyətin bu yerə gəlib çatacağını bilirdilər. A.Səmədbəylinin ara-sıra başqanlıqdan getsə də, "İsa Qəmbərov prezidentliyə namizəd olacaq" tipli açıqlamaları bu ehtiyatkarlıqdan irəli gəlirdi. Müsavatda müzakirələr uzun sürdü və nəhayət, A.Səmədbəylinin xətti qalib gəldi. Müsavat divanı qurultayın ertələnməsi barədə qərara çıxardı. Qərar belə əsaslandırılır ki, guya BŞİH Müsavata istədiyi zalı verməyib. Amma bu da ciddi və inandırıcı arqument deyil. Müsavat Əl Oyunları Sarayını deyil, Təbriz kinoteatrını da istəyə bilərdi. Belə çıxır ki, Müsavat qurultayı (əslində, başqanlıq seçimlərini) təxirə salmaq üçün bəhanə arayırmış. Məqsəd başqanlıq seçimlərini arxa plana atmaq, İ.Qəmbərovun hələ də siyasi səhnədən çəkilmək niyyətində olmadığını ortaya qoymaq, "İctimai Palata"da "vahid namizəd" uğrunda Ə.Kərimova qarşı olacağını göstərməkdir.

R.NURƏDDİNOĞLU

Digər xəbərlər