Son günlər radikal müxalifət düşərgəsində baş verən ziddiyyətli olaylar partiyalararası olmaqla yanaşı, düşərgədə fəaliyyət göstərən "birliklər" arasında da yüksəliş xarakteri almaqdadır. Məsələ ondadır ki, guya müxalifəti bir araya gətirdiyini iddia edən "İctimai Palata" və onun inhisarçı partiya sədrləri Əli Kərimov və İsa Qəmbərov növbəti dəfə "ACP" lideri, "Milli Müqavimət Hərəkatı"nın üzvü Rəsul Quliyevin təhqir hədəfinə tuş gəliblər.
ABŞ-da mühacir həyatı yaşayan eks-spiker bütövlükdə "İctimai Palata"nı, ayrı-ayrılıqda isə, hər iki partiya sədrini uşaq-muşaq adlandıraraq, onların heç nəyə yararı olmadığını bəyan edib. Onun bildirdiyinə görə, həm Ə.Kərimov, həm də İ.Qəmbərov onun qarşısında cılız adamlardırlar və ona qarşı atılan istənilən addımların qarşısını almağa qadirdir. Buradan isə aydın olur ki, "hərəkat" yaradan R.Quliyev həmin "hərəkat"ın "İctimai Palata"ya alternativ olmadığını desə də, əslində, bu günlərdə nəinki alternativ, eləcə də, düşmən münasibəti bəslədiyini aşkar şəkildə ifadə edib.
Daha öncələrdən hazırlanmış plan
Onu da xatırlatmaq yerinə düşərdi ki, "İctimai Palata" sabiq spikerin siyasi fəallığından təlaşa düşmüşdü. "Milli Müqavimət Hərəkatı" yaradılarkən, sosial şəbəkələrdə "palata" və R.Quliyev tərəfdarları arasında ziddiyyətlər, söz atışmaları başlanmışdı. Hətta Pənah Hüseynov İ.Qəmbərovun göstərişi ilə "Yeni Müsavat" qəzetində R.Quliyevə qarşı kampaniyaya belə başlamışdı. Lakin "ACP" liderinin də cavabı gecikməmişdi. O bildirmişdi ki, müxalifət partiya sədrləri artıq qocalıblar və siyasətdən getməyə məhkumdurlar.
Bu arada "İP" rəhbərləri tərəfdarlarına sosial şəbəkələrdə, saytların rəy bölümündə R.Quliyev haqqında tənqid və ironiya yazmağı tapşırıblar. Halbuki bir müddət öncə P.Hüseynov bəyan etmişdi ki, R.Quliyev bir siyasi fiqur kimi bitib, bundan sonra revanş götürə bilməz. Həqiqətən də, 2005-ci ilin oktyabrında tutduğu mövqe ilə eks-spiker özü nüfuzuna ciddi zərbə vurmuşdu. Bu hadisədən sonra R.Quliyevin partiyası parçalandı, daha dəqiqi onu ADP-dən çıxardılar. "İctimai Palata" rəhbərliyinin narahatlığı onu sübut edir ki, eks-spikerin fəallaşması "palatanı" narahat edir. Yəni hazırda "İctimai Palata"nın inhisarçı rəhbərliyi qurumun parçalanmasından qorxur. Və R.Quliyev daha öncələrdən hazırlanmış planını işə saldı. Yəni yuxarıda qeyd olunanları yəqin edən R.Quliyev əlində olan plandan maksimum yararlanmağa çalışdı.
Niyə məhz Eldar Namazov?
O, indi də Eldar Namazov amilindən yararlanmağa çalışır. Məlum "uşaq-muşaq" bəyanatından sonra "ACP" lideri 2013-cü ildə E.Namazovun namizədliyinə dəstək verəcəyini açıqlayıb. Lakin 2013-cü ilə qədər onun və digər müxalifət partiyalarının pərakəndəliyini, eləcə də, dağılacağını istisna etməmək olmaz. Çünki bütövlükdə hər seçkiöncəsi düşərgədə ciddi parçalanmalar, iflaslar hökm sürür ki, bunu ictimaiyyət də çox gözəl bilir. Belə bir məqamda düşərgəni parçalayacaq, eləcə də, partiya sədrlərini, funksionerləri üz-üzə qoyacaq addımın atılması, həmin addımda E.Namazov kartından istifadə olunması təsadüfi sayılmamalıdır. Bu baxımdan da, R.Quliyev həm "İctimai Palata"nı, həm də ayrı-ayrılıqda Ə.Kərimovla İ.Qəmbərovu təhqir etməklə həmin addımını öz xeyirinə tərəf atılan addım kimi görür. Ən azından, mətbuatda onun adı çəkilir və bununla da müxalifət partiya sədrlərinə "mən də varam" ismarıcını yollayır. Amma təbii ki, bunun belə qalmayacağını da indidən söyləmək mümkündür. Hər halda, Ə.Kərimov və İ.Qəmbərov R.Quliyevlə müqayisədə daha yırtıcı "çaqqala" bənzəyirlər.
R.RƏSULOV