PDF Oxu

Müxalifət

  • 5

“İctimai Palata” gücsüzlüyünü etiraf etdi

“İctimai Palata” gücsüzlüyünü etiraf etdi

Aprelin 8-də aksiya keçirmək istəyən "İctimai Palata" rəsmiləri hələ bir neçə gün öncə həmin aksiyanın "möhtəşəmliyindən" dəm vuraraq bildirirdilər ki, hətta hakimiyyət müvafiq yer ayırmasa belə, onlar icazəsiz aksiya keçirməkdə qərarlıdırlar. Bunu hələ ötən həftə "palata"nın toplantılarında, eləcə də, ayrı-ayrı şəxslər tərəfindən ifadə olunan bəyanatlarda da sezmək mümkün idi. Belə ki, AXCP (i) sədri Əli Kərimov, Müsavat başqanı İsa Qəmbərov, eləcə də, onların əlaltı funksionerləri özlərinə o qədər inanmış şəkildə danışırdılar ki, kənardan baxanda bunun bir "həqiqət" olduğunu düşünürdün. Lakin deyilənlərin həqiqət olmadığı, sadəcə, eyforiya və qaragüruhçuluq olduğu özünü bu günlərdə göstərməyə başladı.


Partiyalararası ziddiyyət aksiya arzularını alt-üst etdi


"İctimai Palata"nın koordinasiya şurasının üzvü Pənah Hüseynov müxalifət mətbuatına verdiyi açıqlamalarının birində deyib ki, "İctimai Palata" aksiyanı piketlə də əvəzləyə bilər. Və onun bu açıqlaması "palata"da qarşıdurmaların yaranmasına səbəb olub. Belə ki, AXCP (i) sədrinin müavini Fuad Qəhrəmanlı P.Hüseynovun bu kimi fikirlərini araqarışdırıcılıq kimi qiymətləndirib və nəticədə, ciddi fikir ayrılığı meydana çıxıb. Daha dəqiq desək, F.Qəhrəmanlı P.Hüseynovun həmin açıqlamasından ciddi narahatçılıq keçirərək, onu "İctiamai Palata"nın daxilində baş verənləri ictimailəşdirməkdə günahlandırıb. Məsələn, F.Qəhrəmanlı AXCP (i)-yə yaxın "Azadlıq" qəzetində bildirib ki, təmsil olunduğu qurum icazəsiz aksiyalarda da iştirak edəcək. Lakin P.Hüseynovun "Yeni Müsavat"dakı açıqlaması onun dediklərini ifşa edib. Yəni "palata"nın, ümumiyyətlə, hər hansı aksiya keçirməyə gücünün çatmadığını bildirib. Çünki aksiyanın piketlə əvəzlənməsi dedikdə, yalnız həmin məqam göz qabağına gəlir. Əgər aksiya piketlə əvəzlənirsə, demək, burada elektorat məsələsi ətrafında yaranmış problem üzə çıxır. Belə ki, aksiyadan fərqli olaraq piketdə beş-on nəfər iştirak edir. Beləliklə də, məlum olur ki, özünü "İctimai Palata"nın əsas gücü hesab edən AXCP (i) sədri Ə.Kərimovun və onun müavininin daha öncələrdən etdikləri iddiaları sadəcə radikalizmin növbəti boş təxəyyülləridir. Daha dəqiq desək, onların P.Hüseynov tərəfindən yalanları üzə çıxıb.


Bu, AXCP (i) - Müsavat arasında yaşanan əbədi düşmənçiliyin bariz göstəricisidir


Baş verənləri təhlil edərkən, bir daha məlum olur ki, bu kimi hadisələrin cərəyan etməsi həm də AXCP (i) ilə Müsavat arasında baş verən əbədi düşmənçiliyin bariz göstəricisidir. Yəni İ.Qəmbərov "cəbhəsinin" tərəfdaşı olan P.Hüseynovun Ə.Kərimov "cəbhəsinə" qarşı çıxması, onların "palatadakılara" və azsaylı elektoratlarına yalan danışmaları təkcə ifşaolunma faktı deyil, həm də düşmənçiliyin açıq şəkildə tərənnümüdür. Digər tərəfdən, onsuz da partiyadaxili rıçaqlarını itirmiş İ.Qəmbərovun əlində olan gücünü Ə.Kərimovun əlinə ötürməsini istəməməsi də baş verənlərin tərkib hissəsidir. Bu səbəbdən də, bütün hallarda P.Hüseynovun Ə.Kərimovun yalanlarını üzə çıxarması əbəs yerə deyil, birbaşa İ.Qəmbərovun ona verdiyi tapşırıqdır. O isə həmin tapşırığın öhdəsindən gəlməklə bərabər "İctimai Palata"nın nəinki aksiya heç quruca piket belə keçirə bilməməsini etiraf etdi. Bütün bu həqiqətlər isə, aprelin 8-də iki-üç nəfərin iştirakı ilə küçələrdə qışqırıb-bağırmaları ilə müşahidə olunacaq.


R.RƏSULOV

Digər xəbərlər