PDF Oxu

Müxalifət

  • 7

Qeyri-obyektiv məntiqsizlik

Qeyri-obyektiv məntiqsizlik

Artıq bir neçə vaxtdır ki, özlərini beynəlxalq qurumlar timsalında təqdim edən bəzi xarici təşkilatlar Azərbaycana qarşı qərəzli mövqelərini sərgiləməkdə davam edirlər. Bu cür təşkilatların qərəzləri isə bilavasitə radikal müxalifət liderlərinin sərsəmlədikləri fikirlərlə üst-üstə düşür. Digər tərəfdən də, məlum olur ki, sözügedən təşkilatlar, əslində, heç bir sorğular, müəyyənləşdirilmiş tədbirlər çərçivəsində hesabatlar yazmırlar. Daha dəqiq desək, belə qurumlar hər il öz yazdıqlarını təzələyir və bununla da ictimaiyyətə hər hansı qondarma hesabat təqdim etdiklərini fikirləşirlər. Amma ortada başqa faktlar da dayanır ki, həmin faktların ən təəssüfedicisi diktatorluq və avtoritarizm siyasəti ilə idarə edilən Ermənistan mənbələrinin həmin hesabatlara istinad etmələridir.

Bu isə, o fikir yaradır ki, baş verənlərin arxasında məhz Azərbaycan xalqına və dövlətçiliyinə xəyanətkar, satqınçılıq mövqeyi nümayiş etdirən radikal müxalifət mənsubları dayanır. Onlar bu vasitə ilə həm də erməni aşnalarının dəyirmanlarına su tökür, müqabilində ikitərəfli iyrənc qazanclar əldə edirlər. Təkcə son dövrlər "Human Richts Watch", "Amnesty İnternational", "West Mister", "Transparency İnternational", "Freedom Nouse" kimi hesabatlar hazırlayan beynəlxalq qurumların qərəz dolu məlumatlarına nəzər yetirsək, deyilənlərin nə qədər həqiqətə uyğun olduğunun şahidlərinə çevrilir və məhz onların ictimailəşdirdikləri bəyanatlarına istinad edən erməni mətbuatı, QHT-ləri beynəlxalq miqyaslara çıxaraq, guya ölkəmizdə anti-demokratiya ab-havası sürdüyünü sərsəmləyirlər.

"Səs" qəzetinə açıqlama verən millət vəkili Aydın Mirzəzadə bu təşkilatların hər zaman qərəzli mövqe nümayiş etdirdiklərini söylədi: "Bir faktı qeyd edim ki, hətta bu təşkilatlar qərəzli mövqe ilə bağlı sadə insanlar arasında da məşhurdurlar. Sözsüz ki, Azərbaycana qarşı edilən bu qərəzin səbəbləri də artıq aydındır. Çünki Azərbaycanın son illər dünyada müstəqil siyasət yürüdən bir dövlət kimi qəbul olunması, həm iqtisadi, həm siyasi olaraq, gücünün artması bir sıra daxili və xarici qüvvələr tərəfindən qəbul, həzm edilə bilinmir. Yuxarıda qeyd etdiyiniz təşkilatlar isə, sadəcə olaraq, Azərbaycanı həzm edə bilməyənlər sırasında olmaqla, belə qüvvələrin vasitəsinə çevriliblər. Digər səbəb isə Bakıda keçiriləcək "Evroviziya-2012" Mahnı Müsabiqəsi ərəfəsində söylənilən qərəzli fikirlərdir".

Millət vəkili onu da bildirdi ki, Azərbaycan haqqında mənfi fikirlərin söylənməsində maraqlı olan daxili qüvvələr də var: "Azərbaycanın demokratik, konstruktiv müxalifətindən fərqli olaraq, radikal müxalifəti belə təşkilatların dəyirmanına su tökməklə məşğuldur. Onlar, bir qayda olaraq, Azərbaycanın pislənilməsi yolunu tutublar. Ona görə də, bəzən elə gəlir ki, bu səpkili açıqlamalar, fikirlər, əslində, radikal müxalifətin mətbəxində hazırlanır. Belə açıqlamalar və hesabatlarla radikal müxalifətin fikirlərinin oxşarlığı da bunu deməyə əsas verir. Hesab edirəm ki, "Evroviziya-2012" kimi mötəbər müsabiqənin keçirilməsi ərəfəsində belə qərəzli mövqe tutan təşkilatlar ilə radikal müxalifətin ölkəmizə qarşı kampaniyasıdır".

Millət vəkili onu da xatırlatdı ki, adıçəkilən təşkilatların Azərbaycana qarşı münasibəti heç vaxt yaxşı olmayıb: "Bu münasibət daim obyektivlikdən uzaq, hansısa qərəzlərə söykənən münasibət olub. Bunu hər zaman görmüşük. Təşkilatın bu açıqlaması isə, onların heç də insan haqlarını düşünməsi, demokratiyanın qayğısına qalması ilə ölçülməməlidir. Çünki reallıqdan uzaq fikirlərlə ölkədə çox az olan, lakin çox şey istəyən radikal müxalifətin fikirləri ilə ümumi olaraq ölkə haqqında rəy çıxarmaq düzgün deyil. Onlar, sadəcə, müəyyən qüvvələrə xidmət edən təşkilat olaraq tapşırıqlar nəticəsində belə bir "məhsul" ortaya qoyurlar. Əvəzində isə, özlərinə lazım olan maliyyəni əldə etməyə çalışırlar".

Millət vəkili bir məqamı da vurğulayaraq, bildirdi ki, burada Azərbaycanı istəməyən qüvvələrin də rolu var: "Təbii ki, Azərbaycanın güclənməsini, artan gücünü qəbul edə bilməyən qüvvələr var. Bunun nəticəsidir ki, bəzi təşkilatlar, o cümlədən, daim qeyri-obyektivliyi ilə seçilən "Human Richts Watch", "Amnesty İnternational", "West Mister", "Transparency İnternational", "Freedom Nouse" ölkəmizin imicini korlamağa, nüfuzuna xələl gətirməyə çalışaraq, dezinformasiyalara əsaslanan açıqlamalar verib. Amma bunu əhəmiyyətsiz də hesab etmək olar. Bu təşkilatların verdiyi açıqlamalarda qərəzli tərəflərdən biri, Azərbaycanda azad sözün olmaması, plüralizmin qorunmaması, mətbuata təzyiqlərin olması ilə bağlıdır. Bu fikirlərdən Azərbaycan reallığına qayıtdıqda isə, ölkədə 4 mindən artıq KİV-in olmasını görürük ki, bu da plüralizmin olması deyil, bəs nədir? O cümlədən, dövlət tərəfindən mətbuatın maddi-texniki bazasını möhkəmləndirməyə, jurnalistlərin sosial durumunun yaxşılaşdırılmasına yönələn addımlar atılır ki, bu da ölkə mətbuatının inkişaf etməsində xüsusi rol oynayır. Hesab edirəm ki, belə hesabatlar həmin təşkilatların nüfuzlarına ciddi zərbədir".


RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər