PDF Oxu

Müxalifət

  • 8

Tahir Kərimli: “Radikal müxalifət iflic vəziyyətdədir”

Tahir Kərimli: “Radikal müxalifət iflic vəziyyətdədir”

- Tahir müəllim, Rəsul Quliyevə görə köhnə fikirli partiya sədrlərini yeni idealı qüvvələr əvəz etməlidir. Bu təklifin reallaşması üçün müxalifət düşərgəsində nə çatmır?

- Hesab edirəm ki, radikal müxalifət düşərgəsində köhnə fikirli partiya sədrlərinin yeniləri ilə əvəz edilməsi yaxşı fikirdir. Amma bu təklifin reallaşması üçün radikal müxalifət düşərgəsində real namizəd yoxdur. Əslində, bu diktator yönlü radikal partiya rəhbərləri özlərinə xas bir şəkildə siyasət yürütməklə, yeni ab-havanın və yeni idealı qüvvələrin yaranmasına mane olurlar. Belə ki, onların fikirləri ilə hesablaşmayan qüvvələr alternativ fikirlər irəli sürdükləri üçün partiya sıralarından uzaqlaşdırılıblar. Buna görə də, radikal müxalifət partiyalarında real qüvvə qalmayıb. Avtoritar bir üsul-idarə yaradaraq, nüfuzlarını artırmağa çalışaraq, özlərindən başqa ideal bir liderin olmadığını göstərməyə çalışan radikal müxalifət partiya sədrləri, əslində, Azərbaycan cəmiyyətində heç bir siyasi potensiala və nüfuza malik olmadıqlarını özləri də aydın şəkildə başa düşürlər. Yəni radikal müxalifət liderlərinin yeni liderlərlə əvəz olunmasına ehtiyac var.

- Müxalifət liderləri bir olmaqdan daim danışıblar. Amma əməldə fərqli mövqe ortaya qoyublar. Müxalifətin ən böyük problemi, liderlərin müstəqil olmamaları ilə əlaqələndirmək olarmı?

- Radikal müxalifət iflic vəziyyətindədir. Özlərini bir-birilərinə qarşı üzdə səmimi göstərməyə çalışan radikal partiya rəhbərləri, əslində, aqressiv bir mövqedən çıxış edərək, öz şəxsi ambisiyalarını irəli sürürlər. Buna, İsa Qəmbər və Əli Kərimli qarşıdurmasını misal gətirmək olar. Uğursuz siyasətlərini ört-basdır etmə və saxtakarlıq və yalan üzərində qurulan siyasi bloklarda birləşmə cəhdləri, heç bir nəticə vermir. Belə ki, hər bir partiya rəhbəri özünü radikal müxalifətin vahid lideri, ən azından prezidentliyə yeganə namizəd və gələcəyin prezidenti kimi görür. Göründüyü kimi, bu radikal müxalifət partiya liderləri yaranmış şəraitə uyğun olaraq, birləşmək imitasiyası edirlər. Əslində isə, daxillərindən gələn o nifrət, kin, bir-birini görməməzlik və götürməməzlik hissi həm onların mətbuatlarında, həm də şifahi təbliğatlarında davam edir. Buna görə də radikal müxalifətin birləşməsi qeyri-mümkündür!

İLQAR

Digər xəbərlər