PDF Oxu

Müxalifət

  • 8

İki Müsavat arasındakı böyük fərq

İki Müsavat arasındakı böyük fərq

Zamanında Azərbaycanın siyasi tarixində müəyyən rolu olmuş bir çox təşkilatlar, qurumlar və ictimai birliklər mövcud olub. Söz yox ki, həmin təşkilatların yaradıcıları yalnız bir mövqedən - quruculuq, dövlətçilik və inkişaf mövqeyindən çıxış edərək, həmin vaxtların tarixi uyğunluğuna görə müvafiq addımlar atırdılar. Belə təşkilatlardan biri də tarixi Müsavat partiyasıdır. Hər birimizə məlumdur ki, bir vaxtlar Məmməd Əmin Rəsulzadənin yaratdığı siyasi təşkilat olan Müsavat partiyası zamanın tələblərindən qaynaqlanan partiya kimi formalaşmış və cümhuriyyət quruculuğunda müstəsna xidmətlər göstərmişdi.

Yəni tarixi Müsavat partiyasının məqsədi, məramı və mübarizəsi demokratik təzahürləri əks etdirərək, Şərqdə ilk demokratik cümhuriyyətin qurulmasını təşkil edirdi. Məhz bu baxımdan, artıq Azərbaycan tarixində, arxiv sənədlərində, ədəbiyyat səhifələrində yer almış və M.Ə.Rəsulzadənin qurucusu olduğu Müsavat partiyası bu gün də xalqımız tərəfindən hörmətlə anılmaqdadır. Çünki həmin tarixi-siyasi təşkilat bir daha qeyd edək ki, quruculuğa, demokratiyaya, maarifləndirməyə xidmət etməyi öz nizamnaməsində göstərirdi və bunu siyasi xətt kimi götürmüşdü.


Saxtalaşdırmaq və özünküləşdirmək cəhdinin məqsədi nədir?


Lakin təəssüflər olsun ki, bu gün həmin tarixi hadisələri, tarixdə müəyyən rol oynamış şəxsiyyətləri, onların məqsədlərini saxtalaşdıraraq, özünküləşdirmək istəyənlər də tapılır ki, onların bu cəhdləri bilavasitə şəxsi mənfəətlərini, siyasi dividendlərini güdməyə hesablanmış addımlar kimi qiymətləndirilir. Onlardan biri də öz partiyasını tarixi Müsavatla eyniləşdirməyə səy göstərən, siyasi təşkilatını ölkə ictimaiyyətinə M.Ə.Rəsulzadənin "varisi" kimi sırıyan İsa Qəmbərovdur. Bu gün həm də öz "siyasi baxışını" Rəsulzadənin baxışları ilə paralelləşdirmək istəyən Müsavat partiyasının başqanı İ.Qəmbərov bir az da irəli gedərək, guya onun "ideyasını" reallaşdırdığını hər çıxışında pafoslu şəkildə qeyd edir. Ancaq unudur ki, məhz M.Ə.Rəsulzadənin özü vaxtilə sosial-demokratlardan olub və çox sonralardan Müsavat partiyasını yaradıb. İ.Qəmbərov isə, sadəcə, aspiranturanı tam bitirməyərək, SSRİ DTK-sının tapşırığı altında "siyasətə gəlib", AXC sıralarına qoşulub və birillik hakimiyyət dövründə iqtidar içində iqtidar partiyası yaradaraq, özünü başqan elan edib. Bu isə tamamilə Rəsulzadə "ideologiyasına" xidmət etməyən başlıca amillərdəndir. Yəni yuxarıda qeyd etdiyim kimi, ortada böyük fərq mövcuddur: Rəsulzadə quruculuğu və Qəmbər dağıdıcılığı.

"Hakimiyyətin yüzillik bir partiyaya qurultay keçirmək üçün şərait yaratmamasını" bildirən İ.Qəmbərov tamamilə unudur ki, 100 il öncə baş vermiş hadisələri, öz təbirincə, özünküləşdirmək, əslində, yazılmış şərəfli tarixə ləkə vurmaqdır. Ona görə ki, həmin tarixi o deyil, Rəsulzadə yazmışdı.


