PDF Oxu

Müxalifət

  • 10

Uğursuz və sifarişli “siyasi karyera”

Uğursuz və sifarişli “siyasi karyera”

Hələ ötən parlament seçkilərindən öncə siyasi ictimaiyyət arasında, xüsusilə, radikal müxalifət düşərgəsində tez-tez adı hallanmağa başlayan və əslən Gürcüstandan olan iş adamı Sakit Allahverdiyev öz antidövlətçilik fəaliyyəti ilə yadda qalmışdı. Belə ki, onun istər Rusiyada, istərsə də Türkiyədəki biznes fəaliyyəti qeyri-normal siyasət girdabına bulaşmış və o, öz biznesindən olan gəlirlərinin bir hissəsini Azərbaycanın radikal müxalifət partiyalarına xərcləməyə başlamışdır. Xüsusilə, AXCP (i) sədri Əli Kərimli ilə yaxın əlaqələr quran S.Allahverdiyev həm partiyaya, həm də bu siyasi təşkilatın mətbu orqanı sayılan "Azadlıq" qəzetinə müəyyən pul yardımları göstərmişdir. Lakin sonradan onun Ə.Kərimli ilə münasibəti kəskin soyuyaraq, intriqa halına qədər yüksəlmişdi. Daha dəqiq desək, iş adamının ayırdığı pulları bilavasitə "cəbhə" sədri Ə.Kərimli şəxsi mənfəəti qismində mənimsəmişdi. Maraqlıdır ki, hələ o zamanlar bu barədə açıqlamalar verən S.Allahverdiyev Ə.Kərimlini dilənçilikdə ittiham edərək, bundan sonra müxalifətlə əməkdaşlıq etməyə layiq olmadığını bildirmişdi.

Ancaq əldə etdiyimiz digər məlumatlara görə, həm Rusiyada, həm də Türkiyədə yaşayan iş adamı bu dəfə özünü daha "sanballı" göstərməkdən ötrü Azərbaycan dövlətçiliyinə qarşı yeni planlar qurmuş və həmin planlarını reallaşdırmaqdan ötrü "Milli Konsey" yaradacağını bəyan etmişdir. Hələlik, bu məsələni qloballaşdırmamaqdan ötrü susmağı üstün tutan S.Allahverdiyev öz yaxın ətrafına bildirib ki, aprel ayının 21-22-də Türkiyənin İzmir şəhərində "Beynəlxalq Azərbaycan Türkləri Forumu" adlı geniş tədbir keçirəcəkdir. Tədbir zamanı isə sözügedən "Milli Konsey"in nizamnaməsi qəbul olunacaq, təşkilatın ilkin idarə heyəti seçiləcək, təşkilati işlərlə bağlı müzakirələr aparılacaq. İlk baxışdan elə də böyük təsir bağışlamayan "forum"un keçirilməsi, ciddi təsirə malik olmasa da, burada daha bir neçə məqamın diqqət çəkməsi bir neçə qaranlıq qalmış məsələləri də gün işığına çıxarmış olur.

Belə ki, əldə etdiyimiz digər məlumatlara görə S.Allahverdiyev bir daha öz yaxın ətrafı ilə etdiyi söhbəti zamanı bildirmişdi ki, o "Beynəlxalq Azərbaycan Türkləri Forumu"nda "Mili Konsey"in prezidenti seçiləcəkdir. Belə ki, sözügedən "forum"un keçirilməsi zəruridir və Azərbaycan siyasi arenasında fəaliyyət göstərən qüvvələrdən fərqli olaraq, burada "üçüncü qüvvə"nin yaradılması və təşkilatlanmasına ehtiyac var.

Onun bu ətrafda irəli sürdüyü iddialara nəzər saldığımız zaman bəlli olur ki, S.Allahverdiyev, əslində, öz "siyasi karyerası"nı qurmağa cəhd göstərir və həmin cəhdin arxasında bilavasitə antidövlətçilik maraqları üstünlük təşkil edir. Əgər belə olmasa idi, onun radikal müxalifət partiyalarının xəyanətkar liderləri ilə sıx təması olmazdı. Və görünür, hər iki tərəf arasında yaranmış problemləri bəhanə edən S.Allahverdiyev burada mövcud iqtidara qarşı da "siyasi həmlə" planını da düşünür. Çünki bu günə qədər onun, nəinki radikal müxalifətlə, eləcə də, digər xarici anti-Azərbaycan qüvvələri ilə əməkdaşlıq etməsi məlum olmuşdur. O, bu əməkdaşlığı biznes fəaliyyəti nəticəsində qurmuş və bu gün də həmin fəaliyyətini sözügedən çərçivədə davam etdirir. Başqa tərəfdən isə S.Allahverdiyevin gizli təşkilatlardan sifariş alaraq bu cür antimilli addımı atması da ehtimallar daxilindədir. Bu və hadisələrdən bəlli olur ki, adıçəkilən iş adamının sifariş əsasında həyata keçirməyə səy göstərdiyi bu kimi addımlar, əslində, onun özündən daha çox, xarici qüvvələrə sərf edən olaydır.


R.RƏSULOV

Digər xəbərlər