Son günlər mətbuatda və ictimaiyyətdə ən çox müzakirə olunan məsələ-əhaliyə köhnə sovet əmanətlərinin qaytarılması məsələsi müxalifət kuluarlarında da müzakirə edilməkdədir. Belə ki, dövlət tərəfindən Azərbaycan xalqının rifahına və qayğısına hesablanmış bu əhəmiyyətli addım radikal müxalifət partiyalarında, eləcə də, onların cəmləşdikləri "İctimai Palata"da qısqanclıqla qarşılanmaqdadır. Məsələ onadır ki, "İctimai Palata"nın son toplantılarının birində özlərini "iqtisadçı" kimi təqdim edən AXCP (i)-Müsavat yetkililəri bir ağızdan sözügedən mühüm qərara kölgə salmağa cəhd edərək, guya paylanılacaq vəsaitlərin düzgün bölüşdürülməməsini iddia ediblər. Əmanətlərin qaytarılması ilə bağlı postsovet ölkələrindən dırnaqarası misallar gətirən qondarma iqtisadçılar bu haqda danışarkən heç bir əsaslara, faktlara söykənməyərək özlərindən rəqəmlər düzəldərək müxtəlif cəfəng məlumatlar veriblər.
İsa Qəmbərov vaxtilə "Qarabağa Yardım Fondu" yaradaraq, əhalidən maddi vəsaitlər mənimsəyib
Hətta pulların birə-bir verilməsinin "zəruriliyi" haqqında danışarkən, onlar vaxtilə öz törətdikləri əməllərini ifşa ediblər. Məsələn, unudublar ki, məhz AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə əhaliyə nəinki əmanətlərin qaytarılması haqqında düşünülmüşdür, hətta həmin dövrlər müxtəlif kommersiya banklarında xalqın var-dövləti aldadılaraq əllərindən alınmış, külli miqdarda əhaliyə maddi ziyanlar vurulmuşdu. Eləcə də, birinci Qarabağ müharibəsi dövründə "Xalq Cəbhəsi" Azərbaycan xalqından müharibəyə yardım adı altında "Qarabağa Yardım Fondu" yaradaraq qızıl-zinət əşyaları, maddi vəsaitlər alıb, həmin vəsaitləri mənimsəyirdilər. Onu da qeyd etmək yerinə düşərdi ki, hələ o zamanlar bu kimi proseslərə Müsavat başqanı İsa Qəmbərov şəxsən rəhbərlik edirdi. Əlbəttə ki, bu gün onun ətrafında olanlar - Pənah Hüseynov və digərləri də bu kimi iyrənc metodlarla varlanmağa çalışırdılar.
Məhz bu kimi faktları yadlarından çıxaran, unutdurmağa çalışan radikal müxalifət səlahiyyətliləri bu gün dövlətin bu kimi mühüm addımına kölgə salmağa cəhdlər göstərməklə bütövlükdə bundan qıcıqlandıqlarını gizlədə bilmirlər. Eləcə də, onlar çox gözəl anlayırlar ki, əslində, Azərbaycan xalqının qayğısına qalmağa, xalqı düşünməyə hesablanmış bu cür məqamlar arxasında onların cılızlıqları, gücsüzlükləri və zəiflikləri özünü daha qabarıq şəkildə göstərir. Bu, həm də onların heç də "qələbəyə" doğru deyil, məğlubiyyətə tərəf yuvarlandıqlarını göstərən bir faktdır. Belə faktlardan qaçmağa cəhd göstərmək isə onlara müvəffəq olmayacaq. Çünki hazırkı radikal müxalifətin hələ çox paxırları açılacaq.
Rəfiqə