Bu günlərdə radikal müxalifət düşərgəsinin guya aktivləşməsi fonunda göstərməyə cəhd etdikləri siyasi oyunbazlıqları, əslində, bir çox məqamları üzə çıxarmış olur. Belə ki, istər AXCP (i) sədri Əli Kərimovun, istərsə də Müsavat başqanı İsa Qəmbərovun bu və ya digər şəkildə təhdidedici fikirlərlə çıxış etmələri, həmin çıxışlarında bilavasitə dağıdıcılıq funksiyalarını yenidən gündəmə çıxarma səyləri ictimaiyyət tərəfindən birmənalı qarşılanmır.
Çünki həmin insanların hakimiyyət hərislikləri onların bu kimi açıqlamalar vermələrinə şərait yaradan bəzi xarici qüvvələr tərəfindən təşkil edilir. Həmin qüvvələrin əsas məqsədləri isə bu kimi xain qüvvələrin hərisliklərini təmin etmək və öz maraqlarını burada istiqamətləndirməkdən ibarətdir.
Bu kimi məsələlər ətrafında Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədovun irəli sürdüyü fikirlərə diqqət yetirərkən, bir daha aydın olur ki, radikal müxalifətin və həmin düşərgənin liderlərinin dağıdıcılıq çağırışları şəxsi mənfəətlərə hesablanmış addımlardan başqa heç nə deyil. Məhz AXCP (i) sədri Ə.Kərimovun bu ərəfələrdə "Oda TV"-yə verdiyi müsahibəsi də həmin məqsədlərin bir hissəsi kimi dəyərləndirilməkdədir. Və burada digər faktların da olması diqqət çəkir: "Ağıllı siyasətçilər hər bir mesajını seçicilərinə, yəni ölkə vətəndaşlarına edir. Çünki siyasətçi üçün yeganə məqbul dəstək seçicidən gələ bilər. Ölkədaxili siyasi məsələlərin xarici mətbuat səhifələrinə çıxarılması tamamilə mənasızdır. Ona görə ki, bunu edənə, o, heç nə vəd etmir".
Bu gün Ə.Kərimov kimilərinin ölkədə dinlənilməməsi, onların işlətdikləri hər bir ifadəyə istehzayla yanaşılması da yuxarıda qeyd edilən faktları təsdiq edən amillərdəndir. Məhz bu məsələyə də münasibət bildirən Əli Əhmədov qeyd edib ki, əlac qalıb anti-Azərbaycan təbliğatı aparan, maraqlı dairələrə xidmət göstərən xarici mətbuata: "Mən istərdim ki, hörmətli oxucular düşünsünlər ki, vətənpərvərlikdən dəm vuran müxalifətçilərin anti-Azərbaycan təbliğatının kiçik iştirakçısına çevrilməsi vətənpərvərlik anlayışına nə dərəcədə uyğun gəlir".
Əlbəttə ki, öz ölkəsinə qarşı satqınçılıq missiyasını həyata keçirən Ə.Kərimovun xarici mətbuat səhifələrindəki çıxışları heç bir məntiqə sığmamaqla yanaşı, onun xəyanətkar mövqeyini yetərincə təsdiq edir. Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov da AXCP (i) sədrinin bu kimi bəd əməllərinə münasibətini bildirərkən, deyib ki, əslində, Ə.Kərimov Azərbaycan siyasətində satqınlıq simvoludur: "O, vaxtilə Elçibəyi, ondan sonra ətrafında olanları satdı. İndi də Azərbaycanın maraqlarını satmaqla məşğuldur."
Onu da vurğulamaq yerinə düşərdi ki, Ə.Kərimov öz çirkin niyyətlərini yerinə yetirməkdən ötrü hətta gənc nəslin nümayəndələrindən də yararlanmağa cəhdlər göstərir. Bu isə, bir daha deməyə əsas verir ki, bu adam öz ətrafındakı qruplara yalnız ziyankarlıq öyrədə bilər. YAP İcra katibinin müavini, millət vəkili S.Novruzov Ə.Kərimovun gənclərə ziyankarlıqdan, xəyanətdən başqa heç bir şey öyrədə bilmədiyini də söyləyib: "Ə.Kərimli gənclərə dağıdıcılıq, ziyankarlıq, xəyanət öyrədə bilər. Özü ayrı-ayrı dövlətlərdən pul alıb necə Azərbaycan əleyhinə işləyirsə, gəncləri də buna öyrətmək istəyir".
Rəfiqə Hüseynova