Alman rəsmisindən Azərbaycana qarşı mətbuat vasitəsilə təzyiqlərin artırılmasını xahiş edən Əli Kərimli və İsa Qəmbər üzərilərinə götürdükləri öhdəlikləri də yerinə yetirməyə başlayıblar Məlum olduğu kimi, bir müddət öncə Almaniyanın xarici işlər naziri Quido Vestervelle Azərbaycana etdiyi səfəri çərçivəsində heç bir səbəb göstərmədən radikal müxalifətin nümayəndələrilə - AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, həmçinin, antimilli fəaliyyətilə seçilən "hüquq müdafiəçiləri", ictimai təşkilat üzvlərilə görüş keçirmişdi.
Həmin görüşdə Əli Kərimli və İsa Qəmbər almanlardan radikal müxalifətin nəzarətində olan QHT-lərə maliyyə yardımları ayırmağı, eyni zamanda, Azərbaycana qarşı təzyiqləri alman mətbuatı vasitəsilə daha da artırmağı xahiş etmişdi. Bunun əvəzində isə radikallar Almaniyadakı qərəzli dairələrdən, xüsusilə də, erməni qruplaşmalarından gələcəkdə istənilən siyasi sifarişi yerinə yetirmək kimi öhdəlik götürmüşdülər.
Bununla bağlı ictimai etirazlar özünü göstərərkən, radikal müxalifət nəzarətində olan mətbuat orqanları vasitəsilə manipulyasiya etməyə çalışdı. Lakin cəmiyyət Əli Kərimlinin və İsa Qəmbərin anti-Azərbaycan fəaliyyətinin acı nəticələrinin şahidi olduğu üçün onlara inanmadı və yalanlarına uymadı. Sonrakı hadisələr isə bir daha göstərdi ki, Azərbaycan cəmiyyəti bu dəfə də yanılmadı və radikal müxalifətlə bağlı düşüncələri yenidən öz təsdiqini tapdı...
Belə ki, artıq bir neçə gündür ki, radikallarla qərəzli dairələr arasındakı razılaşmaya əsasən, Almaniyanın bir sıra mətbuat orqanlarında subyektiv xarakter daşıyan, əsası olmayan materiallar dərc olunur. Həmin məqalələr isə tərcümə edilərək, birbaşa olaraq, müxalifət qəzetlərində çap olunur. Lakin proses bununla bitmir. "Azadlıq" qəzetinə antimilli dairədən gəlmiş sifarişli-qərəzli yazılar sonradan erməni mətbuatına da yol tapır. Demək ki, əldə olunmuş razılaşmaya əsasən, belə bir sistemli fəaliyyət qurulub: Almaniyanın "Şpigel" qəzeti və digər mətbuat orqanları qərəzli yazılar dərc edir, onları Azərbaycanda "Azadlıq" qəzeti tərcümə edib yayır və sonradan ermənilər mənbə kimi, onlardan istifadə edirlər. Belə bir təsəvvür yaratmağa çalışırlar ki, Azərbaycanda vəziyyət ermənilərin təsvir etməyə çalışdığı kimidir. Həmçinin, Almaniya mətbuatında öz ifadəsini tapan əsassız yazılar da Azərbaycan mətbuat orqanı tərəfindən də təsdiqlənir. Lakin vəziyyətin tamamilə fərqli olduğu gün kimi hər kəsə bəllidir.
"Şpigel" ermənipərəst dairələrin nəzarətindədir...
Etibarlı mənbələrin məlumatına görə, "Şpigel" qəzeti Almaniyadakı ermənipərəst dairələrin təsirindədir və həmin qruplardan daxil olan siyasi sifarişli yazıları dərc etməklə məşğuldur. Ultrasol mövqe tutmuş "Yaşıllar" isə məhz anti-Azərbaycan mövqeyində durmuş qüvvələrin ən fəalıdır. Ermənistana isti münasibət sərgiləyən bu qüvvələr Azərbaycana qarşı tam qərəz ifadə edirlər. Heç bir səbəb olmadan, Azərbaycanla bağlı həmməruzəçilərin təyini, Rəsul Quliyevin Almaniyaya səfərlər etməsi, Bundestaqda ermənipərəst qüvvələrin dəstəklədikləri deputatlarla görüşlər keçirməsi həmin dairələrin qərəzli mövqeyinin göstəricisidir. Təsadüfi deyil ki, 2010-cu ildə Müsavat başqanı İsa Qəmbərlə Ermənistan Ümummilli Hərəkatının İdarə Heyətinin sədri Aram Manukyan arasında xəyanətkar sazişin imzalanması da Almaniyanın Potsdam şəhərində baş tutmuşdu.
