Bu gün müxalifətin acınacaqlı və pərakəndə şəkildə fəaliyyət göstərməsi, eləcə də, fəaliyyəti istiqamətində daha çox fəaliyyətsizliyinin qabarıq olaraq nümayiş olunması artıq düşərgə təmsilçiləri tərəfindən də etiraf olunmaqdadır. Yəni bir çox tanınmış müxalifət funksionerləri, eyni zamanda, partiya sədrləri sözügedən reallıqları artıq təkzib etmək gücündə deyillər. Belə ki, bu dəfə həmin etirafı AMİP mərkəzi şurasının üzvü Əli Oruclu edib. Onun bildirdiyinə görə, müxalifət daxilində açıq və ya gizli bir rəqabət hiss olunur və həmişə olduğu kimi, bu dəfə də uğursuzluq qaçılmazdır: "Müxalifətin pərakəndə fəaliyyəti, təbii ki, öz sözünü deyir. Azərbaycan müxalifəti ən güclü vaxtlarında belə pərakəndə şəkildə fəaliyyət göstərib. Bunun da müxtəlif səbəbləri var və həmin səbəblər hamıya məlumdur, onun izahına ehtiyac yoxdur. Hesab edirəm ki, bütün müxalifət düşərgəsini bir araya yığmaq cəhdi sadəcə həlli sıfıra bərabər olan tənlik kimi bir şeydir". "Müxalifətin birləşəcəyinə və vahid namizəd üzə çıxaracağına inanmıram" deyən AMİP yetkilisi onu da bildirib ki, bunu uzun zamanın təcrübəsi belə deməyə əsas verir: "2013-cü ilin prezident seçkilərinə müxalifətin vahid namizədlə qoşulması həlli çətin olan məsələdir". Bu kimi açıqlamaların verilməsi isə bir daha onu deməyə əsas verir ki, bu günün müxalifəti heç də yeni, müasir və təkmilləşmiş müxalifət deyil, əksinə olaraq, hələ də köhnə təfəkkürü ilə yaşayan və xəyallara dalan siyasi təşkilatlar toplumudur. Və göründüyü kimi, bu amili müxalifətin tanınmış simaları da etiraf etmək məcburiyyətindədirlər.
RÖVŞƏN RƏSULOV