Xəyanətkar sövdələşməyə əsasən, "Şpigel" jurnalı anti-Azərbaycan kampaniyasının yerli funksioneri olan AXCP sədrinin müsahibəsini yayıb
Xəbər verdiyimiz kimi, radikal müxalifətin nümayəndələri - Əli Kərimovun və İsa Qəmbərovun Almaniyanın XİN rəhbərilə keçirdiyi görüş zamanı əldə olunmuş xəyanətkar razılaşmaya əsasən, alman mətbuatı məqsədli şəkildə Azərbaycana qarşı qara piar kampaniyası aparır və radikal çağırışlara yer verir. Radikal müxalifət bu faktı dəfələrlə inkar etməyə çalışsa da, üzə çıxan faktlar bir daha sübut edib ki, Almaniyadakı ermənipərəst qüvvələrlə Əli Kərimovun və İsa Qəmbərovin sıx işbirliyi həqiqətən də var. Belə faktlardan biri də Əli Kərimovun Azərbaycana qarşı anti-təbliğat işində ən fəal mövqe tutmuş "Şpigel" jurnalına müsahibə verməsilə bağlıdır. Əli Kərimov bu müsahibəsində də özünü yenidən ifşa edib və yalan, əsassız, qeyri-obyektiv fikirlərlərlə xarici qərəzli dairələrin siyasi sifarişlərini yerinə yetirdiyini isbatlayıb.
Əli Kərimov demokratiyanı anarxiya kimi zənn edir...
Əli Kərimov bu müsahibəsində iddia edir ki, guya "1992-1993-cü illərdə AXC-Müsavat hakimiyyəti ölkədə demokratiya bərqərar etmişdi". Kökündən yanlış olan bu fikirlə Əli Kərimov ilk yalanını ictimaiyyətə sırımağa çalışıb. Hər kəsə bəllidir ki, AXC-Müsavat hakimiyyəti 1992-ci ildə Xocalı soyqırımından bəhanə kimi istifadə edərək, hakimiyyəti silah gücünə qəsb edib. Lakin idarəçilik bacarığı olmadığından, cəmi bir neçə ayın ərzində Azərbaycanı total xaosa salan Əli Kərimov, İsa Qəmbərov və digərləri separatizmi, qanunsuzluğu, reketçiliyi dövlət siyasəti səviyyəsinə qaldırıblar.
Əli Kərimovun da özünün 1993-cü ilin may ayının 25-də keçirilən müşavirədə təsdiqlədiyi kimi, ölkədə qanunun aliliyi prinsipi pozulub, dövlət idarələrində cinayətkar qruplaşmalar formalaşıb. Həmin müşavirədə özünün dövlət katibi olduğu dövlətin iqtisadi, sosial və hüquqi siyasətini sərt tənqid edən Əli Kərimov hansı haqla deyir ki, onlar 1992-1993-cü illərdə Azərbaycanda demokratiyanı bərqərar ediblər? Bəlkə, Əli Kərimov demokratiyanı anarxiya kimi zənn edir? Yəqin ki, qanunsuz silahlı dəstələrin quldurluq fəaliyyəti, xərac kəsmək "əməliyyatı", dövləti nəzarət-təsir dairələrinə bölmək, ölkənin tarixi torpaqlarını satmaq siyasəti Əli Kərimovun "demokratiyası"nın göstəriciləridir? Əslində, bu cür dünyagörüşü və demokratiyaya baxışla Əli Kərimov xalq naminə deyil, yalnız şəxsi maraqları və siyasi sifarişi verən qərəzli dairələrin mənafeləri üçün radikal addımlar atır və çağırışlar edir. Əli Kərimovun son hərəkətləri isə bu fikirlərin nə qədər doğru olduğunu isbatlayır...
AXCP sədri ölkədəki real vəziyyəti əksinə söyləyir...
