"İctimai Palata"nın aprelin 8-nə təyin olunmuş mitinqi bir daha sübut etdi ki, "liderlər" tərəfindən mitinqöncəsi verilən pafoslu bəyanatlar özünü doğrultmadı. Belə ki, hələ saat 14-00-da aparılan müşahidələr də bunu deməyə əsas verir. Məsələ ondadır ki, 20-ci sahədə yerləşən stadiona toplaşmalı olacaq müxalifətçilər arasındakı gərginlikdən də məlum olurdu ki, saat 16:00-a təyin edilmiş mitinq öz sönüklüyü ilə yadda qalacaq. Hətta müxalifət partiyalarının (AXCP (i)-Müsavat) bayraqlarını paylamağa belə adam tapa bilməyən mitinq təşkilatçıları əllərinin altında olan üç-beş nəfər "gəncə" ətraf evlərdən uşaq toplamaq göstərişi verirdilər. Əlbəttə ki, həmin absurd göstəriş bilavasitə mitinq təşkilatçılarının əlimyandıda qalmalarına növbəti sübut idi. Məhz bir müddət sonra, təxminən saat 15:00 radələrində maykaları üzərində Azərbaycan dövlətçiliyinə qarşı çıxan adamların şəkilləri həkk olunmuş on-on beş nəfər "gəncin" bayraqboşaltma əməliyyatında işlədilməsi, mitinq təşkilatçılarının isə onları istismar etməsi gözlərdən yayınmadı. Sonradan həmin "gənclərin" mitinqin gedişatında da irəli səflərə doldurulması onların istismarından xəbər verirdi. Bir sözlə, "İctimai Palata"nın süniliyi 8 aprel aksiyasında da özünü qabarıq şəkildə nümayiş etdirmiş oldu.
Adam azlığından narahat olan "palatka" rəhbərləri
Saat 16-00-da başlamalı olacaq mitinq daha 30 dəqiqəyə yaxın gecikdirilərək, 16-30 radələrində başladı. Bu məqam isə bir daha onu deməyə əsas verdi ki, ümumiyyətlə, "İctimai Palata"nın Əli Kərimov-İsa Qəmbərov kimi inhisarçı "liderləri"nin öncədən etdiyi çağırışları cavabsız qalıb. Yəni qurum rəhbərlərinin iddia etdikləri "on minlərin" həmin mitinqə getməməsi, radikalizm faktorunun qəbul olunmaması kimi səciyyələndirilə bilər. Əlbəttə ki, ortada digər amillər də mövcuddur ki, həmin amillərdən biri də hakimiyyətin söz və ifadə azadlığını daim təmin etməsidir. Məhz həmin təminatın aprelin 8-də də reallaşması bütrövlükdə radikal partiya sədrlərinin dillərini qısa etməyə məcbur etdi. Ancaq mitinqin gedişində onların səsləndirdikləri şüarları yenə də öz acizliklərinin göstəricisi kimi qəbul olundu. Belə ki, aksiyada iştirak edən 1200 nəfərin 300-ə yaxın KİV əməkdaşları, qalanları isə partiya funksionerləri və onların yaxınları idi. "İctimai Palata"nın mitinq təşkilatçıları bundan qeyzlənərək, öz aqressiv üsullarını başqa cür izhar etməyə cəhd göstərdilər. Mitinqdəki adam azlığının günahını həyasızcasına hakimiyyətin üzərinə atmaq istəyən İbrahim İbrahimlinin "əks tədqirdə, şəhərə doğru hərəkət edərək, icazəsiz aksiya keçirəcəyik" kimi ifadəsi də onların aqressiyalarının öz zəifliklərindən dolayı üzə çıxmasının aşkar göstəricisi idi.