İqtidardaykən təsis olunmuş qondarma Müsavat


İ.Qəmbərovun dağıdıcı Müsavatının isə 19-20 illik yaşı var və həmin Müsavat onun hakimiyyətdə olduğu ildə yaradılmışdı. Daha dəqiq desək, İ.Qəmbərovun partiyası heç bir mübarizə göstərmədən, hazır iqtidarda təsis olunub. Müxalifətdəki dövründə isə, ümumiyyətlə, heç bir yadda qalacaq hadisələrə imza atmayıb, sadəcə, dağıdıcılıqdan və qaragüruhçülüqdan başqa.

Ümumiyyətlə, məntiqsizcəsinə davranan İ.Qəmbərovun boş-boş iddialarına daha bir prizmadan yanaşdıqda, görərik ki, bu adam tarixi saxtalaşdırmaqla birgə, adi bir reallığa da kölgə salmağa çalışır. Bəs nədir reallıq? Reallıq odur ki, bu gün tarixi şəxsiyyətlərin adlarını daşıyan vətəndaşlar heç vaxt iddia etməyiblər və etmirlər ki, onlar adlarını daşıdıqları tarixi şəxsiyyətlərin varisləridirlər. Yaxud bu gün biz "İrşad" adlı qəzet nəşr etdirəcəyiksə, bu, o demək deyil ki, tarixi "İrşad" qəzetinin varisiyik. Çünki bu kimi iddiaların nəinki məntiqəuyğunluğu, ümumiyyətlə, yanaşması belə, istehza doğurur.


Bugünkü müsavatçılar tarixi Müsavatdan fərqli olaraq ermənilərlə dostluq sazişi imzalayırlar


Ona görə də vurğulamalıyıq ki, yüz il tarixi olan Müsavat başqa partiyadır. Ola bilsin ki, indiki - İ.Qəmbərovun partiyanın da adı Müsavatdır. Amma İ.Qəmbərovla M.Ə.Rəsulzadəni bir araya sığdırmaq cəhdi səhv, yanlış, qeyri-ciddi və mənfəətgüdücü bir addımdır.

Başqa tərəfdən isə gün kimi aydındır ki, bu gün həm də İ.Qəmbərovun partiyasını qəbul etməyənlər çoxdur. Ancaq tarixi Müsavata, M.Ə.Rəsulzadənin Müsavatına rəğbət bəsləyənlər bu gün də mövcuddur. Onlar İ.Qəmbərovdan fərqli olaraq, tarixi keçmişə hörmət göstərənlərdir.

Və əslində, indiki müsavatçılar başda başqanları olmaqla keçmiş Müsavatın fəaliyyətinə kölgə salırlar, onun haqqında mənfi fikir formalaşdırırlar. Vətəndaşlar Müsavatda baş verən hadisələrə, insanlara baxır və fikirləşir ki, maraqlıdır, əsrin əvvəllərində də belə hallar olubmu? Düzdür, həmin zamanlarda da, 1918-19-cu illərdə də bəzi partiyadaxili hadisələr baş verirdisə, həmin hadisələr dövlətçilik naminə cərəyan edirdi. Lakin bu günün dağıdıcıları, müsavatçıları və onların başqanları ermənilərlə dostluq haqqında sazişlər imzalayır, Azərbaycana xələl verə biləcək bütün çirkin addımları atırlar. Nəticədə, iki fərq meydana çıxır: Birinci fərq cümhuriyyət qurmaq üçün mübarizə zərurətindən doğan Müsavat partiyasının Azərbaycan tarixindəki danılmaz rolu, ikinci fərq isə dağıdıcılığı, xəyanəti üzündən bir vaxtlar Azərbaycan müstəqilliyini sual altında qoyan Müsavat partiyası. Hər halda, ikincinin birininin "varisi" olması haqqındakı iddialarına baxmamışdan öncə, həmin fərqləri müəyyənləşdirilməsi daha məqsədəuyğun olardı.

Q.Zəngibasarlı

Digər xəbərlər