Demokratik cəmiyyətin atributlarından biri də insan hüquq və azadlıqlarının müdafiəsi və onların yaşayışının ən yüksək formada təminatıdır. Birmənalı şəkildə demək olar ki, Azərbaycanda qeyd olunan prinsiplərə tam şəkildə riayət olunur. Konstitusiyanın əsas müddəaları insan hüquq və azadlıqlarının müdafiəsinə həsr olunur. Azərbaycan Respublikasının Prezidentinin humanizm prinsiplərinə əsaslanan Fərman və sərəncamlarının müəyyən hissəsi vətəndaş cəmiyyəti quruculuğuna, demokratik təsisatların təminatına, insan hüquqlarının müdafiəsinə həsr olunub. Amma razılaşmaq lazımdır ki, bəzən cəmiyyətdə öz iddialarını reallaşdıra bilməyən ayrı-ayrı fərdlər demokratik qanunları lazımi səviyyədə dəyərləndirə bilmirlər. Daha doğrusu, demokratik mühitin verdiyi imkanlardan sui-istifadə etməklə ağızlarına deyil, ağıllarına gələni danışırlar. Elə hallar da var ki, bu tip arzuolunmaz şəxslər sırasına adlarını ziyalı qoyan şəxslər də qoşulurlar. Ən təəccüblüsü isə "ziyalı" deyilən həmin demaqoqlar kənar qüvvələrin istək və arzularını reallaşdırırlar. Misal kimi, "Ziyalılar forumu" deyilən qondarma qurumda təmsil olunan bir neçə "ziyalı"nın xarici qüvvələrin tapşırığına uyğun olan demaqogiyaya tam uyğun olan fikirlər səsləndirib, fəaliyyət yolu tutmalarıdır. "Ziyalılar forumu"nda təmsil olunan şəxslərin siyahısına nəzər yetirsək, aydın şəkildə görmək olar ki, bu şəxslərin böyük əksəriyyəti xarici ölkələrin lobbisi qismində çıxış edirlər. Forumun baş ifaçısı hesab olunan Eldar Namazov ABŞ-ın Azərbaycanda qrup maraqlarını həyata keçirən şəxs olduğunu hər kəs bilir. Təkcə bir faktı demək kifayətdir ki, həmin faktla, yəni E.Namazovun yalnız 2011-ci ildə ABŞ fondları tərəfindən 111 min dollar maliyyə vəsaiti alması ilə bu məxluqatın fikrində və beynində hansı ideyalar gəzdirdiyini bilmək olar. Rüstəm İbrahimbəyovun, Gültəkin Hacıbəylinin, Rafiq Əliyevin, Zəfər Quliyevin, Cəmil Həsənlinin və digərlərinin hansı qüvvələrə və dövlətlərə bağlı olduğunu da siyasi prosesləri səthi də olsa izləyənlər tam şəkildə bilirlər. Düzdür, bəzən həmin şəxslərin sırasında arzu etmədiyin şəxslərin də olması acı təəssüf doğurur. Belə daxilən acı təəssüf doğuran şəxslərdən biri də eks-millət vəkili Gültəkin Hacıbəylidir. Bu xanım ixtisasca şərqşünas olsa da, hüquq elmindən az-çox başının çıxması və fars dilindən arada bir var-gəl etməsi Azərbaycan elminə az-çox töhfə verə biləcəyi ümidləri yaranır. Amma yenə də təəssüf və təəccüb doğuran məqam ondan ibarətdir ki, 2010-cu ildə keçirilən parlament seçkilərində deputat seçilə bilməməsi ilə barışa bilməyən G.Hacıbəyli təsir altına düşərək zamanında xidmətində dayandığı ideologiyaya qarşı çıxdı. Hətta bir qədər də uzağa gedərək, milli maraqlara qarşı yönələn fikirlər səsləndirdi. Bundan istifadə edən radikal müxalifətin mətbu orqanları G.Hacıbəyliyə çaşdırıcı və təxribat xarakterli suallarla müraciət edərək onu arzuolunmaz vəziyyətə saldılar.
Qeyd etmək lazımdır ki, eks-millət vəkili Gültəkin Hacıbəyli sabah Müsavat partiyasının qurultayında iştirak edib, orada pafoslu fikirlər səsləndirsə və ya Rəsul Quliyevlə eyni mövqedən çıxış etdiyini bəyan etsə, bundan artıq təəccüblənməyə dəyməyəcək. Hətta İranın müəyyən maraqlı dairələri ilə işbirliyinə girərək, mənimsədiyi fars dili ilə anlaşmalar əldə etsə də, bundan fəlakət yaranmayacaq. Çünki əqidəsindən gözlənilmədən dönən, qəbul etdiyi prinsiplərə və ideologiyaya qarşı çıxan bir şəxsdən sonrakı mərhələlərdə atacağı hər cür addımı gözləmək olar.
İ.ƏLİYEV