"İctimai Palata"nın aprelin 8-də keçirdiyi mitinqin daha çox piketə bənzəyəcəyi daha öncədən də bir sıra siyasilər tərəfindən proqnozlaşdırılırdı. Belə ki, bu barədə Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzov da qeyd etmişdi. Bu fakt isə onu deməyə əsas verir ki, radikal müxalifət liderlərinin aksiyalardan öncə müxtəlif iddialarla çıxış etmələri, mitinqlərinin "kütləviliyi" haqqında dəm vurmaları, əslində, öz dividendlərinə qazanc gətirməyi planlaşdıran qeyri-ciddi çıxışlardır.
Çünki nə elektorat baxımından, nə də ki, digər resurslar baxımından istər "İctimai Palata"nın, istərsə də ayrı-ayrılıqda fəaliyyət göstərən müxalifət partiyalarının gücləri tükənib və düşərgənin kütlə kimi təqdim etməyə cəhd göstərdikləri beş-on nəfərlə mitinq keçirmək mümkünsüzdür. Bu barədə onların özləri də dolayısı ilə etiraflar edirlər. Düzdür, radikal funksionerlər təmsil olunduqları düşərgənin, yaxud da qurumun acizliyini ört-basdır etmək üçün müxtəlif səpgidə özünütəsəlli tipli şərhlər versələr də, bu, onlarda inandırıcı alınmır.
Məsələn, AXCP (i) ali məclisinin sədri Həsən Kərimov "Azadlıq" qəzetinə verdiyi açıqlamasında deyir ki, 8 apreldən fərqli olaraq, planlaşdırdıqları 22 aprel mitinqi "möhtəşəm olacaq". Yəni bu, onu deməyə əsas verir ki, həqiqətdə 8 aprel aksiyası heç də möhtəşəm olmayıb və bu amil özləri tərəfindən təsdiq edilir. Digər tərəfdən, öz gücsüzlüklərini hakimiyyətin üzərinə yıxmaqla canlarını qurtarmaq istəyən "İctimai Palata" mənsubları adam azlığını, sosial bazalarının tükəndiyini guya "yaradılmış süni maneələrdən" qaynaqlandığını iddia edirlər. Bildirirlər ki, mitinq zamanı guya nəqliyyatların hərəkətlərində fasilələr yaradılmışdı (?!) Lakin şəxsən mitinqi (piketi) izləyən jurnalist kimi deyə bilərəm ki, saat 14-00-dan orada idim və aksiya başa çatana qədər sərnişin daşıyan nəqliyyatın istifadəsində ümumiyyətlə fasilələr olmamışdı. Hətta rayon istiqamətlərindən gələn avtobuslar da şəhərə rahat şəkildə daxil olurdular.
Məhz buradan da belə bir nəticəyə gəlmək mümkündür ki, öz acizliklərini müxtəlif qondarma iddiaları ilə malalamağa səy göstərən "İctimai Palata" yetkililəri bütün mənalarda gücsüz, zəif, xalq tərəfindən dəstəklənmədiklərini ifadə edirlər. "Cəbhə" funksionerinin "22 aprel mitinqinə qalan vaxt ərzində aksiyanın kütləvi olması istiqamətində işlər aparacağıq, mitinqlərə çağırış etməyi düşünürük" deməsi də sadəcə imitasiya təsiri bağışlayan açıqlamalardan biridir. Çünki demək olar ki, hər bi aksiyaöncəsi cəmiyyət bu kimi pafoslu bəyanatların şahidi olub. Nəticəsi isə göz qabağındadır.
"İctimai Palata"nın inhisarçıları siyasi təşkilatlarından digəri, Müsavat partiyasının yetkililəri də öz acizliklərini müəyyən mənalarda etiraf etmək məcburiyyətindədirlər. Təşkilatın başqan müavini Gülağa Aslanlı da bu barədə danışarkən, deyib ki, guya növbəti mitinqdə iştirakçıların sayı artacaq. Belə çıxır ki, 8 aprel mitinqində iştirakçıların sayı az olub və həmin faktor aksiom kimi radikal müxalifət funksionerləri tərəfindən dolayısı ilə səsləndirilir. Başqa tərəfdən isə, 8 aprel aksiyasında iştirakçıların sayının olduqca az olması G.Aslanlının digər açıqlamasında da özünü büruzə edir: "Mitinqə gəlməyən çox sayda insan növbəti mitinqdə iştirak edəcəklərini bildiriblər". Yəni keçirilmiş aksiyanın sönük olması həmin ifadədən də məlum olur.
Növbəti mitinqin isə baş tutacağını indidən iddialarla söyləmək ümumiyyətlə mümkün deyil. Çünki bütün hallarda radikalizmin xalq tərəfindən rədd edilməsi, ictimaiyyətin bu cür siyasətə dəstək verməməsi fakt olaraq qalmaqdadır. Hər halda, aprelin 22-sində də bunun şahidi olacağıq.
RÖVŞƏN