Bununla yanaşı, AXCP sədri Əli Kərimlinin bir sıra QHT-lərinə maliyyə yardımlarının ayrılması və direktivlərin verilməsi də Azərbaycana qarşı olan təzyiqlərin artırılması yolunun ifadəsidir. Məhz "Şpigel" qəzeti də həmin QHT-lərin subyektiv yanaşmalarını həqiqət kimi dərc edir və dünya ictimaiyyətinə Azərbaycanla bağlı yanlış informasiyalar sırımağa cəhd göstərir...
"Azadlıq" Almaniyadakı ermənilərin də ruporudur
Öncə də qeyd etdiyimiz kimi, "Şpigel" və digər qərəzli alman mətbuatı orqanlarında dərc olunmuş əsassız materialları öz səhifələrinə həvəslə çıxaran "Azadlıq" qəzeti də Əli Kərimlinin xəyanətkar sövdələşməsində bir vasitə rolunu oynayır. Əli Kərimlinin nəzarətində olan "Azadlıq" qəzeti artıq bu gün Almaniyanın Azərbaycanı tənqid edən dairələrinin və KİV-lərinin də Azərbaycandakı ruporuna çevrilib. Başqa vaxt milli hisslərdən, vətənpərvərlikdən dəm vuran "Azadlıq" qəzeti, deyəsən, tutduğu mövqedən heç xəbəri yoxdur? Azərbaycanda mətbuatın azad fəaliyyəti üçün yaradılmış demokratik ab-havadan sui-istifadə edən Əli Kərimli və onun nəzarətində olan "Azadlıq" qəzeti antimilli dairələrə işləməklə, əslində, xalqa və dövlətçiliyə xəyanət etmiş olurlar. Əlbəttə ki, belə faktlar, hətta postsovet ölkələrində, məsələn, Rusiyada, Gürcüstanda, Ukraynada ifşa olunsaydı, o partiyaların rəhbərləri istefa verərdilər, həmin mətbuat orqanları xalqdan üzr istəyib fəaliyyətinə xitam verərdi. Lakin onsuz da çirkin siyasi reputasiyaya malik Əli Kərimliyə və "Azadlıq" qəzetinə belə faktlar, çətin ki, təsir göstərə bilər.
Alınmış pulların əvəzinə tələm-tələsik mitinq keçirmək planı...
Almaniyadakı anti-Azərbaycan dairələrlə əldə olunmuş razılaşma əsasında alınan maliyyə vəsaitinin əvəzində radikal müxalifətin üzərinə düşən "vəzifələrdən" birini də mitinqlər keçirmək təşkil edir. Bəlkə də, xarici qərəzli dairələr düşünürlər ki, (ya da Əli Kərimli ilə İsa Qəmbər onları aldadıb) radikallar Azərbaycanda kütləvi mitinqlər keçirə bilər. Lakin reallıq ondan ibarətdir ki, nə Əli Kərimlinin, nə də İsa Qəmbərin bir məktəb meydanını doldura biləcək qədər tərəfdarı yoxdur. Amma nə etməli? Alınan pulların əvəzini mütləq vermək lazımdır axı. Bu mənada, radikallar kütləvi mitinq keçirmək əvəzinə, sadəcə, elə bir fon yarada bilər. Necə ki, ötən ilin aprel ayında bunu edirdilər və xarici ölkələrin də səfirləri bunu müşahidə edirdilər. İndi də aprel ayının 8-nə mitinq təyin edən İP-çilər yenidən 3-5 nəfərlə elə bir şou göstərməyə çalışacaqlar. İnkar etmək olmaz ki, mitinq olmayacaq. Olacaq, amma yenidən "Facebook"da, "Azadlıq" və "Müsavat" qəzetlərinin orta qoşa səhifələrində. Ya da arxa səhifədə dost-tanışın çəkdirdiyi fotoqalereya yer alacaq.
Siyasət şöbəsi