Müxalifətin siyasət mətbəxi menyü sarıdan çox zəngindir. Hər gün qazanında bir "yemək" bişirilir. Budəfəki yeməyin adı "Xədicə İsmayılova" adlı jurnalistdir. ABŞ Konqresinin Azərbaycan üzrə müxalif-media desantının kapralı olan bu xanımın ölkəmiz haqqında istənilən ölçü-biçidə yazılar dərc etməsi hamıya bəllidir. Kiçik etirazları nəzərə almasaq indiyə kimi X.İsmayılova barəsində qanundankənar heç bir tədbir, yaxud təzyiq üsulu seçilməmişdi. Halbuki müxalifət mətbuatında guya jurnalistlə hakimiyyət arasında konfliktin olması haqda həqiqətə uyğun olmayan yazılar dərc edilirdi. Siyasi analitiklər bunu müxalifətin növbəti provokasiyası hesab etməklə yanaşı xanım jurnalist ətrafında hansısa xoşagəlməz hadisələrin yaşanacağı ehtimalını da istisna etmirdilər.
Budur, həmin hadisə baş verdi. Proqnozlar özünü doğrultdu. Müxalifət adətinə xas olaraq X.İsmayılovanın erotik videosunun yayılmasında yenə iqtidarı suçladı. Guya hakimiyyət xanım jurnalistdən "ağıllı olmağı" tələb edib, bu baş vermədikdə isə görüntülər yayımlanıb.
Gəlin, məsələyə bir az obyektiv yanaşaq. Bu kimə lazım idi? Ölkədə insanların əmin-amanlıq şəraitində yaşamasını təmin edən hakimiyyətəmi, destruktiv əməlləri ilə aranı qarışdırıb hərdən hakimiyyət kürsüsünə dişini qıcıdan müxalifətəmi, yoxsa öz desantlarını Azərbaycana yeritmiş və lazım gələndə onları qurbanlıq qoyun kimi güdaza verən X.İsmayılovanın ağalarınamı? Hər halda, baş verənləri təhlil edəndə Konqres-müxalifət sözləşməsi daha real görünür. Qurbanlıq qoyun da bəllidir.
Məsələnin digər tərəfinə baxaq. Müxalifət iqtidar mətbuatını suçlayır, halbuki Xədicə İsmayılovanın erotik videogörüntüsünü yayımlayan Müsavatın internet televiziyası oldu. Bu TV bir növ yatanları oyatdı, xəbərsizləri xəbərdar, Xədicə İsmayılovanı isə bütün ölkədə biyabır etdi. İndi jurnalisti hədələyənlər yaddan çıxıb, heç X.İsmayılovanın bu saat yadına da düşmür bu məsələ. Düşə də bilməz, çünki jurnalist Müsavat TV-nin təbliğatının bu qədər əks-effekt verəcəyini bəlkə də hesablamamışdı. Ya da ona biyabırçılığın bu qədər amansız sifətə düşəcəyini başa salmamışdılar. Nə isə "Konqres-müxalifət kinostudiyası"nın çəkdiyi yeni serial ekranlara çıxar-çıxmaz iflasa uğradı.
Siyasətçilər və film istehsalından az-maz başı çıxanlar isə məsələnin kökündə başqa fiqurların dayandığını deyirlər. Qeyd edilir ki, indiyədək "erotik filmlərdə" çəkilmiş "qəhrəmanlar" niyə məhz "Azadlıq"ın müxbirləridir. Qənimət Zahid, Azər Əhmədov - "özbək qızlar" kvarteti, Azər Əhmədov - tələbə qız macərası ... və nəhayət "X.İsmayılova faciəsi" barədə fikirləşəndə bunun kökündə AXCP-Müsavat davasının alt qatları görünür. Bəli, İsa Qəmbərin media komandasının Əli Kərimliyə qurşaqdan aşağı zərbəsi belə olur. Bunu erotik filmlərlə tamaşaçıların zövqünü korlayan "Azadlıq" aşiqləri başa düşməzlər, çünki onların başı İsa Qəmbərin siyasətindən çıxmaz.
Vəli VƏLİYEV