PDF Oxu

Müxalifət

  • 11

“İctimai Palata”nın mitinq cəhdləri dövlətçilik maraqlarına xidmət etmir

“İctimai Palata”nın mitinq cəhdləri dövlətçilik maraqlarına xidmət etmir

Radikal müxalifət düşərgəsində qondarma fəaliyyəti ilə seçilən "İctimai Palata"nın yaz gələn kimi küçələrə çıxma cəhdləri həm ictimaiyyət, həm də bir çox siyasilər tərəfindən ciddi qəbul olunmamaqla yanaşı, istehzalarla qarşılanmaqdadır. Eyni zamanda, "palatada" inhisarçılıq edən AXCP (i) sədri Əli Kərimovun, Müsavat başqanı İsa Qəmbərovun əllərinə düşən hər məqamda antidövlətçilik maraqları ilə çıxış etmələri də heç kimə sirr deyil.


"Eurovision" yarışması öncəsi təxribatlar törətməyə çalışan "liderlər" bunu özlərinə "şərəf" bilirlər


Bu əsnada qeyd etmək mümkündür ki, ümumiyyətlə, hər bir ölkədə ümumxalq hadisələri iqtidarlı-müxalifətli olaraq birgə qəbul olunur və burada dövlətçilik əleyhinə olan hər bir addım xəyanət kimi qiymətləndirilir. Lakin təəssüf ki, özlərini Azərbaycanın "ənənəvi müxalifəti" kimi təqdim etməyə cəhd göstərən köhnəlmiş siyasətbazlar ölkədə "Eurovision" yarışması öncəsi təxribatlar törətməyə çalışır və bunu özlərinə "şərəf" bilirlər. Hansı ki, buna mənəviyyatsızlıqdan başqa ad vermək mümkün deyil. Buna misal olaraq Gürcüstanda 2008-ci ildə baş verən hadisələri göstərmək olar. Qonşu dövlət müharibə şəraitində olduğu bir zamanda ölkənin müqəddəratı həll olunarkən, həmin ölkədə iqtidarla müxalifət qüvvələri bir araya gəldilər və Gürcüstanın dövlətçilik mənafeyini də birgə şəkildə qorudular. Ancaq buradakı müxalifətçiləri belə əhəmiyyətli məqamlar maraqlandırmır. Çünki onların əsas məqsədi dövlət və xalqın mənafeyini, müqəddəratını düşünmək deyil, öz maraqlarını müxtəlif sifarişlər qarşılığında təmin etməkdir. Bunun isə bir adı var: xəyanət.


Nağıllara isə heç kim inanmır


Məhz 22 aprel aksiyasından dəm vuran "İctimai Palata" səlahiyyətlilərinin də məqsədləri bundan ibarətdir. Söz yox ki, həmin hal bir neçə gün öncə - 8 apreldə də təkrar olunmuşdu. Ümumilikdə, hüquq-mühafizə orqanlarının və mətbuat nümayəndələrinin iştiraklarını çıxsaq, həmin mitinqdə bir neçə yüz nəfərin iştirak etdiyini görərik. Bu isə, həm də onu deməyə əsas verir ki, bu gün onların iddia etdikləri kimi minlərlə insan onları dəstəkləmir. Ətraflarına topladıqları isə öz yaxın qohum-əqrəbalarından başqa heç kimlər deyil.

Digər tərəfdən, 8 aprel mitinqlərində qaldırdıqları şüarlar, transparantlar da onların kimə xidmət etmələrini təsdiqləyən amillərdəndir. Müxtəlif xarici dillərdə yazılmış şüarlarla onlar öz ağalarına necə xidmət etmələrini nümayiş etdirmək istədilər. Lakin bu da onlarda yaxşı alınmadı. Çünki onların bəzi Qərb maliyyə ödəyiciləri də artıq müxalifətin tükəndiyini dərk etməyə başlayıblar.

22 apreldə guya "daha möhtəşəm mitinq" keçirəcəklərini iddia etmələri ilə "İctimai Palata" nümayəndələri, əslində, qarşılaşacaqları acınacaqlı durumu indidən sığortalamağa çalışırlar. Söz yox ki, havaların mülayim keçməsindən istifadə etmək istəyən radikal müxalifət "liderləri" bundan sonra da pafoslu bəyanatlara çıxışlar edib ictimaiyyəti çaşdırmaq yolunu tutmağa səy göstərəcəklər. Ancaq bir həqiqət də budur ki, hazırlaşdıqları 22 aprel mitinq-aksiyası onların 8 aprel nağılının növbəti səhifəsi olacaq. Nağıllara isə heç kim inanmır.


R.Hüseynova

Digər xəbərlər