PDF Oxu

Müxalifət

  • 12

İsa Qəmbər - Əli Kərimli dueti

İsa Qəmbər - Əli Kərimli dueti

Ortada "heç nə" yoxkən, nələr bölüşdürülür?


Müxalifət partiyalarının rəhbərləri arasında bəzən açıq, bəzən də gizli xarakter daşıyan düşmən münasibətlər ictimaiyyətin diqqətindən kənarda qalmır və həmin düşmənçilik müxalifətdaxili müzakirələrin əsas mövzularından biridir. Son günlər mətbuat səhifələrində müttəfiq olduqlarını bəyan edən İsa Qəmbər və Əli Kərimli arasındakı liderlik savaşı da məhz bu qəbildəndir.

Belə ki, Müsavat başqanı və AXCP (i) sədri arasında imitasiya xarakteri alan "səmimi ittifaq" artıq ictimaiyyət arasında qeyri-səmimilik kimi qiymətləndirilməkdədir. Yəni bu imitasiyaya inanmaq üçün ya gərək sadəlövhlüyün zirvəsində olasan, ya da gərək siyasətdən heç başın çıxmaya. Çünki bu iki insanın bütün fəaliyyətləri dövründə bir-birlərinə olan mənfi münasibəti AXCP (i) və Müsavatın ən sıravi üzləri arasındakı münasibətlərə də təsir etməkdədir. Məhz radikal müxalifətin bu gün yaşadığı tənəzzülün əsas səbəblərindən biri də məhz bu cəbhənin ən üst qatında normal, işgüzar və etibarlı bir düzənin olmamasıdır. Bu baxımdan yanaşsaq, görərik ki, İ.Qəmbərlə Ə.Kərimli arasında ziddiyyətlərin zəngin tarixi var və yaxın tarixə qısa ekskurs bu məsələ ilə bağlı əsil həqiqətləri yaddaşlarda yeniləməyə kifayət edər.


İsa Qəmbər, 2000-ci il: "Mən Əli Kərimli adda siyasətçi

tanımıram"


Hələ 2000-ci il parlament seçkiləri ərəfəsində vəziyyəti bir yada salaq. İ.Qəmbər Ə.Kərimlini həmin dövrlərdə elə vəziyyətə saldı ki, AXCP (i) sədri öz siyasi varlığını qorumaq üçün o vaxt AMİP sədri olan Etibar Məmmədova sığınıb, onun diktə elədiyi bütün şərtləri, oyun qaydalarını qəbul etmək məcburiyyətində qaldı. İ.Qəmbərin müxalifət mediasına verdiyi müsahibəsində söyləmiş olduğu bir fikri hələ də xatırlayırıq: "Mən Ə. Kərimli adda siyasətçi tanımıram".


Əli Kərimli, 2000-ci il: "İsa Qəmbərlə tanış olarıq"


Amma Ə.Kərimlinin də cavabı özünü çox gözlətmədi. O, Müsavat başqanına cavab olaraq "İ.Qəmbərlə tanış olarıq!" demişdi.

2005-ci ildə parlamentə getdiyinə görə AXCP (i) Müsavatı xəyanətdə ittiham etdi. Bütün bu baş verənləri xatırlayarkən, indi bunların hansı səmimi birlikdən danışıqları gülüş doğurmaya bilməz. Və haqlı olaraq sual yaranır ki, yüksələn qaynar səviyyəyə qədər konflikt yaşamış bu insanlar yaxın keçmişin unudulduğunu zənn edərək, cəmiyyəti, tərəfdarlarını irəli sürdükləri fikirlərinə inandıra bilərlərmi? Belə ki, az-çox siyasi təfəkkürü olan hər bir insana aydındır ki, radikal müxalifətin liderləri hakimiyyət sevdasından çoxdan əl çəkiblər. Sadəcə, qazanc mənbəyindən vaz keçə bilmirlər. Ona görə də bütün güclərini müxalifəti monopoliyada saxlamağa yönəldiblər. Elə, Müsavat partiyasında başqan seçkisini nəzərdə tutan qurultayın gecikdirilməsi, Ə. Kərimlinin bütün iddialı müavinlərini bir anın içində partiyadan çıxdaş edib yerlərinə bir işə yaramayan, tamamilə istedadsız insanları gətirməsi də bu niyyətin bariz sübutdur.


Siyasi kapitalla özlərini batıranlar


Son günlər İ.Qəmbərlə Ə.Kərimli arasında qarşıdurmalar, seçki dövrü yaxınlaşdıqca bu cür tamaşaların artması, şouların azalmayacağına dəlalət edir. Hətta hazırda gizlində olan, heç bir oyun qaydalarına tabe olmayan gedişlər, söz atışmaları çox yaxın zamanlarda qarşılıqlı ittiham və iftiralarla əvəzləncək. Necə deyərlər, bu gün gördüklərimiz, şahid olduqlarımız hələ əlifbadır.

"İctimai Palata" adlanan qondarma qurumda keçirilən seçkilərdə İ. Qəmbərin Ə.Kərimlini üstələməsi qarşı tərəfdə kifayət qədər qıcıq yarandı və AXCP (i)-nin ənənəvi üslubunda adekvat plan işə düşdü. Sadəcə, klassik dövrlərlə müqayisədə tək fərq onda idi ki, bu dəfə plan muzdlu köşə yazarları vasitəsi ilə deyil, "Azadlıq" radiosu vasitəsi ilə icra olundu. Belə məqamda illərdir öz cavabını tapmayan sual yenidən meydana çıxır: İ.Qəmbər və Ə.Kərimli hələ ortada olan "heç nə"yi bölüşə bilmədikləri halda, "hakimiyyəti" necə bölüşəcəklər? Yaxud da bu cür qarşıdurmalarla ad çıxarmış insanlara cəmiyyət hansı mesajı verməlidir? Təbii ki, sadəcə, layiq olduqlarını! Hərçənd görünən odur ki, qarşılarına varlanmaq məqsədi qoyanlar, siyasi kapital toplamaq istəyənlər böyük ehtimalla atdıqları hər addımda özlərini bir az da batırmaqda israrlıdırlar.


R.Hüseynova

Digər xəbərlər