Hazırda Müsavat partiyasında baş verən ciddi ziddiyyətlərdən istifadə edən Əli Kərimov adıçəkilən partiyaya qarşı yeni hücum taktikası seçib. Həmin taktika isə artıq iflasa uğramış "birləşmə" oyununun yeni variantıdır. Xatırladaq ki, Ə.Kərimov İ.Qəmbərovla sövdələşmədə ikincinin qəti etirazları ilə qarşılaşmış və həmin etirazlar qarşılığında "ideya" natamam qalmışdı.
Bu dəfə "gənclər"
Lakin bu dəfə yenidən hücum variantını seçən "cəbhə" sədri partiyasında cəmləşmiş beş-on nəfər gənclərdən istifadə etməyi nəzərdə tutub. Artıq sirr deyil ki, Ə.Kərimov bütün kirli oyunlarında əlində olan azsaylı gəncləri müxtəlif şirnikləndirici vədləri ilə istifadə edib və bu dəfə də həmin yolu tutmaqla öz ambisiyasını reallaşdırmağa cəhd göstərir.
AXCP (i) -nin əldəqayırma gəncləri adından Müsavat başqanına "sizlərlə bir partiyada üzərimizə düşən vəzifəni birlikdə və səmimi ortamda yerinə yetirməyə hazırıq" mesajını göndərən Ə.Kərimov həmin mesajında bilavasitə İ.Qəmbərovu hədələyir və ələ salır. Belə ki, Müsavat partiyasının məlum səbəblər üzündən ( İ.Qəmbərovun başqanlıqdan getməməsi, namizədlərarası ixtilaf və Arif Hacılı faktoru) baş tutmayan qurultayını əsas götürən AXCP (i) sədri burada "ana müxalifət" rolunun ağırlığının məhz onun özünün üzərinə düşdüyünü dolayısı ilə mehriban düşməninə çatdırıb.
Kərimovdan Qəmbərova əmr
"Müraciət" xarakterli hücumda bildirilib ki, guya AXCP (i) ilə Müsavat "siyasi-ideoloji" cəhətdən bir-birinə "yaxın siyasi mövqeləri" olan partiyalardır və buna görə də Ə.Kərimovun "egidası" altında birləşməlidir. Ə.Kərimovun öyrətdiyi "gənclər" hətta "Rəsulzadə-Elçibəy ideyaları"ndan da bol-bol misallar gətirərək, "cəbhə" sədrinin tələblərini Müsavat başqanına çatdırıblar.
Əgər qurultay baş tutsa belə, Ə.Kərimov İ.Qəmbərova bu göstərişləri verib: Qurultayda iki partiyanın "birləşməsini" gündəmə çıxarmaq, "superpartiyanın xeyrindən" danışmaq və s.
Bunun "ideya" deyil, sadəcə, əmr olmasını isə sezməmək mümkün deyil. Çünki Ə.Kərimov bilavasitə İ.Qəmbərovun nəzərinə çatdırıb ki, "müraciət" sadəcə, Müsavatın parçalanmasının qarşısını ala biləcək tək xilasdır: "Hesab edirik ki, birlik sizlər tərəfindən müsbət qarşılanacaq".
Bu isə, bir daha onu deməyə əsas verir ki, 2013-cü ilə hesablanmış bu kimi siyasi oyunbazlıqların arxasında yalnız bir mövcudluq dayanıb - İ.Qəmbərovun Ə.Kərimov qarşısında aciz durumda qalmasını sübut etmək və "ana müxalifət" ambisiyasını reallaşdırmaq. Görünür, bu kimi ambisiya həm də Ə.Kərimovun özünə də zərbə olacaq. Çünki İ.Qəmbərovun də bicliyi ondan az deyil. Sadəcə, müxalifət daxilində...
R.RƏSULOV