Hər dəfə xırda problemləri əlində bayraq edərək, cəmiyyəti destruktivliyə sürükləməyə çalışan Əli Kərimov ötən ilin mart-aprel aylarında keçirilmiş aksiyalarda iştirak edən insanların həddindən artıq az olduğunu gördüyündən, artıq anlamağa başlayıb ki, Azərbaycanda radikalizmə yer yoxdur. Azərbaycanda radikalizmin qətiyyətlə rədd edilməsinin isə çox sadə səbəbləri var.
Birincisi, Azərbaycan siyasi sabitliyi möhkəm olan dövlət kimi sosial-iqtisadi baxımdan sürətlə inkişaf edir. Bunu sübut edən əyani fakt isə ondan ibarətdir ki, Azərbaycan bu gün də Amerika və Avropa ölkələrini sarsıdan böhrandan az itkisiz çıxıb. Hətta Avropa dövlətlərində sosial etirazların artdığı bir zamanda, Azərbaycanda əmək haqları və pensiyalar artırılır, insanların keşmiş SSRİ bankında batmış əmanətləri qaytarılır. Bütün bunlar Azərbaycanda siyasi, iqtisadi, hüquqi və sosial islahatların paralel şəkildə aparılması ilə əlaqədardır.
İkincisi, sürətli iqtisadi inkişafdan doğan prosesləri idarə etmək üçün şəffaflıq və hesabatlılıq təmin edilib. Azərbaycan hökuməti, dövlət orqanları vaxtaşırı olaraq, gəlirlərin şəffaf şəkildə xərclənməsilə bağlı xalq qarşısında hesabat verirlər. Hətta, Azərbaycanda neftdən gələn gəlirlərin şəffaf şəkildə xərclənməsilə bağlı beynəlxalq təşkilatların da qiymətləndirmələri yüksək olub.
Üçüncüsü, dövlətin sağlam sütunlar üzərində inkişafını təmin etmək üçün korrupsiyaya qarşı ən yüksək səviyyədə ciddi mübarizə aparılır. İşlərin sistemli şəkildə aparılması üçün korrupsiya ilə mübarizə komissiyası yaradılıb, dövlət başçısı bu məsələdə effektiv nəticələrin əldə olunması üçün xalqla birgə fəaliyyətə çağırışlar edib. Artıq çox ciddi nəticələrin əldə olunduğu bu prosesdə Azərbaycan dünya miqyasında korrupsiyaya qarşı mübarizədə öncül mövqedə durur. Məhz bu prosesin timsalında əminliklə demək olar ki, Azərbaycanda xalqla hakimiyyət arasında sıx birlik var.
Dördüncüsü, Azərbaycanda konsolidasiyalı demokratiyanın elementləri tam şəkildə bərqərar olub. Demokratiyanın bariz nümunələrindən biri olan azad mətbuat formalaşıb, senzura ləğv edilib, KİV-in inkişafı üçün Konsepsiya qəbul edilib, fond yaradılıb və s.
Lakin Əli Kərimov bütün müsahibələrində bu reallıqları əksinə söyləyərək, öz aləmində xal qazanmağa çalışır. Əlbəttə ki, onun söylədikləri müəyyən dairələrin məqsədlərinə xidmət etsə də, xalq tərəfindən ciddi qəbul edilmir.
On min nəfərlik üzvü olan İP-in 100 nəfərlik mitinqi hansı məntiqə sığır?
Əli Kərimov "Şpigel"ə müsahibəsində, həmçinin, öz "nüfuzunu" nümayiş etdirmək, eyni zamanda, Azərbaycanda müxalifət birliyinin "rəhbəri" olduğunu göstərmək üçün daha bir yalan uydurub. Belə ki, o deyib ki, guya Azərbaycanda yaranmış İP adlı bir qurumun 10 mindən çox üzvü var. Təbii ki, Əli Kərimov özü yaxşı bilir ki, İP adlandırılan bir təşkilatın ətrafında heç 2000 nəfərə yaxın adam yoxdur. Lakin o, avropalılara belə bir yalan söyləməklə həm öz gücüsüzlüyünü, həm də xaricdən dəstək almaq istədiyini sübut edib. Əli Kərimov çox yaxşı anlayır ki, Azərbaycanda xalq onun ambisiyalarının reallaşmasına heç bir zaman dəstək verməyəcək. Ona görə də, Əli Kərimov məcburdur ki, bu dəstəyi xaricdə axtarsın.
