Bu gün birmənalı mövqe ondan ibarətdir ki, Azərbaycan gəncliyi öz intellekti, bilik və bacarığı ilə regionda sayılan, seçilən və qəbul edilən qüvvəyə çevrilib. Bunun da səbəbi Azərbaycan dövlətinin gənclərə xüsusi diqqət və qayğı göstərməsi, onların sağlam, vətənpərvərlik ruhunda böyümələrinə önəm verməsidir. Artıq Azərbaycan gəncliyinin xoş sədaları nüfuzlu beynəlxalq təşkilatlardan, forumlardan gəlməkdədir. Bu yerdə isə təəssüf doğuran məqam ondan ibarətdir ki, bəzi maraqlı qüvvələr Azərbaycan gəncliyini öz yolundan, dövlət və vətən üçün çalışmalarından döndərməyə çalışırlar. Əsasən də, "İctimai Palata" deyilən qondarma qurumda təmsil olunan AXCP (i), Müsavat və bu kimi digər partiyaların da təmsilçiləri gəncləri yenidən 1993-cü illərdəki pərakəndə və dağınıq olan, eləcə də, müxtəlif pozucu qrupların təsiri altında olan gəncliyə qaytarmağa çalışırlar. Bunun üçün bilavasitə İ.Qəmbərov və Ə.Kərimlinin ideya və müəllifliyi ilə "Nida vətəndaş hərəkatı", "Azad gənclər təşkilatı", "Dalğa", "İnsan hüquqları" və digər bu kimi anormal görünən qondarma gənclər təşkilatları yaradır, məram və məqsədlərini anlamayan müəyyən gəncləri həmin təşkilatları toplayırlar. Təbii ki, həmin gənclərə müəyyən qədər maliyyə vəsaitləri də verirlər. Qərəzli təbliğata və verilən maliyyə vəsaitindən ruhlanan gənclər bəzən küçələrə çıxır, qeyri-qanuni çağırışlar edir, dövlət və xalq əleyhinə şüarlar səsləndirirlər. Bununla kifayətlənməyən həmin gənclər sosial şəbəkələrdə də Azərbaycanın bir milyondan çox insanın ev-eşiyindən didərgin salıb, 20 faiz torpaqlarını işğal edən Serj Sarkisyanın, Seyran Ohanyanın, Robert Köçəryanın yaxın ətrafı olan gənclərlə əməkdaşlıq edib, onlardan Azərbaycan əleyhinə anti-təbliğat kampaniyası aparılmasında kömək istəyirlər. Təbii ki, ermənilər də Azərbaycan gənclərinin istək və arzularını yerinə yetirməklə, dövlətimiz əleyhinə iş aparmaqda səylərini genişləndirirlər.
Alınan və təsdiq olunan məlumatlara görə, martın 6-da "Elmlər Akademiyası" metrostansiyası yaxınlığındakı parkda bir qrup gəncin icazəsiz aksiya keçirməsinə Yerevandan olan gənclər də sosial şəbəkə vasitəsilə dəstək veriblər. Bunu sonradan AXCP (i) Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı və Müsavat Gənclər Təşkalatının sədr müavini Səxavət Soltanlı da təsdiqləyib. "Nida Vətəndaş Hərəkatı"nın üzvü Üzeyir Məmmədli isə bildirib ki, martın 2-də "Dalğa" gənclər hərəkatının AXCP (i)-dən olan üzvlərinin poçtlarına "Fransadan olan erməni gəncləri sizinlədir" formasında məktublar ünvanlanıb.
"Elmlər Akademiyası" stansiyası yaxınlığında keçirilən etiraz aksiyası zamanı Müsavat başqanı İsa Qəmbərin təlimatına və tapşırığına uyğun olaraq Rövşən Əsədov, Samir Hüseynli, Ziya Zöhrab, Nuru Nuruzadə, Renat Nəcəfov, Bəyim Həsənli, Məmməd İbrahimov, Dəyanət Babayev, Bəhruz Həsənov asayişi qoruyan polis əməkdaşlarına hücum edərək, onlara bədən xəsarəti yetirməyə çalışıblar. AXCP (i) sədri Əli Kərimlinin yaxın qohumları hesab olunan Saqif Qurbanov və Toğrul İbrahimov metro stansiyasına daxil olaraq sərnişinlər arasında ajiotaj yaradılmasına səylər göstəriblər. Amma bütün hallarda ayıq-sayıq olan polis əməkdaşları təxribatların qarşısını vaxtında və yüksək peşəkarlıqla alıblar. Bununla da, AXCP (i) və Müsavat liderlərinin planlaşdırdıqları pozucu aksiyanın qarşısı növbəti dəfə alınıb.
İ.ƏLİYEV