PDF Oxu

Müxalifət

  • 9

Harada aş, orada baş

Harada aş, orada baş

Bu gün kimsə velosipeddən yıxılsa, Müsavat başqanı İsa Qəmbər həmin saat partiyası adından bəyan edəcək ki, bəs yıxılan adam müxalifətçi idi və asfaltın bir balaca əyri olmasını da iqtidar təşkil edib ki, həmin velosiped sürən müxalifətçi yıxılsın yerə və burnunu qanatsın. Yaxud da içinə kolbasa bükülmüş "Azadlıq" qəzetini əlində tutaraq avtomobil yolunu keçmək istəyən birisini maşın vurarsa, AXCP (i) sədri Əli Kərimli yığacaq özü kimi harayçıları başına və düşəcək Almaniya səfirliyinin canına ki, bəs qoymayın, həmin adam "cəbhəçiymiş" və əlində "Azadlıq" qəzetinə bükülmüş kolbasa oxuduğuna görə, maşını onun üstünə sürən iqtidar imiş. Axı onun əlində "Azadlıq" qəzeti var idi. (?!)

Bax, belə bir motiv ətrafında siyasət yürüdən radikal müxalifət partiyalarının liderləri cılız şəkildə hakimiyyətə gəlmək iddialarını ortaya qoyurlar. Üstəlik, Qərb təşkilatlarından da tələb edirlər ki, bu cür siyasəti davamlı etməkdən ötrü onlara göstərdikləri yardımları artırsınlar. Fəqət, Qərbin bəzi siyasi dairələri artıq uzun müddətdir ki, bu kimi vəziyyəti davam etdirsələr də, radikallar nəinki hakimiyyətə, heç onun həndəvərindən belə keçməyə layiq olmadıqlarını bu kimi ucuzluqları ilə sübut ediblər.

Bu gün ölkənin hansısa regionunda su kəmərindən su sızırsa, həmin kəmər bərpa edilirsə, asfalt yollar təmirə dayandırılırsa, tikinti-quruculuq işləri aparılırsa və işlər yalnız yaxşıya doğru gedirsə, bu, radikal müxalifətin gözündə "dağıdıcılıq" kimi görünür. Amma belə halda onlara - lap elə İ.Qəmbərlə Ə.Kərimova sual vemək istəyirəm ki, 92-ci illərdə millətin, xalqın qanına-canına susayan məgər sizlər deyildiniz? Və bu gün əlinizə bir balaca pul düşən kimi küçələrə səpələnərək, iqtidarın qurub-yaratdıqlarını dağıtmaq, yandırmaq, söküb-tökmək istəyən də sizlər deyilmisiniz? Bir də ki, nəyə görə haradasa bir balaca məişət problemi yaranan kimi, o saat bəyanatlar, daha nə bilim, nə zibillər qaynadaraq, harada aş - orada baş olmaq istəyirsiniz? Axı anlamaq lazımdır ki, bitib-tükənmiş radikalizm, ümumiyyətlə, xalq tərəfindən rədd edilir, qəbul olunmur. Hətta məişət tələbi edən vətəndaşlar belə, bildirirlər ki, bütün bunlar (yəni xırda məişət problemləri) tez bir zamanda dövlətimiz, hökumətimiz tərəfindən qaydasına qoyulacaq. Axı dəfələrlə bu ölkədə xalq-dövlət və dövlət-xalq vahid birliyi özünü təsdiq edib!

Ona görə də bu gün müxtəlif sərsəm bəyanatlar verərək, hansısa vəziyyətdən sui-istifadə etmək istəyən İ.Qəmbər və Ə.Kərimli həqiqətdə vətəndaşların qətiyyən marağında deyillər. Deyillərsə, onda havayıyeyən adamlar kimi niyə harada aş - orada başdırlar? Sualın cavabını da özümüz verəcəyik: "Çünki xarici maliyyələrdən bəhrələnərək, aşa dadanan radikal müxalifət liderlərinin həmin aşdan başları ağırlaşır. Baş ağırlaşanda isə, onu "kəsib atırlar".


RÖVŞƏN

Digər xəbərlər