Son günlər AXCP (i) sədri Əli Kərimovun "cəbhə" üzvləri qarşısında primitiv özünütəbliğ şousu yaratması cəmiyyətdə gülüşlə qarşılanıb. Belə ki, partiyanın son müşavirəsində "cəbhə" sədrinin özü tərəfindən "nüfuz qaldırma" siyasəti aparması bir çoxlarına bəzi məqamları agah edib. Həmin məqamlardan biri və ən başlıcası isə Ə.Kərimovun bir neçə gənci süni şəkildə AXCP (i)-yə üzv etmək cəhdidir. Yəni bu adam, əslində, partiyasının iflasa "uğramadığını" reklam etməkdən ötrü bu addımı atıb.
Belə ki, əldə edilən məlumatlara görə, "cəbhənin" biletləri təqdim olunarkən, həmin gənclərdən bir neçəsi "Müsavat partiyasına xidmət edəcəyəm" kimi çaşqın ifadələr işlədərək, zalda oturmuş beş-on nəfərin gülüş hədəfinə çevriliblər. Bu isə, onu deməyə əsas verir ki, əslində, AXCP (i) ilə Müsavatı tərs salanların, ümumiyyətlə, ictimai-siyasi hadisələrdən xəbərləri yoxdur və onlar sadəcə sifarişlə partiyaya üzv yazılıblar. Ona görə də "cəbhəyə" daxil olan yeni partiya üzvü oranı müsavatçı kimi tərk edir. Nəticədə, kim biabır olur? Əlbəttə ki, Ə.Kərimov.
Kimlər qaldı, kimlər getdi?
Mərhum Əbülfəz Elçibəy AXC - ni yaradarkən, onu parçalayaraq, AXCP (i) edən də məhz Ə.Kərimov olmuşdur. O Ə.Kərimov ki, bu gün Ə.Elçibəyin adından aşkar şəkildə sui-istifadə edərək, yararlanmağa, siyasi manipulyasiyalar, dəllallıqlar etməyə cəhd göstərir. Çünki hər iki təşkilat - AXC ilə AXCP (i) arasında fərqlər çoxdur. Ona görə ki, Ə.Elçibəyin vaxtında orada bu günün BAXCP sədri Qüdrət Həsənquliyev, "KXCP" sədri Mirmahmud Fəttayev, Əliməmməd Nuriyev, "Aydınlar" partiyasının sədri Qulamhüseyn Əlibəyli, BQP sədri Fazil Mustafa da vardı. Amma indi yoxdurlar. Ona görə ki, orada Ə.Kərimov kimi siyasi dələduz oturub və avtoritar idarəçiliklə məşğuldur. Ə.Elçibəy haqq dünyasına qovuşduqdan sonra yuxarıda adları çəkilənlərin hər biri onun yerinə namizəd ola bilərdilər. Amma Ə.Kərimov onların partiyadan getmələri üçün əlindən gələn bütün rəzilliklərə getdi və nəticədə özü- özü üçün AXCP (i) yaratdı. Daha dəqiq desək, "cəbhəni" cəbhəciklərə ayırdı. İndi də durub deyir ki, o, Ə.Elçibəyin "sələfiymiş" (?!)
Səhvlərini anlayanlar və həqiqətə bağlananlar
Bu günlərdə "İctimai Palata"nın 2 aprel 2011-ci il tarixində Bakının mərkəzində keçirdiyi razılaşdırılmamış aksiya zamanı saxlanılan AXCP (i) fəalı Elnur İsrafilov adlı gənc öz səhvini anlayaraq, təmsil olunduğu partiyadan istefa verdiyini bəyan edib. O, bunu Ə.Kərimovun yalnız öz ambisiyası xətrinə gəncləri qurban verməsi ilə əlaqələndirib. Çünki o, səhvini gec, ya da tez olaraq anlayıb. Anlayıb ki, Ə.Kərimovun xəyanəti onun da adına yazıla bilər, Ə.Kərimovun dövlətçiliyə xain kəsilməsi onun da gələcəyini puç edər. Ona görə də E.İsrafilov zamanında düzgün yol seçərək, ondan imtina etdiyini və Yeni Azərbaycan Partiyasına üzv olması üçün müraciət etdiyini bəyan edib. Hər halda, Ə.Kərimov AXCP (i)-nin "gəncləşməsindən" dəm vurarkən, əslində, gənclərin ona qarşı olan nifrətindən də danışmalıdır. Ancaq danışmır. Danışmadıqca isə, həmin gənclərin minlərləsi YAP-a üzv olmaq üçün müraciətlər edir və edəcək. Artıq bu reallıq dəfələrlə sübuta yetirilib. Çünki Ə.Kərimovun partbiletləri yararsızdır.
RÖVŞƏN