Bu gün müxalifət düşərgəsində təmsil olunan bir çox şəxslər öz siyasi mövqelərindəki pərdəarxası məqamlarını müxtəlif üsullarla, vasitələrlə gizlətməyə cəhdlər göstərirlər. Hətta adlarını konstruktiv, ya da loyal müxalifətçi kimi tanıdan partiya sədrləri belə, cəmiyyətdə normal müxalifətçi təsiri bağışlasalar da, onların iç üzlərindəki bəzi nüanslar sonradan bəlli olur və həmin bəlliolma faktları həqiqətdə onların əsil kimliklərini, nəyə xidmət etdiklərini ortaya çıxarır. Və sirr deyil ki, vaxtilə eyni "cəbhədə" olan adamların bir çoxu hazırda konstruktiv müxalifətdən olan partiya sədri funksiyasını yerinə yetirməklə, guya radikalizmdən nə qədər uzaq olduqlarını nümayişkəranə şəkildə sərgiləyirlər. Onlar hesab edirlər ki, məhz bu vasitə ilə, yəni sözdə konstruktiv, gizlində isə radikal fəaliyyətləri ilə (dağıdıcı müxalifətlə separatçı danışıqlara, anlaşmalara getməklə - R.R.) nəyəsə nail olacaqlar. Bəlkə də onlardan bir neçəsinin parlamentdə müxalifətçi deputat kimi kresloya sahiblənmələri də bu kimi tendensiyaların nəticələridir.
Bu əsnada VHP sədri Sabir Rüstəmxanlının da mövqeyi ikibaşlı siyasət təsiri bağışlayır. Bu gün S.Rüstəmxanlının Milli Məclisdə deputatlıq etməyi, cəmiyyətdə özünü az qala mələk kimi təqdim etməsi də yuxarıda qeyd olunan amillərin bir parçasıdır. Çünki hər an sifətini dəyişməyi bacaran VHP sədri hələ də həqiqi müxalifətçilik prinsiplərindən anlaşıqlı deyil. Bir tərəfdən radikal müxalifət düşərgəsinə "od pükürən", orada təsis olunmuş "palata" timsalındakı qondarma qurumları "ağ yuyub, qara sərən" S.Rüstəmxanlının sonradan həmin qurumlara dağıdıcılıq missiyasını həyata keçirmək üçün qərargahında "regional" toplantıya şərait yaratması başadüşülən deyil və sual oyadır. O, VHP qərargahında bir növ "İctimai Palata"ya "İP"ucu verməklə ölkədə yaranmış sabitliyin pozulmasına da geniş şərait yaratmış olur. Ən azından millətinin vəkili olan kəs bunu etməməli idi.
VHP sədri bir zamanlar
dediyi sözlərini, indi böyük iştahla yeyir
"Onsuz da bir sıra siyasi qüvvələr artıq siyasətdən uzaqlaşıblar. Yalnız görüntü xatirinə qalırlar. Parlament seçkilərindən sonra bəzi müxalifət liderlərinin siyasətdən getmələrinə ciddi təsir edəcək".
S.Rüstəmxanlı bunu sonuncu parlament seçiklərindən öncə mətbuata verdiyi açıqlamasında demişdi. Çünki onda da çox gözəl bilirdi ki, sağlam düşüncəli ictimaiyyət radikalizmə yox deyir və həmin timsalda çıxış edənlər xalq tərəfindən rədd olunur. Hər halda, parlament seçkisi öncəsi VHP sədrinin deputatlığa namizəd qismində bu kimi fikirlər səsləndirməsi onun təbliğatında müəyyən rol oynadı və o, yenidən millət vəkili seçildi. Daha dəqiq desək, dövlətçilik maraqlarından çıxış edərək, dağıdıcı müxalifətə qarşı platforma qurdu və seçildi. S.Rüstəmxanlı o dövrlər "hesab edirdi" ki, daimi olaraq uğursuzluq zolağında yaşamaq və məğlub durumda, siyasətdə heç bir şey etmədən qalmaq mümkün deyil və radikallar siyasi səhnəni tərk etməlidirlər: "Biz istədik-istəmədik, zaman öz işini görür. Ona görə də, təbii şəkildə siyasətdən çəkilmə halları mövcuddur. Tək adamlar qalsalar da, onların ətrafında heç kim qalmaz. Necə ki bir sıra siyasi partiyaların başından adamlar dağılıb-gedirlər".
Necə də düzgün ifadələrdir, deyilmi? Ancaq həmin "düzgünlüyün" sonradan təkzib olunması məsələsi S.Rüstəmxanlının hər an ikibaşlı siyasət oyunu oynamasından, onun əqidəsizliyindən doğan amildir. O amil ki, bütövlükdə, bütün müxalifətə aiddir. Hər halda, VHP qərargahında "İctimai Palata" adlı qondarma quruma istənilən şəraitin yaradılması, VHP-də Müsavat başqanı İsa Qəmbərin, AXCP (i) Ə.Kərimlinin "icazəsiz kütləvi etiraz aksiyalarına" səslənmələrini, antidövlətçi çağırışlarını təmin etməsini onun bir vaxtlar dedikləri ilə necə uzlaşa bilər?! Bu gün VHP sədri həm də bir zamanlar dediyi sözlərini böyük iştahla yeyir. Hətta bir az da irəli gedərək, toxluq edir.
VHP - "İctimai Palata"nın boynuna keçəcək "İP"in edam eşafotu
Məlumdur ki, S.Rüstəmxanlı da "İctimai Palata"nın isterkasına, yoluxucu xəstəliyinə bulaşıb və burada onun hər hansı dividendlər barədə düşünməməsini demək, bəlkə də ağılsızlıq olardı. Hər halda, radikalizm siyasətinə qarşı çıxan birinin bir an içində dəyişilərək, radikalizmə qucaq açması fonunda hər hansı siyasi sifarişlərin həyata keçirilməsi də bu timsaldandır. Çünki "İP"-in boynuna keçəcək kəndirin məhz VHP-də düyün tutması, S.Rüstəmxanlının qərargahının edam eşafotu rolunda çıxış etməsinə zəmin yaradır. Çünki tez bir zamanda dağılma və iflasolma şəraitindən qurtula bilməyəcək "İctimai Palata" və oranı monopoliyaya çevirən AXCP (i) sədri Ə.Kərimlinin, Müsavat başqanı İ.Qəmbərin son sözləri VHP-də deyildi. Bu baxımdan da, VHP-nin onlar üçün edam eşafotu sayılmasını da ehtimal etmək mümkündür.
R.RƏSULOV