Radikal müxalifət düşərgəsində iqtidara və ümumilikdə, Azərbaycan uğurlarına qısqanclıqla yanaşma tərzi dəyişilməz qalmaqda davam edir. Demək olar ki, hər gün bu "siyasət" çərçivəsində ölkədə baş verən əhəmiyyətli dəyişikliklərə ayrı cür don geyindirilir və nəticədə, ictimaiyyət arasında bir daha məlum olur ki, radikalizm ünsürləri, bilavasitə, Azərbaycanın uğurlarını bəzi xarici siyasi dairələrinə başqa cür təqdim edirlər. Yəni heç bir səbəb olmadan, öz şəxsi mənafeləri üçün böhtan kampaniyalarına start verirlər.
Bu barədə mətbuata açıqlama verərkən, Yeni Azərbaycan Partiyasının İcra katibi, millət vəkili Əli Əhmədov vurğulamışdır ki, Azərbaycanın radikal müxalifət düşərgəsi bu kimi iyrənc üsullardan istifadə edərək, Azərbaycanın imicinə xələl gətirə biləcək hər şeyi edir: "Azərbaycana qara yaxmaq müxalifətin ideologiyasına çevrilib".
Bu çərçivədə Müsavat başqanı İsa Qəmbərin, AXCP (i) sədri Əli Kərimlinin xüsusi canfəşanlıq göstərmələri də cəmiyyətin nəzərindən qaçmır. Belə ki, onlar əldə edilən nailiyyətlərə, o cümlədən, "Eurovision" kimi nüfuzlu yarışmaya kölgə salaraq, xarici dövlətlərdə tamamilə başqa mənzərə canlandırmağa cəhdlər göstərirlər: "Əli Kərimli dəridən-qabıqdan çıxır ki, yalançı uydurma ittihamlarla Azərbaycanı xarici ölkələrin mətbuatında və ya maraqlı dairələrində müzakirə predmetinə çevirsin. "Eurovision" Mahnı Müsabiqəsində qələbə və bu müsabiqənin Bakı şəhərində keçirilməsi təkcə mühüm tarixi-mədəni hadisə deyil, həm də Azərbaycan dövlətinin mədəni özünütəsdiqidir".
Buradan isə bir daha məlum olur ki, radikal müxalifət liderlərinin bütün cəhdləri yalnız siyasi mənfəət güdmələrinə hesablanıb və onları nə dövlətçilik, nə millətçilik, nə də ki, vətənpərvərlik maraqlandırmır. Ona görə də, bütün məqamlarda bu kimi iyrənc siyasi metodlarla siyasi gündəmlərdə qalmağa çalışırlar. Bu isə onlara yaxşı heç nə vəd etmir. Çünki bu vasitə ilə onlar həm də ermənilərin dəyirmanlarına su tökürlər. Əbəs yerə deyil ki, bütün bu kimi hadisələrdə erməni mətbuatı yalnız Azərbaycanın radikal müxalifət mətbuatına istinad edir. Məhz Əli Əhmədov da buna fikir bildirərkən vurğulamışdır ki, "Eurovision"un Bakıda keçirilməsinə qarşı çıxan iki qüvvə var: ermənilər və Azərbaycan müxalifətinin bəzi dəstələri".
Görünür, radikal müxalifət ünsürləri əllərinə düşən bu imkandan maksimum şəkildə yararlanmaq istəyirlər və həmin "yararlanmalardan" alacaqları pay onların bir daha biabır olmaları ilə nəticələnəcək. Hər halda xalqın gözü tərəzidir.
R.HÜSEYNOVA