PDF Oxu

Müxalifət

  • 10

Əli Kərimova daha bir sarsıdıcı sillə

Əli Kərimova daha bir sarsıdıcı sillə

Bu gün radikal müalifət rəhbərlərinin, xüsusilə, AXCP (i) sədri Əli Kərimovun apardığı zərərli "gənclər siyasəti" arxasında hansı maraqların dayanması heç kimə sirr deyil. Bir qrup gənc nəslin nümayəndələrini aldadaraq, öz toruna salmağa müvəffəq olmuş Ə.Kərimovun sonradan həmin gənclər tərəfindən rədd edilməsi də bir çox məqamları üzə çıxarır. Belə ki, bu günlərdə ötənilki aprel icazəsiz aksiyasında həbs olunmuş "cəbhəçi" gəncin partiya sıralarından çıxdığını bəyan etməsi, onun Yeni Azərbaycan Partiyasının sıralarına üzv yazılması üçün müraciət ünvanlaması da bu kimi hallardandır. Əlbəttə ki, gec də olsa öz günahlarını anlayan bu kimi gənclər ziyanın yarısından qayıtmaqla, aldadılmış digər gənclərə örnək olmalıdırlar. Ona görə ki, Ə.Kərimovun zərərli, eləcə də, gənc həyatları zəhərləyən "siyasəti" fonunda bir daha məlum olur ki, əslində, həmin "siyasət" sarsıdıcı sillə təki qayıdaraq onun özünə dəyir.

Bu əsnada vaxtilə Ə.Kərimov tərəfindən tora salınmış və AXCP (i) daxilindən yaradılmış "Yeni Fikir" gənclər hərəkatının sədri Ruslan Bəşirlinin aqibətini də xatırlamamaq olmur. Məsələ ondadır ki, bu gənc hələ 2005-ci ildə Ə.Kərimov tərəfindən təlimatlandırılaraq, Gürcüstana göndərilmiş və o, erməni xüsusi xidmət orqanlarının əməkdaşları ilə əlaqələr yaratmışdı. Bu əlaqələrin məqsədi isə Azərbaycanda mövcud olan sabitliyi pozmaq, eləcə də, bütün vasitələrdən istifadə edərək, ölkədə çaxnaşmalar və xaos yaratmaqdan ibarət olub. Təbii ki, bu halın qarşısı zamanında alınmış və R.Bəşirli tutularaq, cinayət məsuliyyətinə cəlb olunmuşdu.

Lakin yuxarıda vurğuladığımız kimi, vaxt keçdi və R.Bəşirli də öz günahını (Ə.Kərimova bel bağlamaq suçunu) anladı. Anladı və bağışlanmasını xahiş etdi: "Artıq cəzamın 6 il 7 ayını çəkmişəm və etdiyim cinayətin məsuliyyətini bu illər ərzində anlayaraq, səhvimi başa düşmüşəm. Həmin dövrdə olduqca gənc və çılğın olduğum üçün sizi və bizi istəməyən qüvvələrin təsirinə düşmüşəm".

R.Bəşirli həm də ölkədə gedən inkişaf və tərəqqinin yüksək səviyyədə olduğunu, ölkə rəhbərliyinin apardığı məqsədyönlü siyasəti dəstəklədiyini bildirib: "Artıq bu illər ərzində keçmişi analiz edərək, səhvlərimi dərk etmişəm. Təbii ki, bunda son illər rəhbərliyiniz altında aparılan müsbət yönlü fəaliyyətin də böyük rolu olmuşdur. Aparılan daxili və xarici siyasətdəki uğurunuz göz önündədir. Bunu kimsə dana bilməz". Ruslan Bəşirli məktubunda daha sonra yazır: "Cənab Prezident! Mən də tamamilə islah olunmuş bir Azərbaycan gənci olaraq apardığınız müsbət tendensiyalı fəaliyyətinizə öz dəstəyimi ifadə edirəm. Bu dəstəyimi azadlıqda da davam etdirmək fikrindəyəm. Mənə etimad göstərib azadlığa çıxmama səbəb olacağınız təqdirdə, bacardığım sahədə çalışıb, Sizin fəaliyyətinizi dəstəkləyəcəyəm".

Bəli, bu, bir həqiqətdir və həqiqəti danmağa cəhd edənlərə ibrət dərsidir. Yəqin ki, Ə.Kərimovun bundan sonra çirkin siyasətinə qatmaq istədiyi gənclər öncə R.Bəşirlidən "cəbhə" sədri haqqında həqiqətləri öyrənməlidirlər. Yoxsa onların da aqibəti R.Bəşirli kimi ola bilər.

RÖVŞƏN

Digər xəbərlər