Hüquqi dövlət quruculuğu prosesində inamla irəliləyən Azərbaycanda qəbul olunan qanunlar və həyata keçirilən islahatların böyük əksəriyyəti insan hüquq və azadlıqlarının müdafiəsinə həsr olunur. Demək olar ki, insan haqlarının müdafiəsinə görə, Azərbaycan Avropada ən yaxşı nümunə sayılan dövlətlərdəndir. Bunu AŞ PA-nın bu yaxınlarda insan hüquqları ilə bağlı Strasburqda keçirilən toplantısında bir daha qurum rəhbərləri dilə gətiriblər. Bir daha təsdiq olunub ki, Azərbaycan Avropa Şurasının bütün sahələri üzrə qayda və prinsiplərinə tam şəkildə riayət edir. Amma təəccüb və təəssüf doğuran hal ondan ibarətdir ki, yaradılan demokratik şəraiti sapı özümüzdən olan baltalar səhv başa düşüb və buna uyğun da anormal mövqe nümayiş etdirirlər. Ən faciəlisi isə bəzən səhv qavradıqları demokratik mühitdən sui-istifadə etməklə, xarici kəşfiyyat orqanlarına bəlkə də, bilməyərəkdən informasiya çatdırmış olurlar. Hansı ki, bu informasiyaların satılması ilə Azərbaycanın milli və dövlətçilik maraqlarına zərbə vururlar. Misal kimi, dəfələrlə "Yeni Müsavat" və "Azadlıq" qəzetlərinin Azərbaycanın iç məsələləri ilə bağlı mühüm informasiyaları, hətta Ermənistanın xüsusi xidmət orqanlarına çatdırmalarını göstərmək olar. Bəlkə də, düşünmək olar ki, sözügedən radikal müxalifət qəzetləri anlaqsız şəkildə düşmən ölkənin kəşfiyyat orqanlarına məlumat çatdırırlar. Bu halda, sual yaranır: həmin qəzetlərin baş redaktorları Azərbaycan qanunvericiliyindən xəbərsizdirlərmi? Jurnalistlərin birinci qurultayında qəbul edilən müddəalardan məlumatsızdırlarmı? Əgər bilmirlərsə, hansı haqla baş redaktor kimi çalışırlar? AXCP (i) gənclər birliyinin keçmiş sədr müavini Ruslan Bəşirlinin Gürcüstanda Ermənistan xüsusi xidmət orqanları ilə işbirliyinə getməsi həl də unudulmayan olay olduğundan, çox güman ki, "Azadlıq" və "Yeni Müsavat" qəzetinin rəhbərliyi də, həmin utanc gətirən hadisəni unutmayıblar. Bu baxımdan, "Azadlıq" qəzetinin Azərbaycanın milli və dövlətçilik maraqlarına zərbə olan informasiyalarından Ermənistanın "Azq", "Azad hayıstan" və bu kimi qəzetlərdən geninə-boluna istifadə etdiklərindən, ən azı AXCP (i) sədri Əli Kərimovun xəbərsiz olduğuna şübhələr var. Nəzərə almaq lazımdır ki, "Azadlıq" qəzetinin sahibi olan Ə.Kərimov bəzən siyasətdə olmağın ona heç də başucalığı gətirmədiyini başa düşüb, qəzetin nəşrinə xüsusi önəm verir. Əksər hallarda da Ə.Kərimov "Azadlıq" qəzetinin planlaşdırmasına rəhbərlik edib, qəzet yazarlarına özünün biliyinin məhsulu olan mövzular verir. Bunu bir qədər əvvəl "Azadlıq" qəzetinin günc yazarı Zamin Hacı da etiraf etmişdir. Yeri səhv düşənlərdən olan Z.Hacı bildirmişdir ki, müəyyən zamanda "Azadlıq" qəzetindən getməsinə səbəb Ə.Kərimovun planlaşdırmanı düzgün aparmaması və jurnalistin müstəqilliyini məhdudlaşdıran mövzuların verilməsinə etirazı olub. Şahvələd Çobanoğlu, Natiq Cavadlı, Elnur Astanbəyli kimi məram və məqsədlərini anlamayan yazarlar da Ə.Kərimovun "Azadlıq" qəzetində özünün istək və arzularına uyğun idarəetmə üsulu yaratmasından narazılıqlarını bildirmişlər. O faktı da qeyd etmək lazımdır ki, ötən il "Azadlıq" qəzetinin əsas simalarından hesab olunan Mirzə Sakit məhz Ə.Kərimovun yarıtmaz iş fəaliyyətinə etiraz əlaməti olaraq, qəzetdən getmişdir. Bütün bunlara əsaslanaraq, demək olar ki, "Azadlıq" qəzetində Azərbaycan əleyhinə dərc olunan informasiyaların işıq üzü görməsində, bilavasitə, AXCP (i) sədri Ə.Kərimovun xüsusi əməyi və rolu var. Bu baxımdan, demək olar ki, Ə.Kərimov bu cür əməlinə görə, cinayət məsuliyyəti daşıyır. Çünki qanunlara görə, casusluq etmək, dövlət və xalq əleyhinə məlumatların xarici dairələrin diqqət mərkəzinə çatdırmaq cinayət hesab olunur. Söz yox ki, bu gün Ə.Kərimovun bu casus fəaliyyətinə görə, sorğu-suala çəkilsə, ona ilk dəstək verən Ermənistan və ya Ermənistana havadarlıq edən İran kimi dövlətlərin müəyyən qüvvələri olacaq. Təbii ki, Ə.Kərimov fakt qarşısında qaldığı zaman "Azadlıq" qəzetinin sıravi yazarlarını güdaza verəcək. Çünki qapını arxadan bağlamaq, bəd ayaqda dabana tüpürüb qaçmaq Ə.Kərimovun dəfələrlə sınaqdan keçirdiyi ənənələrindəndir.
İ.ƏLİYEV