Onu da qeyd edək ki, hüquq-mühafizə orqanlarının əməkdaşları jurnalistlərin və mitinq iştirakçılarının təhlükəsizliyini təmin etməkdən ötrü yüksək peşəkarlıq nümayiş etdirirdilər. Təhlükəsizliyin təminatı üçün görülən işlərdən də qıcıqlanaraq, təxribat törətməyə çalışan "palatka" rəhbərləri bunu əllərində bayraq edərək, guya polisin stadion girişində "sıxlıq" yaratmaq istədiyini iddia edirdilər. Hansı ki, stadiona giriş olduqca sərbəst və hamı üçün açıq idi. Buna baxmayaraq, AXCP (i) sədrinin müavinləri Fuad Qəhrəmanlı və Nurəddin Məmmədli ətraflarında dayanmış üç-beş nəfər müxalifətçilərdən ruhlanaraq, az qala döyülüb-söyüldüklərini çığırıb-bağırmağa çalışırdılar. Əlbəttə ki, həmin çığırıb-bağırmaları "Azadlıq" radiosunun araqarşıdıran jurnalistləri, "Azadlıq", "Yeni Müsavat" kimi qəzetlərin müxbirləri qeydə alırdılar. Çünki bütün bu qondarma amillər sonradan xarici ağaları qarşısına çıxarılacaq "faktlar" kimi ortaya qoyulacaq və növbəti qrantların alınmasına xidmət edəcəkdi.
Ay duman, gəl-get...
Mitinq başlayarkən havanın günəşli olması "İctimai Palata" rəhbərlərinin keflərini kök etsə də, yaxınlıqdakı yüksək ərazilərdən gələn dumanlı hava şəraiti onların həmin keflərinə əməlli-başlı soğan doğradı. Ancaq bu məsələ barədə bir az sonra daha təfərrüatla məlumat verəcəyik. Belə ki, mitinq başlanan andan stadionun heç dörddən bir hissəsini belə doldura bilməyən aksiya iştirakçıları bayraq və şüar saxlamaqdan yorularaq, dərhal onları yerə tullayırdılar. Ancaq daha bir fakt ondan ibarətdir ki, AXCP (i) və Müsavatın bayraqlarını ora-bura atan "gənclər" dövlət bayrağına qarşı da hörmətsizlik nümayiş etdiriblər. Ancaq mikrofon qabağında gur-gur "millətdən" guruldayan "liderlər" nədənsə həmin biabırçılığı görmürdülər. Ümumilikdə isə, 8 aprel aksiyası da digər aksiyalar kimi öz sönüklüyü və biabırçı sonluğu ilə müxalifətin qara tarixinə yazıldı.
Yuxarıda qeyd etdiyimiz kimi, mitinqin gedişatında pərakəndə şəkildə üç-üç, beş-beş dayanmış insanlar öz aralarında tamamilə başqa mövzulardan söhbət edir, ayaq üstə dayanmaqdan yorulduqlarını bildirirdilər. Hətta yaxınlıqda olan yaşayış evlərinin sakinləri də dağınıq səs-küydən, 500-600 nəfərin evlər ətrafında veyil-veyil ləngər vurmalarından şikayətlənirdilər. "Liderlər" isə boş-boş çərənləyərək, mikrofonu bir-birlərinə ötürürdülər.
Ancaq bu yerdə qəfil dumanın stadionun içinə doğru hərəkət etməsi, havanın isə anidən soyuması onların sözlərini ağızlarında qoydu. Daha dəqiq desək, Müsavat başqanı İsa Qəmbərovun "haray-hurayı" ağzında qaldı və mitinqə könülsüz gələn adamlar dərhal stadionun ərazisini tərk etməyə başladılar. Bu isə daha öncədən verilən proqnozların özünü doğrultması idi. Yəni "İctimai Palata" rəhbərlərinin budəfəki mitinqlərini də hakimiyyət deyil, hətta onları qəbul etməyən hava pozdu. Hər halda bunların mövsümi müxalifət olduqları yenə də öz təsdiqini tapmış oldu. Tələm-tələsik şəkildə növbəti mitinqin keçirilmə tarixini bəyan edən İ.Qəmbərov və Ə.Kərimov unutdular ki, aprelin 22-si allahsız bolşeviklərin rəhbəri Vladimir İliç Leninin anadan olmasının 132-ci ildönümüdür. Necə deyərlər, qan çəkir...
RÖVŞƏN RƏSULOV
P.S. Aprelin 22-də də Leninin anadan olmasının 132-ci ildönümü günü mitinq keçirəcəklərini bəyan edən İsa Qəmbərov və Əli Kərimova xüsusi məsləhət: Həmin gün "İctimai Palata"nın azsaylı tərəfdarları öz başları üzərinə Leninin şəkillərini qaldırsalar, daha yaxşı olardı. Çünki onların və özlərinin təfəkkürləri bolşevik təfəkküründən o yana getmir.