Digər tərəfdən, Əli Kərimovun 10 min nəfərdən dəm vurması da heç bir məntiqə sığmır. Çünki adi bir piketə 100 nəfərdən çox adam yığa bilməyən bir müxalifət rəhbərinin belə bir yüksək rəqəm söyləməsi ən azından siyasi səbatsızlığın göstəricisidir.
"Şpigel" və Əli Kərimov təxribat törətməyə cəhd göstərir
Bunlarla yanaşı, müsahibədə geniş şəkildə təxribatçı suallardan da istifadə olunduğunun şahidi oluruq. Sanki, "Şpigel"lə Əli Kərimov Azərbaycanın geosiyasi vəziyyətilə bağlı təxribatçı fikirlər səsləndirməklə, regionda böhranlı şəraitin formalaşdırılmasına cəhd göstərirlər. Jurnalın müxbiri Əli Kərimova İsrailin Azərbaycanda hansısa bazasının olması ilə bağlı sual verir, AXCP sədri bu təxribatçı sualı öz cavabı ilə necə lazımdırsa bəzəyir. Bu fakt özü bir daha göstərir ki, Əli Kərimov də, "Şpigel" də Azərbaycanın regiondakı nüfuzuna xələl gətirmək, rəsmi Bakının qonşu dövlətlərilə olan münasibətlərinə zərbə vurmaq istəyən qərəzli qüvvələrin sifariş yerinə yetirənləridir.
Bir müdət əvvəl "Foreign Policy" jurnalı belə bir iddia ilə çıxış etmişdi, indi də Əli Kərimov. Bütün təhlillər sübut edir ki, Əli Kərimov da "Şpigel"in, "Foreign Policy" jurnalının xidmət göstərdiyi anti-Azərbaycan dairələrinə işləyir. Bu cür hərəkəti yalnız Vətənini, xalqını sevməyənlər edə bilərlər. Görünür, Əli Kərimov də Vətənini, xalqını sevməyənlərdəndir...
"Azadlıq.az"dakı forumun qeyri-obyektivliyi və ya Əli Kərimovun özü ən böyük diktatordur
Bir məqamı da vurğulamaq yerinə düşər. Qeyd edək ki, Əli Kərimovun müsahibəsinin təqdim olunduğu "Azadlıq" qəzetinin saytında müsahibə ətrafında açılmış forumda kənar fikirlərin yer almasına imkan yaradılmır. Yalnız Əli Kərimovun hərəkətlərini təqdir edən yazılar forumda yerləşdirilir. Biz dəfələrlə foruma Əli Kərimovun atdığı addımların səhv olmasını sübut edən faktlar əlavə etsək də, onların yayımlanmasına moderator mane olub. Bunun özü də bir daha bəzi qaranlıq məqamlara işıq tutur:
- Birincisi, Əli Kərimov özü bu qədər məlumat və özünüifadə azadlığını pozursa, adi vətəndaşlara onun hərəkətlərilə bağlı fikirlər səsləndirməyə şərait yaratmırsa, o zaman, o, hansı haqla demokratiyadan dəm vurur? Buradan çıxan məntiq ondan ibarətdir ki, elə ən böyük diktator məhz Əli Kərimovun özüdür.
- İkincisi, Əli Kərimov özü haqqında xoş sözlər yazdırmaqla, sifarişçilərə göstərmək istəyir ki, insanlar guya onu dəstəkləyir və s.
Bir sözlə, söylənilənlər, Əli Kərimovun hansı məqsədə və kimlərə xidmət etdiyini detallı şəkildə sübut etmiş olur. Bütün insanlar aydın şəkildə görür ki, Əli Kərimov Vətəninə, xalqına xəyanət mövqeyi tutub. Bundan başqa, əlavə şərhə ehtiyac yoxdur...
"Səs" Analitik qrupu